Azərbaycan milli hərəkatının fəlsəfəsi haqqında…

Yasəmən Qaraqoyunlu

İşimiz çox zor. Azərbaycan milli hərəkatı elmi siyasi strateji tartışma və müzakirə  kültürü gəliştirməmiş. Eyni zamanda hələdə XXI əsrdə, Stratejiləri və fikirləri tartışmaz, ələştirməz, hələ də şəxsləri tartışır, ələştirir. Azərbaycanda Siyasət konsepsiyalar, prinsiplər və ideyalar üzərindən yürüdülməz, şəxsiyyətlər üzərində qurular. Və çox ilginc,  Güneydə də Quzeydə də hakim olan kollektiv şüurdan və düşüncələrdən fərqli düşünənlər, başqa cür düşünənlər, alternativlər linc edilir. Quzeydə filosof və yazıçı, akademik və şair  sağ qalmaq, yaşamaq və yazıb yaratmaq üçün mütləq şəkildə hakim partiyanın üzvü olmaq məcburiyyətində qalır və ya Prezidentin siyasətini dəstəkləməsi haqqında mesajlar ötürmək məcburiyyəti hiss edir. Axı niyə. Çünki bunu etməsə bütün karyera qapıları üzünə bağlanacaq və cəmiyyətdən dışlanacaq.  Hamı YAP çı, eyni zamanda  hamı H. Əliyevçi olmalıdır. Bu siyasi kursu dəstəkləməyənlər, fərqli siyasi mövqe sərgiləyənlər isə əksinə hakim partiyanın təbirincə “dövlətçiliyin düşmənləri”dir. Diqqət edin. Hakim Partiyanın və siyasi kursun dəstəkçisi olmursansa, fərqli düşünürsənsə “Dövlətçilik düşməni” damğası ilə “vurulursan”. Bu repressiyadır. 30 ildir hər zaman, hər gün bu cəmiyyətdə, işdə repressiya (işdən çıxarılmaq qorxusu, həbs edilmək qorxusu, qaçmaq qorxusu, övladlarımın aclıqla sınağa çəkilməsi qorxusu, şantaj olunma qorxusu təhlükəsini çiyinlərimdə, vicdanımda daşımışam, iliklərimə qədər hiss etmişəm).  İqtidar müxalifəti məhv edir, müxalifət iqtidarı düşmən elan edir. Ziyalı ortada yapayalnız.  Cəmiyyət aqressiya ilə yüklənmişdir. İnqilab qoxusu, çağırışları bütün cəmiyyəti ağuşuna almışdır.(Sunami  kimi bütün yaxşını və pisi ayırd etmədən silib süpürən inqilablara nifrət edirəm) Bu proseslər- vətəndaşın özünü realizə edə bilmədiyi cəmiyyətlər, diktatorlar doğuran cəmiyyətlərdir. Belə cəmiyyətlərdə hər bir fərdin, vətəndaşın  əzilməsi, şəxsiyyətinin sındırılması və faciələri haqqında toplanan minlərlə faktlar tarixin məhvər mənasının (humanizmin, ədalətin) və hüququn iflasının göstəricinə çevrilir. Ədalətin öldüyü cəmiyyətlərdə hamı hamıya qarşı savaş açar, bir-birini məhv edər.  Son 30 ildə acından ölən ailələrin, baltalanan qadınların, həbsxanalarda işgəncələr çəkən siyasi fəalların, işsizlikdən, təqiblərdən ölkədən qaçıb Avropa kamplarında ömür çürüdən insanlarımızın ah nalələrinin göylərə yüksəlməsi ədalətin öldüyünün göstəricisidir. Bəli. Bizim cəmiyyətimizdə Ədalət ölmüşdür.  Belə də olacaqdı.    Bu diktatorlar doğuran ideokratik mədəniyyətlərin və toplumların sorunları və gələnəkləri, hətta sonucda faciələridir.  Diktatorlar alternativləri linc edən toplumlarda yetişir. Alternativleri linc edən, yox edən bir toplum gelişməz, irəli getməz, uğur qazanmaz.  Diqqət etmişəm, Azərbaycanda, quzeydə də, güneydə də müxalifət liderlərinin də ( istisnalar da var), iqtidar liderlərinin də hər birində,  partiya və dərnək başqanlarının da hər birinin idarəetməsində və davranışlarında alternativlərlə uzlaşma və dialoq  yox, linc etmə cəhdləri və xarakterləri aparıcı xətt tutur. Bir  Şəxsiyyətin dəyəri, səviyyəsi və bir siyasi təşkilatın, konsepsiyanın, hökümət proqramının, nazirin dəyəri alternativlərə münasibəti ilə ölçülür. Alternativlərin linc edildiyi cəmiyyətlər fəlsəfə doğurmayan, fəlsəfə yaratmayan cəmiyyətlərdir.  Cümhuriyyətin çöküşündən və 400 min aydınımızın soyqırıma uğraması çağından  bu yana kiçik istisnalarla Fəlsəfəsi olmayan, fəlsəfə yaratmayan bir toplum olmuşuq. Cild cild kitablar yazmışıq, lakin kollektiv şüur, xarakter və hədəflər qoyan milli fəlsəfə yarada bilməmişik. Səbəb aydındır. Rusiya, İngiltərə protektoratlığındakı fars İran  əsirliyində milli fəlsəfənin yaradılması milli azadlığın təməllərinin qoyulması deməkdir və bu səbəblədə fəlsəfəmiz də “həbsxana” da can çəkişib.  Fəlsəfə yaratmayan toplumun, millətin gələcəyi yoxdur. Azərbaycanda alternativ düşüncə və siyasət fəlsəfələri ürətilmir, doğulmur. Çünki, biz alternativlərin məhv edildiyi cəmiyyət qurmuşuq. Azərbaycanda alternativlər məhv edilir.  Alternativlər fəlsəfələrdən doğular.Fəlsəfə Azərbaycanın alışdığı və həzm etdiyi düşüncə tərzi  kimi çoxdan çıxdaş edilmişdir.  Alternativləri linc edən, çoxsaylı alternativləri olmayan toplum çökər, alternativi olmayan diktatorun sonu ölümdür. Niyə fəlsəfə yarada bilmirik. Fəlsəfə alternativ düşüncələri dözümlü və xoşgörülü qarşılayan toplumlarda doğar. Fikirlerin linc edildiyi toplumda doqmalar,  inqilabçılar ve diktatorlar doğular. Fikirlerin linc edildiyi toplumda azadlıq doğulmaz, yetişməz. Filosof, yazar və şair diktatorun qarşısında deyil  yanında durarsa, o toplum, o dövlət bir gün çökəcəkdir. Siz bir son 30 ildə bizim bütün filosof, yazar və şairlərimizə baxın. Onların sərgilədikləri fikir və davranışlara baxın… Xorla analoqu olmayan uğurlu inkişafdan danışırlar…Alternativlərdən danışmazlar, çünki linc edilərlər…Hər yerdə linc edilmişlərin, ediləcəklərin əzabını görürəm.  Boşluqdur, böyük boşluqdur. Bu boşluqların ağrısı millətimin gözlərində əks olunmuşdur.

