Bəlkə papağımızı qarşımıza qoyub düşünək?

Elşən Əlisoy
Sozcu.az saytının rəhbəri

Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə olunması, daha doğrusu, həyata qaytarılması üçün Türkiyəyə aparıldı. Ömrünün böyük bir hissəsini Azərbaycanda demokratik cəmiyyətin formalaşması üçün fəda edən və hər bir məzlumun səsi olan Oqtay Gülalıyevin müalicəsini boynuna götürən isə Oqtay bəyin döyüşdüyü tərəf – Hakimiyyətin 1-ci ledisi oldu. Həm də mənşəyi hər birimizə məlum olan məlum fondun vəsaiti ilə. Bəzi adamlar qınaq etdi, bəzilərimiz üçünsə Oqtay bəyin sağalıb ayağa durması hər şeydən öndə olduğu üçün susduq. Hətta içimizdə etiraz olsa belə…

Blogger Mehman Hüseynovun yazdığı status məni Əbülfəz Elçibəyin həyat yoldaşının yas xərclərini hakimiyyət tərəfindən çəkilməsindən də, BƏYin həyat yoldaşının yas mərasiminin Heydər Əliyevin adını daşıyan xeyir-şər evində verilməsindən də bərk sarsıtdı. “Oqtay Gülalıyev üçün nəzərdə tutulan məbləği yığa bilmədik, bu qədərmi acizik? Biz bu vəziyyətdə nə etməliyik? Necə etməliyik? Kimə sığınmalıyıq?” Haqlı və düşündürücü sual deyilmi?! Yəni xalq olaraq vicdan hissini tam olaraq itirmişikmi?

…Və vicdanını itirmiş bir xalqın haqqı uğrunda canını fəda etməyə dəyərmi…?

Məni ən çox sarsıdan məsələrdən biri, Azərbaycanda təhsilin formalaşmasında ciddi xidmətləri olan, xalqın rifahı üçün milyonları xərcləyən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömrünün son günlərində yaşadığı acı bir hadisə olub. Ömrünün və var-dövlətinin böyük bir hissəsini xalqın inkşafına, təhsilinə, səhiyyəsinə, ümumiyyətlə formalaşmasına xərcləyən bu böyük insanın var-dövlətini bolşeviklər əlindən alır və hacı ömrünün kasıb günlərini yaşamağa başlayır. Qanı qanımızdan olan və həmin məhəllədə qəssablıq edən bir azərbaycanlı, Hacı Zeynalabdin Tağıyevə ət pulu borcu olduğu üçün ət vermir. Deyilənə görə, hacının ölümünə səbəb də bu hadisə olub. DƏHŞƏTDİR… Bu hadisəni oxuyanda ucadan hayqırmaq, qarşıma çıxan hər adama: “nə olar, sizi düşünənlərə az da olsa dəyər verin” demək istədim. Ancaq kimdir nə istədiyimi anlayan…

Bir neçə illər öncə Gürcüstandan Azərbaycana qonaq gələn bir nəfər gürcü ilə Ağsunun kəndlərinin birinə getmişdik. Yolun kənarı ilə bir neçə qadın bellərinə odun şələsi yükləyərək gedirdilər. Bu zaman mən gürcüyə: “görürsünüzmü sizi nə qədər çox istəyirik? Özümüz odun yandırıb, sizə qızınmaq üçün qaz veririk” dedim. Gürcü mənə bir qədər baxdıqdan sonra: “siz heç bir vaxt özünüzə dəyər verməmiziniz” – deyə cavab verdi. Heç nə demədim…

Gözümüzün önündə kimlər öldürülmədi, kimlər şikəst edilmədi? Susduq, gözlərimiz kor, qəlbimiz daş oldu. Şəhid ailələrinə susduq, qazilərimizə susduq və haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik. Nə vaxta qədər…?!

Dövlətimizin ikinci müstəqilliyinin banisi, hər gün fəxrlə danışdığımız Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin evinin Mehriban Əliyeva tərəfindən təmir edilməsi xəbərini oxuyub, iradlarımızı bildirdik. Hətta bəziləri biraz da irəli gedərək, Elçibəyin ailəsini Elçibəyçi olmağa səslədi.

Bəlkə nə qədər gec deyil papağımızı qabağımıza qoyub düşünək?!

Bir neçə il öncə Əbülfəz Elçibəyin ailəsinin elektrik borcu olduğu üçün “Azərişiq” tərəfindən evlərinin işığı kəsilmişdi. Xəbər mətbuata çıxana qədər hansı birimizin bundan xəbəri oldu? Ümumiyyətlə, Əbülfəz Elçibəyin ailəsinin durumu ilə kimsə maraqlanırdımı?

And içərəm ki, bu gün Elçibəyin adını özünə şüar seçən təşkilat rəhbərlərinin belə bundan xəbərləri yox idi. Liderə bağlılığımız da bu gündədir…

Son zamanlar isə ən çox müzakirə etdiyimiz məsələlərdən biri milli dəyərlərin nə olmasıdır. Dəyərlər gözümüzün önündə məhv olur, biz isə dəyər axtarırıq. Yani bu qədər…?

Torpaq ermənidə, erməni Bakıda, bizlər yuxuda…