“Azərbaycan gəncliyinə Cümhuriyyətimizi quran qəhraman babalarını unutmamalarını xahiş edirəm” – Kərim bəy Mehmetzadə

    “İZ” müsahibə layihəsinin qonağı Mehmetzadə, Xan Xoylu və Ziyadxanlı soylarına bağlı və həmçinin Azərbaycan tarixində öz milli əməlləri ilə böyük İZ’lər qoymuş şəxsiyyətlərin varisi, sovet işğalından sonra siyasi mühacirət həyatı yaşamağa məcbur olmuş millət fədailərinin canlı şahidi və zəngin xatirə yaddaşına malik Kərim bəy Mehmetzadədir.

    Kərim bəy Sizi “İZ” müsahibə layihəsində salamlayırıq. “İZ” layihəsi Azərbaycan tarixində önəmli xidmətləri olan tarixi şəxsiyyətlərin, fikir və mücadilə adamlarının İZ’indədir. Sizin mənsub olduğunuz ailə Azərbaycan elitar ve aristokratik camiəsinin önəmli simalarıdır. Babanız Hacıbaba Gəncəli, Hüseynqulu Xan Xoylu, nənənizin mənsub olduğu, Cavad Xan soyundan gələn Ziyadxanlı ailəsi Azərbaycanda çok yaxşı tanınır. Zəngin mücadilə irsi olan və xüsusi olaraq Azərbaycan Cümhuriyyətinin qurulmasında yer alan babalarınızı, qohumlarınızı sizin dilinizdən tanımaq ve tanıtmaq istərik.

        Hacıbaba Gəncəli

– İlk öncə babanız Hacıbaba Gəncəlidən başlamaq istərik. Çox insana dəstəyi, yardımı oldu. Xüsusi olaraq Azərbaycan türkləri İstanbul ziyarətində mütləq bu dəstəyi və yardımı gördülər. Babanız İstanbula necə gəldi? Xalçaçılıq işində adı hər kəs tərəfındən bilinən babanızın İstabuldakı iş həyatını ve yüksəlişini danışmağınızı istərdik?

– Qeyd etdiyiniz kimi babam Hacıbaba Gəncəli 1834-cü ildə Gəncədə dünyaya gəlib. Orta dərəcədə təhsilini Gəncə Gimnaziyasında alıb, kiçik yaşlarından el sənətləri və dəriçiliklə maraqlanmışdır. 20 yaşlarında atası və ailəsi ilə birlikdə Qazaxda xalça emalı işlərinə başlamışdır. Həmçinin Sibirdən gələn heyvan dərilərini İran və Osmanlı dövlətlərinə ixrac etmişlər. 1868-69-cı illərdə xanımı ilə birlikdə İstanbula gəlmişlər və bir müddət sonra tamamilə buraya yerləşərək xalça ticarəti işini böyütmüşlər. Daha sonra İran, Buxara, Qazax və Gəncə xalılarını dünyada ilk olaraq ABŞ-a idxal etmişlər. 1920-ci ildə oğlanları, əmim Süleyman, atam Məhəmmədəli tərəfindən Nyu-Yorkda Avenyu 5-də ilk böyük xalça maqazinlərini açmış və Azərbaycanın Qazax, Gəncə, Şirvan xalılarını amerikan xalqına tanıtmışlar. Babam Hacıbaba uzaqgörən və mədəni keyfiyyətləri yüksək olan bir şəxs idi.  1870-1920-ci illər arasında Azərbaycandan İstanbula gələn bir çox jurnalist, yazar, siyasilər ilə dostluq əlaqəsi qurmuş, onların İstanbulda çətinlik çəkməməsi üçün əlindən gələn yardımı, köməyi əskik etməmişdi. Bunlar arasında ilk olaraq Həsən bəy Zərdabini qeyd edə bilərəm. Həsən bəy 1874-75-ci illərdə iki dəfə İstanbula gəlmiş və heç tanımadığı Cağaloğlu səmtində olan mətbuat və vəsaitlərinin təmin üçün babam Hacıbabanı ziyarət etmiş və yeni çıxaracağı “Əkinci” qəzeti üçün qurğuşun və sinkdən müxtəlif çap və hərf məmulatları almış və  bunları babam Hacıbabanın o zamankı poct sistemi ilə Azərbaycana göndərmişdir. Gələcək illərdə bir çox azərbaycanlı siyasi və ədəbi şəxslər babamgilin qonağı olmuş və onlara əllərindən gələn yardımlar göstərilmişdir. Bunlar arasında Qaspıralı İsmayıl bəy, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşi, Əli bəy Hüseyinzadə Turanı deyə bilərəm. Xüsusi olaraq Əli bəy Hüseyinzadə ilə ilk tanışmasını burada qeyd edəcəyəm. Əli bəy Hüseyinzadə  1889-cu Sankt-Peterburq Univeristetinin Fizika fakultəsini bitirdikdən sonra iş tapmadığı üçün yaxın dostu Həsən bəy Zərdabinin israrı ilə İstanbula gəlir, çox təəssüf ki, öz ixtisasına uyğun iş tapa bilmir. Bu zaman Hərbi Tibb  Fakultəsində təbabət oxumağa başlar. Zamanla Osmanlının Əbdülhəmid istibdadı məmləkətə qorxu və şiddət gətirməyə başladı. Bu zaman önündə Hərbi Tibb Fakultəsi tələbələrinin getdiyi və Ubeydullah əfəndi adlı bir dostu vasitəsi ilə İttihadı-Tərəqqi Cəmiyyətinin qurucuları arasında yer alır. Müxtəlif axşamlar iclaslar keçirərək məmləkətin qurtuluşu üçün planlar qurar, işlər görərdilər. Bu iclasları Əbdülhəmidin xəfiyyələri izləməkdə və iclasın iştirakçılarını sultanın polislərinə və sədrəzəmə çatdırmaqda idilər. 1901-ci il  sentyabr ayında bir axşam iclasından sonra yaxın dostu, sonradan sədrəzəm və tanınmış şair olan filasof Rza Tofiq ilə birlikdə evlərinə dönərkən arxalarında iki xəfiyyənin olduğunu hiss edərlər. Rza Tofiq Süleymaniyə tərəfləri yaxşı bildiyindən onları azdırır və bu məqamda ailəmizə məxsus Böyük Yıldız Xana gəlib çıxırlar. Saat axşam 9 radələri olduğundan Yıdız Xan bağlıdır. Filosof Əli bəy Hüseyinzadəyə bura mənim çox yaxınımın karvansarayıdır. Oğlanları mənim Robert Kollecində tələbələrimdir. Səni onların atalarına əmanət edəcəm. Onlar əslən Azərbaycan kökənlidirlər və səni qoruyarlar deyib Yıldız Xanın qoruyucusuna tapşırır və sabahsı Hacıbaba Gəncəli ilə tanış olar. Babam ona heç maraq etməməsini və buradan bir müddət çıxmamasını bildirər. Əli bəy Turanidə babama heç narahat olmayın biz ittihadçıyıq, ağzımızdan bir kəlmə olsun sizin haqqınızda çıxmaz deyib 22 aya yaxın bir müddət ona hazırlanmış otaqdan heç çölə çıxmamış və boş vaxtlarında Göthenin “Faust” adlı romanını almancadan Azərbaycan türkçəsinə tərcümə etmiş və eyni zamanda rəssam olduğundan babamın, atamın qara qələm portretlərini çəkmiş və 80×55 ölçüsündə xariquladə canlı kimi hələdə eyni otaqda mühafizə olunmaqdadır. Ayrıca Azərbaycanın çox sevilən şəxsiyyəti Şah Abbasın quvaj qələm ilə rəngli bir portreti ilə, məhşur Topqapı sarayının qalası və ətrafını göstərən bir rəsm əsəridə eynən bu dəqiqə Əli bəy Hüseyinzadənin xatirəsinə uyğun olaraq eyni məkanda sərgilənməkdə və Azərbaycandan gələn dost və qardaşlara tanıdılmaqdadır. Əli bəy Hüseyinzadənin balaca qızı Feyzəvər xanım da iki dəfə buranı ziyarət etmiş, ailədən heç birinə Hacıbabaya verdiyi ittihadçı sözünü, iki il burada qaldığını deməmişdir. Ziyarətlərinin birində Əli bəy Hüseyinzadənin bacısı qızıda Bakıdan gəlmişdi və dəqiqələr ilə burada ağlayaraq atalarını yad etmişdi.