Son yüz ildə  Meydanlarda bağırdıq,  şüar verdik inqilablar etdik, biz İngilislərin dəstəyi və projeləri ilə Orta Doğunun ən böyük dövlətini, babalarımızın qurduğu öz dövlətimizi (Türk Qacarları) öz əlimizlə devirdik, çöktürdük, bu çöküşün adını Məşrutə İnqilabı qoyub, onu qəhrəmanıq tariximiz kimi öydük. Güneydə öz türk dövlətimizin fars dövlətinə, quzeydə bolşevik rus dövlətinə transformasiya olunmasında baş rol oynadıq, hər zaman inqilab etdik və öldük. Hər zaman məğlubiyyətlərimizi qələbə tarixi kimi qutladıq. Biz Bakıda 12 min türk-müsəlman qətl etmiş Şaumyana heykəl qoyduq, biz öz əllərimizlə öz torpağımızda quzeydə Ermənistan, güneydə Mahabad-Kürdüstan qurduq.   Bizim 300 ildə yaratdığımız tariximiz budur. Hər zaman inqilab etdik, böhranlardan çıxmaq üçün islahat ve yumşaq keçid siyasi mədəniyyəti sərgiləmədik, hər zaman biz (türklər, azərbaycanlılar, Babur, Türk-Qacar, Osmanlı dövlətlərimiz)  itirdik, uduzduq,  başqaları (ingilis,fars,erməni,rus) qazandı. Biz türklər, azərbaycanlılar, Babur, Türk-Qacar, Osmanlı dövlətlərimiz)   kiçildik, başqaları (ingilis,fars,erməni,rus) böyüdü, biz dövlət qurduq, başqaları o dövləti ağılla strateji ilə əlimizdən aldı. Hər zaman başqalarının (ingilis,fars,erməni,rus)  projelərinə yem olduq, başqalarının maraqlarına xidmet etdik (Rusiya,Amerika,Avropa,Fars-İran).

