Azərbaycan Türkiyənin Suriyada başladığı hərbi əməliyyatı dəstəkləyir

Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb

Azərbaycan Türkiyənin Suriyanın şimal-qərbində apardığı hərbi əməliyyatları dəstəkləyir.

Sozcu.az xəbər verir ki, Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi xatırlanaraq qeyd olunur ki, beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir:

“Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcəkdir”.

Türkiyə oktyabrın 9-da Suriyanın şimal-şərqində “Sülhün mənbəyi” adlı hərbi əməliyyata başlayıb. Prezident T.R.Ərdoğan əməliyyatın məqsədinin bu ərazini terrorçulardan təmizləmək olduğunu bəyan edib.

Ankaranın bu addımı Donald Trampın ABŞ qoşunlarını kürdlərin çoxluq təşkil etdiyi Suriyanın şimalından çıxarmaq qərarından sonraya təsadüf edir.

Bildirilib ki, Türkiyə Suriyanın şimalında “təhlükəsiz zona” yaradaraq 2 milyonadək suriyalı qaçqını oraya yerləşdirməyi planlaşdırır.

Bir sıra Avropa və ərəb dövlətləri Ankaranı Suriyanın ərazi bütövlüyünü pozmaqda ittiham edib.

Oktyabrın 11-də buna etiraz edən bir qrup ukraynalı da Türkiyənin bu ölkədəki səfirliyi önünə toplaşıb. Ukrayna mediasının yazdığına görə, Türkiyə səfirliyinin əməkdaşları aksiyaçılara hücum edib, onların əlindəki plakatları cırıb.

Türkiyədə Suriya Demokratik Güclərinin “Türkiyə vətəndaşları vurur” şərhini xəbərə çevirən media mənsubları da saxlanılıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyaya qarşı başladılan əməliyyatla əlaqədar 78 nəfərə qarşı məhkəmə iddiası qaldırılıb.