Mehmetəli və Süleyman Mehmetzadə

    – Atanız Mehmetəli Mehmetzadə ABŞ-da ilk təhsil almış azərbaycanlıdır. Atanızın Amerikaya gedişi, təhsil həyatı və yaşamı ilə bağlı sizdən bəzi məlumatları öyrənmək istərdik ?

–  Atam Mehmetəli Mehmetzadə 1891-ci ildə İstanbul Sülemaniyədə doğulmuş, ilk təhsilini Üsküdar Şemdi paşa məktəbində tamamlayıb, bir müddət Fransız məktəbində oxusada, 1907-ci ildə daxil olduğu Robert Kollecindən 1913-cü ildə ilk məzun olan türk tələbə olaraq Kollec tarixinə keçər. Robert Kolleci illərində öz sinifində tək türk-müsəlman tələbə olaraq tanınmış şairlərdən Tofiq Fikrətin və bir arada filasof Rza Tofiqin tələbəsi olar. Bir çox orjinal şeirlərini yazdığı Aşiyanda Tofiq Fikrətin oğlu Haluk ilə birlikdə Fikrətin canlı səsindən şeirlərini dinləmiş və atamda şeirlə tanışmış. Daha sonra Tofiq Fikrət oğlu Haluku təhsil üçün öncə İngiltərəyə, daha sonra Amerikaya göndərərkən babam Hacıbabaya öz oğlanlarını Amerikaya yollamağını tövsiyyə edir və beləliklə atam Mehmetəli Micciqan Univeristetində təhsil alan ilk azərbaycanlı türk tələbə ünvanını daşıyar. 1917-ci ildə kənd təsərüfatı mühəndisi olaraq təhsilini bitirər, iki ildə pedaqoji təhsili alaraq Amerikada ilk azərbaycanlı olaraq müəllimlik sertifikatı alır. 1920-ci ildə böyük qardaşı, Süleyman əmim ilə birlikdə Nyu-Yorkda Fifth Avenue 5-ci küçədə ilk xalça maqazinlərini açırlar və atam 1921-ci ildə İstanbula qayıdır. Türkiyə Qurtuluş Savaşı illərindədir. Robert Kollecindən gələn bir tövsiyyə qərarı ilə Ankaraya, Atatürkün yanına dəvət edilər. Qara kitab deyə anılan Anadoluda yunan zülmü adlı kitabın 1-ci cildini türkcədən ingiliscəyə tərcümə edir. Çap edilən bu əsər dünya dövlətlərinə bu zülmün acıları tək-tək anladılar, ardından Mustafa Kamal ondan amerikalı, ingilis yazar və jurnalistlərə karşı tərcümə etməsini xaiş edər və iki ildə Mustafa Kamal ilə birlikdə Anadolunun bütün qəza və kəndlərini gəzib təsbitlərdə bulunarlar. Bu işlərdən ötürü Mustafa Kamal atama özü üçün bir arzusu olub, olmadığını soruşar. Atam təşəkkür edib, heç bir şey arzulamıram yalnız bizim ailə Türkiyəyə hicrət edərkən soyadımız Məmmədov idi və hələdə elədir. Sizdən xaiş edirəm ki, soyadımız Mehmetzadə olaraq tebdil buyurmanızdır. O zamanlar və son illərə qədər Türkiyədə soyadı ZADƏ ola bilməzdi. Fəqət Mustafa Kamal dərhal adamlarına göstəriş verərək o dəqiqədə Mehmetzadə olaraq qeyd etdirdi və bu gündən soyadımız Mehmetzadə olaraq qeydlərdədir. Tanınmış amerikalı jurnalist Clerense Streit yazmış olduğu tanınmış “UNKOWN TURKS”, “Bilinməyən türklər” adlı kitabında atam Mehmedəli bəydən təriflə bəhs edər və dərhal sonra Atatürk həyatı bounca vermiş olduğu məhşur ilk nişan olan Məcidiyyə nişanının 3-cü rütbəsini atam təqdim edər. Zənedirəm sürəti, nişanın rəngli fotosu dəyərli yazar və araşdırmacı qardaşım Dilqəm Əhməddədir. Atam daha sonralar tekstil ilə məşğul olmuş və xalı ixracatını davam etdirmişdi. 1977-ci ildə vəfat etmiş və Fəriköy məzarlığında anam Sima Mehmetzadə ilə birlikdə yan-yana yatmaqdadır.