Biz özümüz özümüzə məxsus milli (Türk) siyasi stratejilər və fəlsəfələr doğurmadıq, yaratmadıq, Avropanı, Rusiyanı təqlid etdik. Hər zaman keçmişi öydük, gələcəyin qarşısını kəsdik. Babalarımızla fəxr etdik, gənclərimizi isə məhv etdik. Son 30 ildə “analoqu olmayan uğurlu inkişaflardan danışa danışa” Azərbaycanı gənclərimizin yaşaya bilməyəcəyi cəhənnəmə çevirdik.  Düşmənlərlə yox özümüzlə savaşdıq. Azərbaycan Coğrafiyasını qutsallaşdırdıq,  onun üzərində yaşayan milləti çökdürdük. Azərbaycanda dövlət fəlsəfəsi və siyasi söyləmlər Millətə yox, coğrafiyaya əsaslanmaqdadır.

Hal-hazırda, Güneyli-Quzeyli olaraq bütün Azərbaycanda, Milli Hərəkatımız içində  fikir və siyasət fəlsəfələri haqqında tartışmalar, müzakirələr milli hərəkatlmızın hansı basamaqda olduğunun göstəricisidir. Bu ağıl və bilgi ilə biz İran kimi, Orta Doğu kimi, Avrasiya kimi bir tarixi və strateji dərinliyi olan ölkədə və regionda milli maraqlarımıza uyğun bir strateji formalaştıra bilmərik, bilməmişik də. Düşünürəm ki, elmi-fəlsəfi kadrolardan yoxsun olan və dərnəklər səviyyəsində təmsil olunan  Milli Hərəkatımız   fəlsəfələşməli, elmə ve dərin tarixi bilgilərə əsaslanmalıdır. Ona görə ki, Azərbaycan Milli Hərəkatı  Orta Doğunu- Türküstanı, İkiçayarasını, Xorasanı, Əfqanıstanı, Hindistanı, Qafqazı, Rusiyanı, hətta Amerika-Avropa Birliyini, bütünlükdə Avrasiyanın  siyasi xəritələrini dəyişdirə biləcək və yeni geostrateji  dəngələr qura biləcək bir  hərəkatdır. Bu yeni bir dünyaquruculuğuna təkan verəcəkdir. Çünki Azərbaycan Heartlenddir. Coğrafi mövqeyi ilə birlikdə, fəlsəfi, elmi, ruhi və mədəni baxımdan da  Heartlend olmağa məhkumdur. Bu isə alternativləri linc etməkdən yox, alternativləri yaşatmaqdan keçir.

