Azərbaycanın Avropa Şurasından çıxarılması üzrə prosedur işə salınlır

ReAl Partiyasının sədri İlqar Məmmədov Azərbaycanın Avropa Şurasından çıxarılması üzrə prosedurun başlanılması üçün qurumun Nazirlər Komitəsinə etdiyi müraciətlə bağlı müsahibə verib.

Sozcu.az həmin müsahibəni təqdim edir:

– İlqar bəy, Avropa Şurası Nazirlər Komitəsinə Azərbaycanın Avropa Şurasından çıxarılması üzrə prosedurun başlanılması üçün 3 təqdimat verdiyinizi açıqlamısınız. Məqsəd nədir?

– Məqsəd Konvensiyanı mürtəce, repressiv rejimlərdən qorumaqdır. Əgər Avropa İnsan Haqları Konvensiyasını kobudcasına pozduğuna görə Azərbaycan hakimiyyətinə heç nə olmasa, deməli, başqa dövlətlər də Konvensiyanın tələblərini pozmaqda fəallaşacaqlar və Konvensiya daha nə Azərbaycanda, nə də qalan Avropada heç kimi müdafiə etməyəcək.

– Bu müraciət konkret sizinlə bağlı qərarın rəsmiləşdirilməməsinə görədir, yoxsa başqa səbəblər də var?

– Azərbaycan Şura tarixində yeganə üzv ölkədir ki, onun Avropa Şurası qarşısında üzvlük öhdəliyinin yerinə yetirməməsi haqda Avropa məhkəməsinin qərarı var. Bu qərar mənim deyil, Nazirlər Komitəsinin müraciəti əsasında qəbul olunub. Yəni, başqa dövlətlərin öz üzvlük öhdəliyini yerinə yetirməməsi haqda AŞPA-nın və ya digər Şura qurumunun siyasi rəyi ola bilər və var da. Amma məhz məhkəmə qaydasında belə hal ancaq Azərbaycana gəldikdə mövcuddur. Məhkəmənin bu qənaətinin səbəbi isə bəli, mənim işimlə əlaqədardır. Məhkəmə 2019-cu ilin mayında deyib ki, Azərbaycan hakimiyyətinin İlqar Məmmədova qarşı 2013-cü ildə tutulmasından başlayaraq atdığı bütün addımlar hüquqi baxımdan etibarsızdir. Yəni, 2014-cü ildə verdiyi bəraəti daha da sərt şəkildə ifadə edib və bildirib ki, Azərbaycan öz üzvlük öhdəliyinə hörmət etmir.

– Azərbaycanın Avropa Şurasından çıxarılması Azərbaycana, eləcə də Avropa Şurasına nə verəcək?

– Hələlik söhbət dərhal çıxarılmaqdan getmir. Prosedurun başlanılmasından gedir. Belə prosedur başlanılsa, Azərbaycan cəmiyyətində bir ciddi müzakirə açılacaq ki, bu üzvlük bizə lazımdır, ya yox. Cəmiyyət özü qərar verəcək. Əgər lazımdırsa, onda xalq hakimiyyətə təsir göstərib üzvlük öhdəliklərimizin yerinə yetirilməsinə nail olacaq. Yox, lazım deyilsə, onda Azərbaycan Avropa Şurasından xaric ediləcək və bu, Avropanın sivilizasion nailiyyəti olan Konvensiyasını başqa mürtəce rejimlərdən qoruyacaq. Konvensiyamızı belə rejimlərin tapdağı altına ata bilmərik.

– Məsələnin başqa tərəfindən baxdıqda, Azərbaycan Avropa Şurasından çıxarılarsa Azərbaycan insanı pozulmuş hüquqları üçün hara müraciət edəcək? Qurumun siyasi məhbuslarla bağlı məruzəçisi var və bu məsələni diqqətdə saxlayır. Eyni zamanda Qarabağ münaqişəsinə diqqət göstərir. Avropa məhkəməsi hüququ pozulan insanların ümid yeridir. Amma Avropa Şurasından çıxarılmaq o deməkdir ki, bütün bunlardan Azərbaycan insanı kənarda qalacaq ki, bir çox hallarda bu, hökumətə sərf edir. Bunlar barədə düşünmüsünüzmü? Sizcə, bu, çıxış yoludurmu?

– Əgər Konvensiyanı unikal tərzdə pozduğuna görə Azərbaycan hakimiyyətinə qarşı indi belə sərt tədbir görülməsə, bir azdan başqa rejimlər də onu kobudca pozmağa başlayacaq və Konvensiya nə Azərbaycanda, nə də başqa ölkədə daha kimisə müdafiə etməyəcək, kiməsə heç yalançı ümid də verməyəcək. O cümlədən Qarabağın işğalı mövzusunda. Bunu anlamaq lazımdır. Kimsə aldanmasın. Amma təkrar edirəm, söhbət dərhal Şuradan çıxarılmaqdan getmir, ancaq çıxarılma prosedurunun başlanılması haqqındadır.

– Avropa Şurasının qətnamələrinin, qərarlarının Azərbaycanda yerinə yetirilməsi üçün başqa variantlar yoxdurmu? Bəlkə məsələ təkcə hökumətin bu qərarları yerinə yetirməməsində deyil, qurumun özünün daha dişsiz olmasındadır? Nə təklif edirsiniz? Hər şeyin konvensiya və qurumun tələbləri, eləcə də Azərbaycanın üzərinə götürdüyü öhdəliklər çərçivəsində həyata keçirilməsi üçün nə lazımdır?

– Konvensiyanın icra mexanizmləri Azərbaycan hakimiyyətinə gəldikdə axıra qədər istifadə olunub. Hətta tarixdə ilk dəfə 46.4-cü maddə tədbiq olunub və heç bir nəticəsi yoxdur. Qalır təkcə üzvlükdən xaric etmə prosedurunun başlanılması. , başlanılmalıdır. Azərbaycan hakimiyyəti yenə də dirənsə onda ya cəmiyyət onu məcbur edəcək, ya da daha üzv dövlət olmayacağıq. Xalq özü buna qərar verməlidir.(ASTNA)

Facebook Comments