    -Uşaqlığınız və gəncliyiniz Azərbaycan siyasi mühacirlərinin arasında keçdi. Xəlil bəy Xasməmmədli, Doktor Xosrov bəy Sultanov, Nağı bəy Şeyxzamanlı, Adil xan Ziyadxanlı, Şəfi bəy Rüstəmbəyli və digər önəmli şəxsiyyətləri və cümhuriyyət qurucularını gördünüz. Bu xüsusda həmçinin ana tərəfdən babanız olan Hüseyinqulu xan Xoylunu yaddaşınızda qalan xatirələr ilə bizə danışmağınıza sevinərik?

– Uşaqlıq və təhsil həyatım, ailəmdə daxil olmaqla Azərbaycanın keçmiş cümhuriyyət qurucuları və daha sonra İtaliyadan mühacir olaraq qayıdan soydaş və qohumlarımızın arasında keçdi. İlk xatırladıqlarım anamın dayısı Adil xan Ziyadxanlı və onun həyat yoldaşı Reyhanat Bakıxanovdur. Onların 5 qızı var idi. Qızlardan biri Mələk xala, balaca əmim Mehdi bəy ilə ailə həyatı qurmuşdu. Ən böyükləri Mahrux xala, dayım İsgəndər Xan Xoylu ilə ailə həyatı qurmuşdu. Uşaqları sevgili Leyla Xoyxan(Keykurun) və İbrahim Xoyxan ilə bu günə qədər daima və birlikdə bir yerdə böyüdük. Digər tanıdıqlarım və yadda qalanlar bunlardır. Yaxın tanışımız, mənim və qardaşlarımın uşaqlıq həkimi Xosrov bəy Sultanov tez-tez bizə gələr, xəstələndiyimizdə isə şokolad gətirərdi. Xudadat bəy Rəfibəylinin oğlu Kamil Arran və həyat yoldaşı Ruqiyyə xanım(Məmmədbağır Şeyxzamanlının qızı). Onların oğlanları Aydın Arran uşaqlıq dostumdur. Bərabər böyüdük və bir neçə il əvvəl rəhmətə getdi. Ruqiyyə xanımın anası Həcər xanım Şeyxzamanlı. O Məmmədbağır bəyin həyat yoldaşı idi. Gəncəli anamın uşaqlıq dostu Səlim bəy Ağasıbəyli və xanımı rus əsilli Luba Petrovniya, Keçmiş hökümət nazirlərindən Əbdüləli bəy Əmircanov, həyat yoldaşı Səltənət xanım, qızları Məryəm xala və Vala xala. Məryəm xala və qardaşı oğlu Məmməd Əmircan müharibə illərində Münhendə Azərbaycanın səsi radiosunda Azərbaycanın qurtuluş mücadilələrini və 2-ci dünya müharibəsini təqdim edirdilər. Doktor Fətullah bəy, xanımı Fəxriyyə xala, qızları Sima və Vala xanımlar. Nağı bəy Şeyxzamanlı və həyat yoldaşı Həmidə xanım(ikinci həyat yoldaşı). Həmidə xanım Azərbaycana qayıdan ilk mühacir idi. Oğlanları Saleh, Yavuz(Dayım qızı Leyla Keykurun ilə ailə həyatı qurub), qızları Adilə xanım, sonradan Amerikaya köçdü. Qızı Tomris Azəri Nyu-Yorkda Azərbaycan diasporasında işləməkdədir. Anamın uşaqlıq dostu, Şəfiqə xalanın qızı Zöhrə Göygöl, oğlanları Səlçuq, Oğuz, Dəmir, qızları Şölə. Səlcuq və Dəmir vəfat etdi. Bacıları Şölə bacım Sabanın dostudur. Dayısı qızları Şahika Kürdəmir ilə bizə gələr və oyunlar oynayardıq. Ataları Mirzə əmi isə xaricə oxumağa göndərilən 100 tələbən biri idi və İstanbulda uzun müddət Ziraət Müdürlüyündə işləmişdir. Gəncəli Mir Xəlil ağa azərbaycanlıların ağsaqqallarının başındaydı və nur üzlü insan idi. Uşaqları Azərbaycana ilk gedən vətəndaşlarımızdan kimya müəllimi Saleh Gəncə, albay Kamil Gəncə, bacıları Sarabəyim xala. Səlim bəy Azərbaycan səfərindən döndükdən sonra ani olaraq vəfat etdi və şübhələr oyandırdı. Şəfi bəy Rüstəmbəyli babam Hüseyinqulu xan Xoylunun çox yaxın dostu idi. Almanyanın müharibəni qazanıb, Azərbaycanın istiqlaliyyətini bərpa etməsini istəyən insanların başında babamla birlikdə gəlirdi. Hər gün babamın iş otağındakı xəritənin başında Almanyanın Stalinqrad önlərinə