Biz,coğrafiya mərkəzli dünyagörüşümüzlə,düşüncə tərzimizlə təfəkkürümüzü Azərbaycana elə həbs etmişik ki, Öz böyük Türk tariximizi belə dərindən bilmirik. Farslaşdıq, ərəbləşdik, ruslaşdıq, ingilisləşdik, ancaq bir türlü türkləşmədik.Son 30 ildə Türkləşmənin qarşısı alındı, Rusiyanın periferiyası, əyaləti olan bir Azərbaycan quruldu.   Artıq Super güclərin stratejilərinin oyuncağı və ya periferiyası olmaq yox, Özümüzün (Türklərin, azərbaycanlıların) super güc olmamızın paradiqmalarını yaratmaq kimi üstün ağıl sərgiəmək zamanı gəlib çatıb. Nə Qərbin, nə Rusiyanın bir parçası, periferiyası olmaq yox, öz sivilizasiya identifikasiyamıza əsaslanan siyasət fəlsəfəmiz və milli stratejimiz qurulmalıdır.  Çox yönlü, çox vektorlu siyasət fəlsəfəmiz olmalıdır. Bu da müxtəif, alternativ  baxış acılarının, konsepsiyaların  yetişmesi və sonra sintezleşməsi ilə olmalıdır. Alternativləri linc etməklə yox, yaşatmaqla olmalıdır. Üretkən olmalıyıq. Yaradan olmalıyıq.  Çoxlu fikirlər və fəlsəfələr doğuran bir hərəkata çevrilməliyik. Ürətkənliyi bitən, tükənən  toplumlar diktatorluq qurmaqdan ötəyə  keçə bilmirlər. Bunlar olmadıqca,  qurmaq istədiyimiz  Bütöv Azərbaycanda doqma və diktatorlar yetişib Bütöv Azərbaycanı cəhənnəmə çevirə bilər. Alternativlərin linc edildiyi bir dövlət ərazi baxımından nə qədər böyük olursa olsun, dəyərlər baxımından kiçiləcəkdir. Dövlətlərin təkcə coğrafiyaları yox, ruhları da böyük olmalıdır. Təmsil etdikləri dəyərlər də böyük olmalıdır. Bütöv Azərbaycanda cəmiyyət diktatorial bir siyasi sistem quracaqsa, diktatorlar xortlayacaqsa, Bütöv Azərbaycan cəhənnəmə çevriləcəkdir, Necəki Quzey Azərbaycan bu gün əslində azad insan və azad düşüncə üçün bir cəhənnəmdir, amandır, qoymayın, güneydə də bunun simptomlarını görürəm.

Biz elə bir dövlət qurmalıyıq ki, orada fərd, ailə, cəmiyyət, millət və dövlət azadlığı bir birini tamamlasın. Biz Quzey Azerbaycanda elə bir dövlət qurmuşuq ki, o dövlətin içində, o dövlətin əli ilə millətimizin başı kəsilir, gələcəyimiz yox edilir. Qurduğumuz bu dövlət kimə işləyir, millətəmi yoxsa super güclərin maraqlarınamı, yoxsa konkret bir qrupa, bir klanamı. Təkcə dövlət qurmaq yetərli deyil, həm də necə dövlət qurmaq önəmlidir.  Mən Azərbacanda, Güneydə, Quzeydə toplumsal düşüncə və gələnəklərdə bolşevizmi və Stalinizmi görürəm.

Biz Milli Hərəkatımızda bolşevizmi yox etməliyik. Bolşevizm bir yöntəmdir və   millət qatilidir. Milli inkişafı durduran siyasi ve fikri inkişafı qapadan bir yöntəmdir. Çox təəssüf.

