Azad Həsənov aclığı dayndırdı: “Aksiya məqsədinə çatıb”

Müsavat fəalı Azad Həsənov 10 gün əvvəl başlatdığı aclıq aksiyasını dayandırıb. Bu haqda “Basta”ya vəkil Osman Kazımov məlumat verib.

Bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında Azad Həsənovla görüşdüyünü bildirən vəkil qeyd edib ki, Azad Həsənovun keçirdiyi aclıq aksiyası ictimai diqqəti cəlb edib. O, məhkəmənin uzadılmasına etiraz olaraq aclığa başladıqdan sonra paytaxtda Azad Həsənovun müdafiəsinə icazəsiz etiraz aksiyası keçirilib. Məsələ diplomatik korpusun diqqətində olub və Azad Həsənovun son durumu ilə bağlı vəkillə görüş keçirilərək hesabat hazırlanıb.

Qeyd edək ki, iyulun 29-da keçirilən məhkəmə prosesində Müsavat başqanı Arif Hacılı və MSDM-in sədri İsa Qəmbər Azad Həsənovdan aclıq aksiyasını dayandırmağı, öz səhhətinə zərər vurmamağı xahiş etmişdilər.

Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.

Basta