gələnə qədər sevincli və ümidli idilər. Taksimdə pastanə və südçü dükanı var idi. Mən univeristet illərində zaman-zaman səhərlər bir stəkan süd və piroşki yemədən getməzdim. Həmçinin süvari polkovniki Ferudin Daryal və yenə süvari polkovniki Baba Behbud evimizin daimi qonaqları idi. Baba Behbud mənim həyat yoldaşım Ülkü Əkincinin əmisiqızı Bəlkıs xanımla ailə həyatı qurdu və uşaqları olmadan dünyanı tərk etdilər. Həyat yoldaşımın mənsub olduğu Əkinci ailəsinin ataları Bəşir Əkinci və babaları Heydar Əkinci Gümrü əsilli olub, 1923-cü ildə Qarsa gəliblər. Qardaşı oğlanları Çingiz Əkinci uzun zaman Qarsda Əkinci qəzetini çıxartdı və Qars millətvəkili oldu. Əlimərdan bəy Topçubaşinin qızı Sara xanım anamın çox yaxın dostu idi. Həyat yoldaşı Əliəşrəf bəy Sultanov ilə birlikdə Böyük Adada yaşayırdılar. Qızları Zərifə xanım Parisdən döndükdən sonra böyük qardaşım Murad bəyə fransızca dərsləri verirdi. Əczaçı İdris bəy Yaybulaqda ailəmkizin yaxın dostlarından idi. Həmin zamanlarda müxtəlif Azərbaycan gecələri və toplantıları edilirdi. Ən tanınmış rəqsçilər Axsaçlı Kürkçü Hüseyin bəy, Artist Əziz bəy, Həmidə xanım Keykurun idi. Həmçinin teatr oyunlarıda hazırlanırdı. Əliəşrəf bəyin teatrında Arşın Mal Alan Məşədi İbad kimi oyunları istanbullulara tanıtmaq fürsəti əldə edilirdi. Artist Əziz bəy xüsusi olaraq Məşədi İbad rolu ilə hafizələrimizdə qalmaqdadır. Rəhim bəydə tanınmış aktyorumuz idi. Ağaoğulları ailəsi ən yaxın dostlarımız idi. Ağaoğlu Əhməd bəyin bacısı qızı Humay xanım ailənin ən böyüyü idi. Ən son söz Humay xalaya aid olardı. Humay xanımın balaca qızı Gökçə Valiyə xalamın böyük oğlu Abbas Kazımbəyli ilə ailə həyatı qurmuşdu. Əhməd bəyin oğlanlarından Əbdürrəhman Ağaoğlu gənc yaşlarına vəfat etdi və ailəni böyük üzüntüyə sövq etmişdi. Böyük qızları Sürəyya xanım Türkiyənin ilk qadın vəkili idi, Tezer Taşkıran isə Türkiyənin ilk qadın millət vəkillərindən idi. Balaca qızları doktor Gültəkin Ağaoğlu isə mənim hər iki övladımın həkimi idi. Səməd bəy Ağaoğlu isə siyasi sahədə Türkiyəyə adını yazdıran nadir siyasətçilərinin başında idi. Bizim yaxınlarımız arasında Mir Yaqub bəy və ilk hökümətlərin Ədliyyə vəkillərində Sultan bəy Vəkilov yaxın qonşularımız idi. Həyat yoldaşı Prof Safiyə Vəkilli tanınmış piano müəllimi idi. Bacılarıma və Leyla Xoyxana piano sevgisini aşılayan odur. Anam Sima xanımda ara-sıra köhnə mahnıları öyrədərdi. Qızları jurnalist Leyla Vəkillidə yaxınlarda rəhmətə getdi. Allah hamısına rəhmət etsin. Həmçinin zaman-zaman Ankaradan İstanbula gəlib bizi ziyarət edən bir qrup azərbaycanlı var idi. Başda Adil xan Ziyadxanlının ortancıl qızı Turan xanımın həyat yoldaşı Hidayət Turanlını qeyd edə bilərəm. Oğlanları Ənvər Turanlı inşaat mühəndisi olub və mənim çox yaxınımdır. Mirzə Göygölün kiçik qardaşı Çingiz bəy İstanbula gəldiyi zaman tez-tez bizi ziyarət edərdi. İndi Amerikada olan qızları Türkiz və Kuliz qardaşlarımın dostları idilər və Mirzə Göygölün qızı Şölə Göygöl ilə birlikdə bizə gələrdilər. Həmçinin Səməd Sayqın paşada babam Hüseyinqulu xanı tez-tez ziyarət edərdi. Ankarada ailəmin Gəncədən yaxın dostu polkovnik Mehmet bəy İstanbula gəldiyində bizləri ziyarət edənlər arasında idi.

