Bahar Muradova İrəvanın Ermənistana paytaxt kimi verilməsindən danışdı

Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq.

Oxu.Az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisdə (MM) Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri ilə görüşdə “Azərbaycanda parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda çıxış edən vitse-spiker Bahar Muradova bildirib.

“Azərbaycan cəmiyyəti, hər bir kəs müstəqil Azərbaycan dövləti qurmaq üçün canlarından belə keçməyə hazır olmuş insanları, Cümhuriyyət qurucularını ehtiramla yad etməlidir”, – deyən B.Muradova çıxışında qeyd edib ki, Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər:

“Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Azərbaycan parlament mədəniyyəti, ənənələri kənardan gətirilməyib”.

B.Muradova bildirib ki, parlament üsul-idarəsi kifayət qədər demokratik idarəetmə formasıdır:

“Xalq Cümhuriyyətinin qurucuları Zaqafqaziya Seymi dağılandan sonra Milli Şuranı formalaşdırıb”.

B.Muradova deyib ki, Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb:

“Ermənistan həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycan ərazilərinə iddia ilə çıxış edib. Milli Şuranın İrəvanı (indiki Yerevan şəhəri – red.) Ermənistana paytaxt kimi verməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik. Ancaq buna baxmayaraq, Milli Şura tariximizdə böyük, müsbət rol oynayıb.

Milli Şuranın əsas xidməti İstiqlal Bəyannaməsini, müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakını işğaldan azad etmək olub. Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib”.

Vitse-spiker nəzərə çatdırıb ki, Milli Şura Zaqafqaziya Seymi əsasında təşkil edilib:

“Parlament seçkilərini keçirmək mümkün olmasa da, Milli Şuranın tərkibi genişləndirildi, nəticədə, 1918-ci ilin dekabrın 7-də parlament ilk işinə başladı. Parlament Azərbaycan dövlətçiliyi üçün mühüm qərarlar qəbul etdi. Bir neçə dəfə hökumət formalaşdırılmasına baxmayaraq, parlamentdə bir çox mühüm qərarlar qəbul edildi. Həmin dövr Azərbaycan parlamentinin qızıl dövrü idi”