Azadlığa çıxan siyasi fəallar nə iş görür?

Prezidentin martın 16-da imzaladığı əfv fərman ilə azadlığa çıxan 52 siyasi məhbusun əksəriyyətinin aktiv fəaliyyəti hələlik nəzərə çarpmır.

“Yeni Müsavat” xəbər verir ki, onların sırasında daha çox sabiq səhiyyə naziri Əli İnsanovun dinamikliyini müşahidə etmək olar.

Əfvdən sonra proseslər onun üzərində fokuslanıb, ictimaiyyət onun mətbuat konfransında nələr deyəcəyini gözləyir.

Azadlığa çıxan AXCP sədrinin müavinləri – Gözəl Bayramlı, Fuad Qəhrəmanlı siyasi fəaliyyətini tam bərpa etməyiblər.

NİDA-çı İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov da cəmiyyətə adaptasiya dövrünü keçirlər.

Jurnalist Fikrət Fərəməzoğlu aprelin ortalarından rəhbərlik etdiyi jam.az saytının fəaliyyətini bərpa etməyə hazırlaşır.

Eldar Sabiroğlunun övladı, keçmiş müstəntiq Rüfət Səfərovun da azadlığa buraxılandan sonra diqqət çəkən addımları olmayıb. Onlardan Qiyas, İlkin, Bayram. G.Bayramlı, F.Fərəməzoğlu, R.Səfərov facebook-da aktivdirlər.

Məsələn, G.Bayramlının son statuslarından biri hakimiyyətə qarşı mübarizənin gücləndirilməsi barədə olub.

Bayram Məmmədov isə belə yazıb: “Biz artıq bir dəfə özümüzü fanatik azadlıq aşiqləri adlandırmışıq. Nə istəyirik biz? Haqlısız. Əlbəttə ki, azadlıq!

Amma səhviniz var, bizim azadlıq anlayışımız sizinkindən tamamilə fərqlidir. Bizim fikirlərimizdəki azadlıqla sizinki arasında uçurum var.

Sizin maksimum əldə edə biləcəyiniz azadlıq siyasi bərabərliklə bitir. Bizim istədiyimiz azadlıq isə özündə siyasi və iqtisadi azadlıqları ehtiva edir”.

Jurnalist F.Fərəməzoğlu isə yazıb ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanovu məhkəməyə verməyə hazırlaşır:

“JAM.AZ domeninin iki illik pulunu əvvəlcədən köçürdüyüm halda, onu heç bir məhkəmə qərarı, heç bir əsas olmadan bağlayıb. JAM.AZ-ı geri almaq üçün bütün hüquqi imkanlardan istifadə edəcəm”.

Rüfət Səfərov isə qeyd edib ki, hər nə qədər səy etsə də, həbsdən sonrakı həyatını qurmaq, bəzi işləri sahmana salmaq, yenidən demokratik hərəkata qoşulmaq naminə bir müddət özüm-özümlə qalmalıyam:

“Fəqət baş verənlər buna mane olur. Həbsdə məruz qaldığım münasibətin təfərrüatına qədər atamı məlumatlandıran dostlardan biri qaş düzəltmək istəyərkən gözün giləsini çıxarıb. Lazım deyildi…

Atam çox pis vəziyyətdə xəstəxanaya yerləşdirildi. Vəziyyətin kritik həddi bizi məcbur etdi ki, atam Eldar Sabiroğlunu Türkiyəyə və həkimlərinə etibar edək. Balaca Sabirlə birgə dualar edirəm… Zatən əlimizdən başqa heç nə gəlmir”.

Həmçinin, Elgiz Qəhrəman, Əlikram Xurşudov və digərləri də hələlik sosial şəbəkədə fəallıqla qane olurlar. Qeyd edək ki, ümumilikdə 52 siyasi məhbus azadlığa buraxılıb və Avropa İttifaqı prezidentin fərmanını alqışlayıb.(Teref.az)

Sozcu.az