Hüseynqulu Xan Xoylu

    – Babanız Hüseyinqulu xan, nənəniz Şirinbəyim xanım və övladları Gəncə üsyanından sonra Türkiyəyə mühacirət etdilər. Qanlı mücadilənin içərisində yer almış ailə böyükləriniz həmin zamanlardan sizə nələr danışdılar?

– Ailə böyüklərim, nənəm Şirinbəyim xanım və babam Hüseyinqulu xandan dəfələrlə dinlədiyim Azərbaycanın quruluşu və 1920-ci il Gəncə üsyanını qısa olaraq xülasələndirim. Uzun müddətdən bəri Qafqaz Seymi altında birləşmiş olan azərbaycanlılar gürcülərin  24-25 may 1918-ci il-də Seymdən ayırılıb müstəqil bir dövlət olmaq fikrini elan edincə, Seymin azərbaycanlı üzvüləri dərhal toplantılar təşkil etməyə başladılar. Bunların bir qismi ingilislərin mandatını istərkən böyük əmim Fətəli xan Xoylu, Xəlil bəy Xasməmmədli, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, İsmayıl xan Ziyadxanlı, Behbud xan Cavanşir kimi ziyalı baxışlılar gürcülər kimi tam müstəqillik uğrunda mücadiləyə girişdilər və bu iclaslar 2-3 davam etdi. Nəhayət gecə 28 mayda son iclasda Azərbaycanın istiqlaliyyəti qərarı alındı və bütün nümayəndələrin səsi ilə yeni höküməti qurmağa dəvət edilən Fətəli xan bütün dünya dövlətlərinin mərkəzlərinə yeni demokratik Azərbaycan Cümhuriyyətinin qurulduğunu bildirdi və tanımağa dəvət etdi. Babam Hüseyinqulu xandan dinlədiyim belə idi:

Zahid xan Xoylu, Valiyə xanım Kazımbəyli və polkovnik Cahangir bəy Kazımbəyli

– Böyük əmim Fətəli xan babama zəng edərək Dadaş, bu gecə höküməti qurduq, hökümət kabinəsini qurmaq üzrəyəm. Səndən bir xaişim var, Adil xan Ziyadxanlıya və şeyxülislam Pişnamazzadəyə xəbər et və Bütün Gəncəyə, Azərbaycan şəhərlərinə yeni Azərbaycan Cümhuriyyətinin müjdəsini xəbər versinlər və bizlərdə 4-5 gün içərisində Gəncəyə qayıdırıq. Adil xanın evinin önündə toplanacağıq, hazırlıqlar başlasın” tapşırığı verilmişdi. Bildiyiniz kimi qurucular heyyəti böyük bir coşğu və sevgi ilə böyük dayım Adil xan Ziyadxanlının evinin önündə qarşılandılar. Nitqlər söyləndi, coşğulu bir mərasimlə Pişnamazzadə əfəndi əlində daşığıdı quranı Fətəli xan əmimə öpdürərək xeyir-dua vermiş. Aradan bir az zaman keçmiş və Fətəli xan 3 hökümət kabinəsi qurduqdan sonra kabinədəki sosialist və  bolşevik yanlısı bəzi hökümət üzvülərinə qızaraq höküməti Nəsib bəy Yusifbəyliyə təslim edərək Xariciyə nazirliyini öz üzərinə almışdı. Bu arada Fətəli xan əmimin Tiflisdə erməni komitəçilər tərəfindən xaincə arxadan vurulub öldürdülməsi, eyni zamanda Tiflisdə Məclis başqanı Həsən bəy Ağayevin şəhadəti ortalığı qarışdırmış, baş vəkil Nəsib bəy Yusifbəylinin Tiflisə gedərkən pusqu qurularaq öldürülməsi məmləkəti başsız qoymuşdu. Təəsüf ki, Bakıdakı narahatlıq və qızılların erməni daşnak cəmiyyətlərini istiqamətləndirdiyi Bolşevik ordusu Azərbaycanı təslim almaq üçün gözləyirdi. Hakimiyyətin qızıl bolşeviklərə təslim edilməsi qərara alındı və dövlətə Nəriman Nərimanov əl qoydu. Qısa zamanda Bakıda qətliamlar edildi və onlarla yüksək rütbəli general Nargin adasında güllələndi. Qurtulanlardan bir qismi İrana sığındı, General Qacar kimi. Bir qisim vətənpərvərlər  qəhraman Gəncə şəhərində müdafiəyə çəkildilər və nəhayət 25-26 may tarixlərində General Cavad bəy Şxılınski və general Məhəmməd Mirzə Qacarında mövcud olduğu, əslində xalam Valiyə Kazımbəylinin həyat yoldaşı, Şəki 3-cü süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli öndərliyindəki və babam Hüseyinqulu xan Xoylunun topladığı qəhraman Gəncə milisləri və topçu birliyinin qalxınması başladı. Hücum edənlər arasında rus əsilli general Mixail Levandovski, General Velikanov və general Pyotr Kirişkoda var idi. Azərbaycan tarixində şanlı Gəncə üsyanı kimi xatırlanan 5 günlük mücadilədə bir çox yerlər ruslardan alınsada və ruslara ağır itkilər verilsədə, nəhayətində, Rusiyadan gələn 3 tümən əsgər və bolşeviklərin ağır topçu atışları qarşısında Gəncə işğala uğradı və Cahangir əmim, babam Hüseyinqulu Xan və əmirlərindəki bir qrup qəhraman İran üzərindən Türkiyəyə sığındılar. Daha sonra Istanbula vasıl oldular. Nənəm və 3 uşağı 3 il boyunca minbir əziyyətlə yaşayabildilər. Minlərlə gəncəli həyatını itirdi və qətlə yetirildi.