Azərbaycan Milli Hərəkatının fəlsəfəsi və söyləmləri məkan anlayışını və coğrafiyanı qutsallaşdıraraq, coğrafiya mərkəzli platformaya əsaslanır. Azərbaycan Milli Hərəkatı Milləti ve insanı əsas alaraq, millət mərkəzli platforma və söyləmlər formalaşdırmalıdır. Məkanla Millətin vəhdəti düşüncesini formalaşdırmalıyıq. Məkana qutsallıq bəxş edən Millətdir. Məkanı Vətənə çevirən Millətdir. Məkan Millət yaratmaz, Millət Məkanı  yaradar.  Böyük ruhlar hər zaman universalilərə qovuşmaq özləmi duyar. Ellinizm antik Yunanıstanda boğulmamaq üçün İsgəndəri doğurdu ki, daha geniş məkanlara yayılıb universalilərə qovuşa bilsin və özünün son məqsədinə-dünyaya biçim vermək arzusuna qovuşsun. Azərbaycan klassikası- Nizami, Füzuli, Nəsimi Səlcukluların, Teymurların, Çengizin böyük dünyalarında yaradılmışdı. Türk milləti dar məkanlara sığmaz. Onun fəlsəfəsi geniş coğragiyalara və məkanlara yayılaraq dünyanı idarə etməklə universaliyə qovuşmaqdır. Hunların, Sakaların, İskitlərin, Göytürklərin, Selçukluların, Osmanlıların, Sefevilərin, Baburların timsalında Türk milləti məhz bu missiyasını- bəşəriyyətə düzən vermək, ədalət gətirmək fəlsəfələrini reallaşdırırdılar. Bu,  türk babalarımızın anlamınca Tanrının iradəsini yerinə yetirmək idi, Yaradana xidmətin təzahürü idi. Azərbaycan böyük Türk dövlərtlərinin və məkanının gah mərkəzi, nüvəsi, gah da bir əyaləti olmuşdur. Azərbaycan məkan kimi Türk Milləti ilə bütünləşdikdə böyük dünyaya və məkana çevrilmişdir. Unutmayaq ki, məkanca kiçilmə ilə ruhca kiçilmək adekvatdır.  Məhz buna görə də   Siyasət fəlsəfəmiz yalnız coğrafiya üzərindən deyil, Millət üzərindən də qurulmalıdır.Türk Millətinin imperiya tarixinivə dövlətçilik fəlsəfəsini öyrənməliyik. Türk Millətinin imperiya quruculuğunda, dövlət idarəetmə fəlsəfəsində alternativlərin linc edilməsi yox, uzlaşdırılması və bir arada yaşadılması əsas xətt olmuşdur. Xəzər, Babur, Bulqar, Qəznəvi, Səlçuklu, Osmanlı imperiyaları içində müxtəlif xalqların, dillərin, dinlərin, kültürlərin uzlaşması və bir arada yaşaması bütün dünya tarixinə örnəkdir. Çağdaş Avropa-Amerika idarəetməsi və fəlsəfəsi  hələ bu gün də Osmanlı imperiyasından çox örnəklər götürməlidir. Türk  Millətini dərindən tanımalıyıq, onun ruhunu duymalıyıq. O,  tarixdə nə yapdı, nələrə qadirdir, Onun fəlsəfəsi və dünyagörüşü başqa millətlərdən nə ilə fərqlənir. O,  dünyaya və mədəniyyətə necə bir biçim vermişdi. Onun yaratdığı universal dəyərlər nələrdir. O tarixin hansı anında üstün ağıl ürətə bildi. Türk Millətinin gələcəyi qurmaq üçün təfəkkür silahları və söyləmləri nələrdir. Biz Azərbaycan  coğrafiyasını yaxşı bilirik(mi), amma bu coğrafiyanı vətənə çevirən Türk millətini yaxşı tanımırıq. Azərbaycanda bilinməyən, tanınmayan və bilinməsi, tanınması da istənilməyən güc qaynağı Türk millətidir. Türk milləti Azərbaycanın lokomotividir. Azərbaycanda yaşayan bütün xalqları yanına alaraq, birləştirərək Səfəvi dövləti kimi bir imperiya qurmuşdur. Azərbaycanda türk millətini yıxarsınızsa Azərbaycanı yıxarsınız. İngiltərə Rusiya maraqlarının orta doğuda qorunması və icrası üçün Azərbaycan anlayışı  o mərkəzi, dominant Türk millətindən, onun yaradıcı gücündən  arındırılmış, ayrılmışdır. Məhz buna görə də  Azərbaycanda tarix, mədəniyyət, ədəbiyat, fəlsəfə, strateji millət qavramından yox, coğrafiya qavramına əsaslanaraq yaradılmışdır. Azərbaycan millətçiliyi coğrafiya millətçiliyidir. Lakin burda bir paradoks var. Azərbaycanın coğrafiya millətçiliyi özünün ən yüksək səviyyəsinə çatdığı dönəmlərdə belə, coğrafiyası Quzeydə də (oxu. Ermənistan), Güneydə də (oxu. Kürdüstan-Mahabat) param- parça edilmiş və  başqa millətlərə pay edilmişdir. Lakin göründüyü kimi, Coğrafiya millətçiliyi coğrafiyanı qorumaq gücündə olmamışdır. Azərbaycanda Azıxantrop, Qız qalası, Qobustan qutsallaşdırılır, lakin onun üzərində yaşayan millət, vətəndaş, insan qutsallaşdırılmır. Azərbaycanın ən qutsal dəyəri nə Ərdəbil təkkəsi, nə də Azıxantrop yox, bu gün burada yaşayan vətəndaş və millətdir.   Siyasət fəlsəfələrimiz millətə əsaslanmalıdır. Dövlət içində Millətin qurucu gücü etiraf olunmalıdır. Azərbaycanda dövlət Azıxantropa yox,  Millətə söykənməlidir. Milli Hərəkatımız böyük Türk Millətinin hərəkatıdır. Azərbaycan dövləti Türk millətinin dövlətidir, türk millətinin vəsflərini daşımalıdır. Azərbaycan coğrafiyasını qutsallaşdıran böyük Türk millətidir.

