“Azərbaycanda insanları pensiyasız qoymaq üçün labirintvari mexanizmlər qurulub”

“Daha denən paraşüt vermirəm” lətifəsini eşitməmiş olmazsınız. Bizdə də təxminən bənzər ssenaridə insanları paraşütsüz, bağışlayın pensiyasız qoymaq üçün labirintvari mexanizmlər qurulub”.

Sozcu.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.

R.Ağayev bildirib ki, əmək pensiyaları haqqında qanun zərərli və ağır əmək şəraitində erkən pensiya hüququ tanıyır: “Kişilər 60, qadınlar 55 yaşda pensiyaya çıxa bilər. Amma bu hüquqdan istifadə eləmək üçün 3 tələbi paralel ödəməlisən: kişilər üçün azı 25, qadınlar üçün 20 il staj olmalıdır, bu stajın ən azı yarısı siyahısı təsdiqlənən ağır və zərərli iş yerlərində olmalıdır, tələb olunan minimum pensiya kapitalı məbləğində kapitalı olmalıdır.

Bu mexanizmdə çox ədalətsiz 2 məqam var.

1) Adi pensiya hüququndan istifadə etmək istəyən şəxslər iki tələbdən birini ödəməlidir – ya 25 il stajı olmalı, ya da sığorta hesabında minimum məbləğdə pensiya kapitalı (Hazırda 28 800 manat) olmalıdır. Amma güzəştli pensiya hüququ olan şəxslər hər iki tələbi ödəməlidir – həm minimum staj, həm də minimum kapital. Hər iki təbəqənin yalnız 1 tələb əsasında pensiyaya çıxa bilməməsi hansı məntiqi arqumentlə əsaslandırıla bilər?

2) Adi pensiya hüququ olan vətəndaşlar üçün minimum pensiya kapitalını hesablamaq üçün 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) götürülr və nəticədə minimum pensiya kapitalının məbləği 28800 manat bərabər olur. Güzəştli pensiya hüququ üçün pensiya kapitalı 40800 manat tələb olunur. Çünki gözlənilən pensiya ödənişi aylarının sayı 204 ay götürülür – normal pensiyaya hüququ ilə müqayisədə 60 ay artıq. Bu həmin 60 aydır ki, guya insanlara erkən pensiyaya çıxmaq haqqı kimi tanınır.

Hansı məntiqlə hər 2 qrup üçün də pensiya kapitalının hesablanması üçün ayların sayı eyni götürülməmlidir ki? Axı adından göründüyü kimi, həmin 5 ili dövlət özü güzəşt edib. Güzəşt edilmiş müddət sonda güzəşt hüququnu pozacaqsa, bunun harası güzəşt oldu ki? Peşəkar bir monitorinqə ehtiyac var ki, bu ədalətsiz mexanizmlərin nə qədər insanın erkən pensiya hüququndan istifadə etməsinin qarşını aldığını üzə çıxarsın…”

Facebook Comments