Bağlanmaq təhlükəsi ilə üz-üzə qalan idman klubu prezidentə müraciət etdi

“Ağsu Siti” maliyyə çətinliyi ilə üzləşməsi barədə müraciət yayıb.

Sozcu.az həmin müraciəti təqdim edir:

Əziz və dəyərli ağsulular və “Ağsu Siti” azarkeşləri!

Bildiyiniz kimi keçən il yaranan klubumuzun əsas məqsədlərindən biri ağsulu gəncləri narkomaniyadan, içkidən və başqa zərərli vərdişlərdən uzaq tutmaq idi. Bu günə qədər klubun rəhbəri Rəmzi Eminli klubu özünün şəxsi büdcəsindən maliyyələşdirib. Nəzər alaq ki, hər oyuna şəxsi büdcəsindən 2400-2600 manat məbləğində vəsait xəricləyib. Rəmzi müəllim bütün bunları heç bir məfəət güdmədən, Ağsuda idmanın inkşafı üçün edib. Dövlətimizin başçısı, cənab prezidentimiz İlham Əliyevin gənclərə və idmana göstərdiyi diqqət və qayğısını bir neçə məmurlara nümunə göstərsək də, məmurlar “Agsu Siti”dəstək olmaqdan boyun qaçırdılar. Bir çox iş adamları isə verdikləri sözə əməl etməyərək, klubumuzu və gənclərimizi tək buraxdılar. “Ağsu Siti”yə dövlət dəstəyi olmadığı üçün klubumuz bazar günü keçiriləcək “İmişli” ilə oyundan sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.

Biz, “Ağsu Siti” komandası adından Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına müraciət edərək, yarandığı qısa bir zaman içində ciddi nailiyyətlər qazanan klubumuza dəstək olmağı xahiş etdik. Cənab prezidentin idmana və gənclərə qayğısı hər zaman örnək olub. Ağsuda sağlam gənclərin formalaşmasında özünəməxsus rolu olan “Ağsu Siti” komandasına göstəriləcək dəstək, rayon gənclərinə göstərilən ən böyük diqqət və qayğılardan biri olacaq. Çox təəssüf ki, prezidentin idmana qayğısı hələ də bir çox məmurlar üçün nümunəyə çevrilə bilməyib. Əslində bizlər dəstək üçün məmurlara, iş adamlarına müraciət etməli olsaq da, bunlar özlərinin məsuliyyətlərini dərk etmədikləri üçün prezidentə müraciət etmək məcburiyyətində qaldıq.

Biz gənclər inanırıq ki, cənab prezident bizim müraciətimizi cavabsız qoymayaraq, məmurlar və bütövlükdə cəmiyyətimiz üçün növbəti xeyirxah dəstək nümunəsi göstərəcək”.