Azərbaycan erməni əsirləri verib torpaq alacaq? “O ərazilər tarixən bizim olub“

Bir müddət əvvəl Azərbaycan Ordusu tərəfindən 62 erməni diversantı əsir götürülüb. Erməni mətbuatı iddia edir ki, Azərbaycan həmin əsirləri qaytarmağın müqabilində Göyçədən, yaxud Ermənistanın digər bölgələrindən torpaq alacaq.

Maraqlıdır, bu məlumatlar nə dərəcədə həqiqətə uyğundur?

Hərbi ekspert Ədalət Verdiyev Yenisabah.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın Ermənistandan tələb edəcəyi ərazi bir kəndlə ölçülə bilməz. İrəli sürülən bu iddialar həqiqəti əks etdirmir:

“Onsuz da onların dediyi ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Buna baxmayaraq, Azərbaycan heç vaxt rəsmi səviyyədə belə bir fikir səsləndirməyib və gələcəkdə də səsləndirəcəyini düşünmürəm. Azərbaycanın Ermənistandan istədiyi ilk növbədə minalanmış ərazilərin xəritəsidir. Ermənistan indiyədək bir dəfə də bu xəritələri verməməsinin səbəbini açıqlamayıb. İkincisi, erməni tərəfi hazırda əsir olan bu şəxsləri noyabrın 26-da, yəni üçtərəfli sazişdən 16 gün sonra Azərbaycan ərazisinə Şirak vilayətindən göndərib. Azərbaycan da öz növbəsində, “62 nəfərlik qrupun içərisində onların komandirləri, qrupu idarə edən heyət var. Necə oldu ki, 16 gün sonra siz Azərbaycan əsgəri üzərinə atəşkəsi nəzərə almadan qrup göndərdiniz? Buna kim əmr verdi?”, – deyir.

Hazırda sərhədlərin müəyyənləşdirilməsi prosesinin Laçın dəhlizinə qədər yekunlaşdığı qənaətindəyəm. Kəlbəcər tərəfdə isə iqlimlə əlaqədar hələ fəaliyyətlərə başlanmayıb”.

Ekspert diqqətə çatdırıb ki, müxalifətin bu kimi fikirlərdən Paşinyana qarşı istifadə etməsi mümkündür:

“Əsirlərin bir kəndlə dəyişdiriləcəyi fikrini səsləndirən tərəfin siyasi mənsubiyyətinə baxmaqla bunu təyin etmək olar”.

Əsirlərin aqibətinə gəldikdə isə həmsöhbətimiz bildirib ki, onlar terrorçu kimi məhkəməyə çıxarılacaq və bu təxribatı planlaşdıran qüvvələrin, rəhbərliyin adını çəkəcəklər:

“Azərbaycan əsirləri məhkəmə qarşısına çıxarmaqla ermənilərin atdıqları bu mənfur addımı atəşkəsi pozan tərəfin fəaliyyəti kimi dünya ictimaiyyətinə təqdim edəcək. Bundan sonra bir çox məsələlərə aydınlıq gələcək. Azərbaycanın onları ölkədə uzun müddət saxlayacağı qənaətində deyiləm. Yəqin ki, geri qaytarılacaqlar, sadəcə bu, sonrakı mərhələdə baş verəcək. Ola bilər ki, sülh müqaviləsinin imzalanması ərəfəsində və yaxud erməni silahlılarının çıxarılması, Qarabağdakı silah və texnikanın tamamilə boşaldılması müqabilində baş tutsun. Amma məhkəmənin qərarı mütləq olacaq. Çünki bu bizim üçün gələcəkdə Ermənistanın atəşkəs rejimini pozmasını və ərazimizə təkrar terrorçular göndərməsini sübut etmək və dünyaya göstərmək üçün lazım olacaq”.

Facebook Comments