    – Sizin ailə böyüklərinizdən ən sevdiyimiz insanlardan biri Gəncə üsyanı öncüllərindən olan Cahangir bəyin xanımı, xalanız Valiyə xanım Kazımbəyli bir faciənin qurbanı oldu və Azərbaycan siyasi mühacirətini çox kədərləndirdi. Valiyə xanım necə bir insan idi və millətimiz qarşısında hansı xidmətlərdə bulundu?

– Valiyə xalam Gəncə üsyanının sonunda iki il yarım evlərində altı aylıq uşağı, anam Sima xanım, iki qardaşı və nənəm Şirinbəyim xanımla birlikdə ev həbsində tutulduqdan sonra minbir əziyyətlə Bakıdan Batuma gedən karvana qarışaraq 1923-cü ildə Batuma çata bilmişlər və çox böyük cəhd sonunda Batumdan bir ingilis gəmisi ilə İstanbula gələ bilmişdi. Böyük bir möcüzə ilə eyni gün gəmidən endikdən bir saat sonra böyük İstanbulda babam Hüseyinqulu xanla qarşı-qarşıya gəlmişlər. Bu hadisədən bir müddət sonra əmim Cahangir bəy Kazımbəyli və babam Hüseyinqulu xan Polşa Baş Qərargahının dəvəti ilə Polşaya gedərlər. Babam Hüseyinqulu xana General köməkçisi, Cahangir bəyə Polkovnik rütbəsi verilir. Babam 2-3 il qaldıqdan sonra əməkli olaraq İstanbula qayıdır, əmim Cahangir bəy isə həyatının sonuna qədər xaricdə çalışır. Mayor adı ilə bilinən Fətəli bəy Düdənginski ilə birlikdə daima Azərbaycanın istiqlalı üçün Avropa dövlətləri təmas halında olur. Xüsusi olaraq Ukrayna, Belarusiya təmsilçiləri və Kırım liderləri ilə görüşür. Fəaliyyəti KQB tərəfindən izlənilir. Almanyanın ikinci dünya müharibəsində Polşanı işğalından öncə Avstrıyanın Viyana və Troller keçərlər. Almaniyanın Rusiyaya məğlub olmasında sonra ailəsi və balaca dayım Zahid xan Xoylu ilə birlikdə Romaya hicrət edərlər. 1946-cı ildə Valiyə xalam İtaliyada illər öncə almanlara, sonra ruslara əsir düşən gənc azərbaycanlı soydaşlarımızın əsarətdən qurtulması üçün böyük yardımlar edər, dayım Zahid xanı Misir kralı Farukun yanına göndərir. Kral Faruk və vəliəhd şahzadə İbrahim ilə günlərlə görüşür və nəhayət 1 il sonra vəliəhd şahzadə Romaya gəlir. Avropa ölkələri ilə görüş və müqavilə imzaladıqdan sonra bir qisim azərbaycanlı Misir, Amerika və Türkiyəyə hicrət edərlər. Bir qismini ruslar buraxmaq istəməz və bunun üzərinə 1947-ci ildə Valiyə xalam Türkiyə rəsmi dairələri ilə görüşmək üçün yanında bir neçə azərbaycanlı ilə İstanbula gəlir. Çox təəssüf ki, bütün görüşmələr nəticəsiz qalır, türk höküməti ruslar ilə münasibətlərin pozulmaması üçün bu görüşlərə qatılmayacağını bildirir və xalam böyük üzüntü ilə İstanbuldan ayrılır. Minmiş olduğu Skandinav Hava yollarına aid SAS təyarəsi böyük bir faciə olaraq bir qış axşamı Afinada dağlara dəyərək düşür və xalam bu qəzada həyatını itirir. Xəbər İstanbula çatanda bütün Azərbaycan koloniyası evimizə gələr, nənəm Şirinbəyim xanım pəncərədən özünü atmaq üzrəykən Mirzə bəy Göygöl nənəmi qurtarır. Zahid xan dayım bu hadisədən sonra anamın və atamın belləri qırıldı, illərlə unutmadılar deyə yazır xatirələrində. Bu arada bəzi media qurluşları faciənin sovetlər tərəfindən planladığını irəli sürdülərsədə, həqiqət əsla meydana çıxmadı. Cahangir əmim illərlə yalnızlıq çəkdikdən sonra tanınmış Qacar ailəsindən prenses Mehparə xanım Tağı ilə qısa ailə bağı qurdu. Cahangir bəy Berlində bilinməyən bir şəkildə anidən vəfat etdi və həyatdan ayrıldı. Bu ölümdə Almaniyada şübhə ilə qarşılandı və tibb heyyəti ölüm hadisəsini yavaş-yavaş zəhərlənmə olaraq qeyd etdilər.

