”Azadlıq” qəzetinin müxbirinin azad edilməsi barədə ərizəsi təmin olunmayıb

İctimai Komissiya jurnalistin ərizəsinə mənfi rəy verib

5 saylı Cəzaçəkmə Müsəssisəsində mayın 3-də “Azadliq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin cəzadan vaxtından əvvəl azad olunması haqda ərizəsinə baxılıb.

Salyan Rayon Məhkəməsinin hakimi Muradağa Qasımov ərizəni təmin etməyib.

Bu barədə Ziya Əsədlinin yaxınları Meydan TV-yə deyib ki, şikayətin təmin olunmamasına Cəzaçəkmə Müsəssisəsi və Ədliyyə Nazirliyi yanındakı İctimai Komissiya mənfi rəy verib:

“Guya Ziya Əsədli həbsxanada insanları başına toplayıb hakimiyyətə qarşı yönəldir. İctimai Komissiya aprelin 29-da ərizəyə mənfi rəy verib. Konkret olaraq, İctimai Komitə üzvlərindən Səadət Bənənyarlı rəyə imza atıb”.

Səadət Bənənyarlı Meydan TV-yə məlumatı təsdiqləyib:

“Ziya Əsədli müstəqil müraciət edib. Ona görə mənfi verilib ki, bir nəfərlə dalaşıb, yəni zərərçəkmişlə barışığı yoxdur. Həmin adam “qaynar xətt”ə şikayət edib. Cərimə olub, bu iki amil komissiyanın rəyinə təsir göstərib. Mən onun jurnalist olduğunu bilmirdim. Əgər Ziya Əsədli zərəçəkmişlə barışsa, işinə yendiən baxıla bilər. Çünki 6 ay keçib”.

“Azadlıq” qəzetinin bölgə müxbiri Z.Əsədli 2017-ci ilin sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

O, CM-in 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Vəkil deyib ki, jurnalist bu il aprelin 19-da Biləsuvarda döyülüb. Bu barədə “102 xidməti”nə məlumat da verib. Hadisə çayxanada baş verib. Jurnalist onu çayçı işləyən şəxsin döydüyünü deyir. Ziya Əsədlinin bildirməsinə görə, həmin şəxs hadisədən dərhal sonra polis idarəsinə gedib və ondan şikayətçi olub.

Çayçı məhkəmədə də deyib ki, jurnalistin fiziki zorakılığı ilə üzləşib. Bununla belə, şahidlərin sözlərinə görə, jurnalistin həbsini istəmədiyini də deyib.

Bu ilin aprelində Biləsuvarda sakinlər etiraz aksiyası keçiriblər. Onlar Bakı-Astara yolunu bağlayıblar. Ziya Əsədli deyib ki, həmin aksiyadan reportaj hazırlayıb yayması rayon rəhbərliyində xüsusi narazılıq yaradıb. Həmin hadisədən sonra da jurnalistin həbs edilməsi ilə nəticələnən insident baş verib.(Meydan tv)

Sozcu.az

Facebook Comments