Azərbaycanın ən böyük sərvəti və dəyəri gənclərimizdir, övladlarımızdır, ailələrimizdir. Milli hərəkatın söyləmləri keçmişin deyil, gələcəyin söyləmləri olmalıdır. Zamanda yaradılmış keçmişlə gələcək gənclərimizin ruhunda, vətəndaşımızın vicdanında birləşməlidir. Bir dövlət bir gəncin arzularında çiçəklənər. Dövləti qutsallaşdıran vətəndaşdır. Fərd-dövlət, millət-dövlət, millət-məkan- dövlət münasibətləri zərrə ilə tamın münasibətləridir. Zərrə tamda, tam zərrədə əks olunar. Fərd dövlətdə, dövlət fərddə yaşayar. Hardasa bir vətəndaşın problemi varsa, deməli dövlətin problemi vardır. Harada bir ailə dağılırsa, xoşbəxt deyilsə deməli dövlət siyasəti düzgün qurulmamışdır.

Azərbaycan məkan kimi Turanın mərkəzi olduğu üçün Türk millətinin də onurğa sütunudur. Məhz buna görə də Türk millətinin qədəri, gələcəyi Azərbaycana bağlıdır. Milli Hərəkatımız bu nüvəni, mərkəzi türkləştirməzsə, türksüz bir məkan anlayışına, türksüz Azərbaycan anlayışına sahiblənərsə Türk milləti çökər. Azərbaycan məkanını qutsallaşdıran faktor Turan coğrafiyasındakı geostrateji konumu və türklüyə qatdığı avantajlardır. Nə son 30 ildə Quzey Azərbaycanda yeridilən rəsmi siyasətdə olduğu kimi- Türksüz Azərbaycan, nə də  Azərbaycansız Türkçülük doğru deyildir.

Milli hərəkatımızın iki əsas məqsədi vardır. 1. Bütöv Azərbaycan qurmaq. 2. Azərbaycan türk dövlətçiliyinin sınırlarını Səfəvi sınırlarına qədər genişlətmək( Səfəvi dövlətini bərpa etmək, lakin yeni söyləmlərlə və fəlsəfə ilə). Bu yeni söyləm və fəlsəfənin adı TürkEli və ya Ə.Elçibəyin konsepsiyası  olan Birləşik Azərbaycan Yurdları-BAY ola bilər. TürkEli+BAY İran adlandırılan coğrafiyada cəmi üç dövlət qurmuş və dövlətçilik tarixi üst- üstə min  ildən çox olmayan  İran dilli tayfaların bu coğrafiyaya verdikləri İran adının alternatividir. İran adlanan  TürkEeli coğtafiyasında türk tarixinin 7 minillik bir sürəsi vardır və bu coğrafiyanın adı labüdən TürkEli+BAY olmalıdır. Bir coğrafiyanı qazanmaq istəyirsənsə o coğrafiyada öz etnonimlərini , toponimlərini, söyləmlərini bərpa etməlisən. Beləliklə deyə bilərəm ki, bizim yaxın vədəli hədəfimiz Bütöv Azərbaycan, orta vədəli hədəfimiz TürkEli+BAY, uzaq vədəli hədəfimiz Turandır. Milli hərəkatımızın fəlsəfəsi və söyləmləri bu hədəflərə uyğun qurulmalıdır. Lakin Milli Hərəkatımızın fəlsəfəsi və söyləmləri alternativlərin linc edilməsinə yox, uzlaşmasına və birgəyaşamasına əsaslanmalıdır.

Sozcu.az

Facebook Comments