   – Türkoloq Əhməd Cəfəroğlu İstanbula ilk gəlişində babanız Hacıbaba Gəncəli ona dəstək olmuş, təhsil həyatına və yaşamına yardım etmişdir. Babanızdan xalçaçılıq işinin sirlərini öyrənmiş və ilk zamanlar xalı satmışdır. Bununla bağlı sizdən məlumat almaq istərik?

– Professor Əhməd Cəfəroğlunun Türkiyəyə gəlməsi məsələsi tamamilə təsadüflərə bağlıdır. Əhməd bəy anam Sima xanımın Gəncədən məktəb və uşaqlıq dostudur. Əhməd bəy Səmərqənddə orta təhsil aldıqdan sonra Gəncəyə qayıdır və Gimnaziyanı bitirdikdən sonra bir müddət Sankt Peterburqa və Təbrizə getmiş və oradan İstanbula gəlmişdir. İlk illəri birçox azərbaycanlı qardaşlarımıza etdikləri kimi Mehmetzadə ailəsi Əhməd Cəfəroğlunun təhsilinin bitirməsinə böyük kömək göstərir. Süleyman əmim bütün məktəb xərclərini öz üzərinə alır və Əhməd bəy müvəffəqiyyət ilə İstanbul Univeristetinin Ədəbiyyat fakultəsindən məzun olur. Həmçinin yaşamına yardım olması baxımından ona xalçaçılıq haqqında çoxlu məlumat verilir və satıb qazanması üçün müxtəlif antik Şirvan və Gəncə xalılarını nümunə olaraq verirlər. Bu arada Süleyman əmim, Əhməd Cəfəroğlunu Professor Zəki Vəlidi Togan və Köprülüzadə Fuad bəy ilə tanış edir və asistan yardımcısı olaraq univeristetə düzəlir. 1925-26-cı illərdə Almanyaya türkoloji ixtisasına gedər. Prof Westermann Prof Diells-in yanında iki il çalışır və sonra geri dönərək univeristetdə dossent olur. Şənbələri həm anamgillərə dovğa yeməyə, bazar günləri atam Mehmedali bəyin Üsküdürdakı sahilevinə günorta yeməklərinə gedib plov yediyini anam Sima xanıma danışırmır. Həmçinin anam və atamın münasibət qurmasını Əhməd Cəfəroğlu təmin etmiş və onlar 1933-cü ildə İstanbulda evlənmişlər. Əhməd bəy 1939-cu ildə bir tələbəsi ilə ailə bağı qurub və ondan Nazan adlı bir qızı olmuşdu. Əhməd Cəfəroğlu bir müddət sonra xanımından ayrıldıqdan sonra qızı Nazanı 4-5 yaşlarında ikən bizə qoyur, bacım ilə oynayar və bəzən gecələri bizdə qalırdı. İndi Nazan xanım Sabancı Muzeyi müdürü olaraq çalışmaqdadır. Mən 1956-63-cü illərdə İstanbul Univeristetində Kimya fakultəsində tələbə ikən tez-tez Əhməd Cəfəroğlunu ziyarət edər, hal-xətir soruşar, keçmişi yadedərək Üsküdardakı sahilevimizdəki keçirdiyi gözəl günləri mənə danışardı. Nur içində yatsın.

Valiyə xanım və Şirinbəyim xanım

   – Ailə yaddaşınızda, sizə danışılan Azərbaycan və Gəncə ilə bağlı bu günə qədər nələr qaldı?

– Ailəmdən və danışılanlardan ən gözəl xatirə olaraq yadımda qalanlar yay aylarında Gəncə yaxınlığındakı Hacıkəndə getmələrini və oranın xaruquladə gözəlliyini, ayrıca çox nadir atlı faytonlarla Göygölə gəzməyə getdiklərini keyiflə danışar və maraqla dinlərdim. Gəncənin unudulmayan müğənnisi Məşədi Rza Mürtəza anamların yanında birlikdə doğub, böyüdükləri, adətə bacı saydıqları Sənəm adlı qızlarına hər axşam baxçada ağaca çıxıb segah məqamında oxumasını anam tez-tez danışardı. İki gəncin bu coşğulu sevdaları sonunda Mürtəza Rzaya nənəm Şirinbəyim xanım “Bülbül” adını vermiş və bir müddət sonra anamların evindən böyük bir toy ilə Bülbül Sənəm xanımı aparmış və evlənmişlər. Bu toy hadisəsidə Gəncədə böyük bir hadisə olmuş və yadımdan heç çıxmamışdır.

    – Istanbula ilk gələn azərbaycanlı araşdırmacı Xanlar Bayramov sizinlədə görüşmüş və sizdəndə məlumatlar almışdı. Həmin görüşlə bağlı nələri xatırlayırsınız?

– 1992-ci ilin sentyabr ayında bir axşam idi. Mən ofisdən çıxmaq istərkən bir telefon zəngi gəldi. Zəng edən adının Xanlar Bayramov olduğunu və azərbaycanlı bir jurnalist olduğunu bildirdi. Bəzi məlumatları öyrənmək üçün mənimlə görüşmək istədiyini, telefon nömrəmi Şəfiqə xalanın qızı Zöhrə Göygöldən aldığını dedi və bir-iki gün sonra ofisdə məni ziyarətə gəldi. Uzun zamandan bəri Azərbaycandan heç bir dost, qohum və yazar İstanbula gəlib bizimlə görüşməmişdir. 2-3 saat söhbət etdik və bizdə mövcud olan çox dəyərli sənəd və fotoları, həmçinin Cahangir əmim və Mayor Düdənginski ilə bağlı bir çox sənəd və Münhendə çap edilmiş “Azərbaycan” jurnallarını ona verdim. Çoxlu kamera ilə fotolar çəkdi, Sarı Ələkbərin Ankaradakı qorumlarını soruşdu. Mənədə işlədiyi “Gəncəbasar” qəzetindən bir neçə nümunə verdi, aldığı sənəd və fotoları çox qısa zamanda qaytaracağını söylədi. Onu Cahangir əmimin oğlu Əli Kazımbekin evinə götürdüm. Ertəsi gün Əli bəy ilə görüşmüş, çoxlu sayda foto və sənədlər almış. Əli bəy ona Gəncə üsyanı ilə bağlı Cahangir əmimin xatirələrinidə vermişdir. Çox təəssüf ki, onlarda geri gəlmədi, uzun zaman sonra vəfat etdiyini öyrəndik. Rahat uyusun. “Gəncə üsyanı” adlı kitabını çap etdirdi. Çox dəyərli bir iş görən və Türkiyəyə gələn ilk yazar idi.

Fətəli Xan Xoyski

    – Qardaşlarınız və ailə varislərinizi tanımaq istərik. Kimlər var və harada yaşayırlar?

–  Mehmetəli bəy və Sima xanımın övladları olaraq, başda böyük qardaşım Murad 1934-cü il doğumlu olub, Almanyada İnşaat mühəndisliyi təhsili almış və alman vətəndaşı Hilde xanımla ailə həyatı qurub. Tekstil işi ilə məşğuldur. Bacım Rübabə Qaraca Fransız Qiz Gimnaziyası-Noter Dame Siondan məzun olduqdan sonra, İstanbul Tətbiqi Gözəl Sənətlər Akademiyasında təhsil almışdı. Digər bacım Səba xanım Atatürk Qız Litseyindən məzun olmuş, bir müddət fransız filalogiyasına davam etdikdən sonra inşaat mühəndisi Taşqın bəylə ailə bağı qurmuşdur. Qızları Başak xanım isə Fransız Qiz Gimnaziyası-Noter Dame Siondan məzun olduqdan sonra İstanbul Universteti fransız filalogiyasında oxuduqdan sonra Marmara Univeristetində çalışmaqdadır. Haluq bəy ilə ailə həyatı qurub. Yasəmin adlı bir qızı isə Koç Univeristetindən iş idarəsi bölümündən məzundur. Saba xanımın digər övladı 1969-cu il doğumlu Burak memardır. Dərya adlı bir xanımla evlidir və 15 yaşlarında Can adlı oğlanları var. Mən Kərim Mehmetzadə – Xan Xoylu İstanbul Univeristeti Kimya fakultəsindən yüksək kimya mühəndisi olaraq məzun oldum. Bir müddət Almaniyada Darmstadt şəhərindəki məhşur Merk Dərman Fabrikində 2-3 il təcrübə alıb, Türkiyəyə döndüm. 1967-ci ildə Sənət tarixi məsləyindən olan Ülkü Əkinci ilə ailə bağı qurdum və indi tekstil işi ilə məşğulam. İki övladım var. Oğlum Süleyman Mehmetzadə Amerikan Robert Kollecini bitirdikdən sonra Amerikada Massachusets Universitetinin iqtisadiyyat fakultəsindən məzun olub. Həyat yoldaşı Dəmiz xanım Üsküdar Amerikan Kollecində çalışmaqdadır. İki övladı var. Oğlu Mehmedəli Mehmetzadə İstanbul Koç Litseyində məzun olduqdan sonra Amerikada Çikaqo Nord Western Universtetində iqtisadiyyat təhsili almaqdadır və ikinci kursdadır. Qızı Dəfnə isə Hisar Eğitim Litseyinin son sinifindədir. Qızım Bahar Üsküdar Amerikan Kollecindən məzun olduqdan sonra Viyana Univeristetində Turizm və Otelçilik təhsili aldıqdan sonra Bernd bəy ilə evlənmiş və ailələrinə məxsus 100 illik tarixi otellərini işlətməkdədirlər. Qızları Sima Avstrıya litseyinin son sinifinə keçmişdir. Heyvanları çox sevməkdədir.

    – “İZ” layihəsinə və Azərbaycan gəncliyinə tövsiyyələriniz?

   – “İZ” layihəsini həyata keçirənlərə və xüsusi olaraq siz Ceyhun bəyə şükranlarımı ərz edir və ayrıca Azərbaycan gəncliyinə bütün varlığımla bəxtiyarlıq və şad günlər diləyərək onlardan Cümhuriyyətimizi quran adları  daima yadımızda qalacaq bu qəhraman ulu babaları unutmamalarını xahiş edirəm. Son günlərdə Qarabağın vətənə bağlanmasını və qurtuluşunu böyük bir coşğu və şadlıqla kutlayıram. Bu vəsilə ilə Azərbaycan xalqına və gəncliyinə ən qəlbdən duyğularla şükr edirəm. Var olun, sağ olun.

Söhbətləşdi: Ceyhun Nəbi  

Sozcu.az

Facebook Comments