Azərbaycan jurnalistikasının Turgenevləri – Aydın Canıyev yazır

Aydın Canıyev

Rus ədəbi tənqidinin gözəl dəyərləndirmə üsulları var. Onlar, məsələn, Dostoyevskini də, Turgenevi də çox sevirlər, təbliğ, təqdir edirlər, amma və lakin… heç bir halda ikisindən birini üstün tutmurlar. Hərənin olduğu yerdə gözəlliyini görür və o gözəlliyi sevirlər – Turgenevdən tələb etmirlər ki, niyə Dostoyevski qədər gözəl deyilsən?
Həmin o Dostoyevski “Cinayət və Cəza” kimi dünya ədəbiyyatının şedevrini yazırdı, 200 rubl alırdı, həyatını ona qurban vermiş yeganə qadın Anyanın qızıllarını, pullarını israf edirdi – qumarda uduzduğuna görə, yalvarırdı ona, acından ölürdü, amma Turgenev “Mumu”nu yazırdı eyni jurnal üçün, 400 rubl alırdı, Fransadakı qəsrində 18 qadınla orgiya təşkil edirdi, hələ bir Tolstoyu da bacısına girişdiyinə (ya da əksinə) görə duelə çağır(ıl)ırdı!
Amma hər ikisi də əvvəl ədəbiyyatın tələblərini yerinə yetirirdi, sonra həyatın diqtə etdiyi şərtləri təmin edirdi.
Dostoyevski elə, Turgenev belə – “bu həyatda necə və nə cür yaşamalı” sualına cavab olaraq! Biri “yaşamaq olmur” deyirdi, ölürdü, o biri “belə də yaşamaq olur” deyib yaşayırdı!
Azərbaycan jurnalistikası müstəqillik dönəmində özgürlük tendensiyası, məktəbi, sifəti qoya bilərdi ortaya! Qoymadı – Zərdabidən bəri rus mətbu və ədəbi ənənələri üstündə formalaşan orbitdən qopan ölkəmiz yenə də öz sifətini almağa çalışmadı. Dünyəvilik, qloballaşma, inteqrasiya zir-zibili, falan-filan, zırt-pırt, üstəlik də müstəqil ölkənin çox az müddətdə və sürətlə Heydər Əliyevin əlinə keçməsi qoymadı. Bugünkü müstəqil müxalifət və iqtidar mətbuatı (eləcə də ədəbiyyatı) Master, “siyasi akula” Heydər Əliyevin təlimatlarından o yana keçə bilmədi! Qənirsiz icraçı Ramiz Mehdiyev və Əli Həsənov çox mükəmməl bir orbit yaratdı. İndi Azərbaycan mətbuatından elmi iş yazmaq üçün mövzu götürən olsa, çox rahat müdafiə edə bilər: 30 illik dönəmin bir sifəti, iki üzü var! Arada ötəri kərkinmələri istisna etsək! Soros fondunun ayırdığı milyonlarla qrant belə Heydər Əliyev xəttinin təşəkkülünə xidmət etdi! Sonradan KİVDF xəttiylə tamamlandı! Halbuki…
Birinci ziyan o idi ki, “yekdillik” tələb oldu mətbu orqanın qarşısında: müxalifət özününkünü, iqtidar özününkünü təbliğ-tərif etdi! Alternativ fikir tanınmadı!
İkinci, tənqid-təhlil də “yekdillik” siyasəti üstə yeridildi: müxalifət iqtidarı, iqtidar müxalifəti tənqid-təhqir etdi!
Üçüncü: imperiya, sovet və rus təbliğat pafosunun kriteriyaları əsas meyar oldu: iqtidar da, müxalifət də gopa basmağı prioritet saydı. O dedi “analoqsuzuq”, bu dedi “xalq bizimlədir, gəlirik!”
Və belə bir mətbu orbitdə nəhəng imzalar gözləmək çox böyük ağılsızlıq olardı! Azərbaycan mətbuatının jurnalist adına “nəhəng” çağrıla biləcək imzası yoxdur! Olsaydı, mən atabaatamın, eləcə də yeddi dönənimin ağzıyla qələt edərdim imzamın təyinini-təşbehini “möhtərəm və möhtəşəm” yazardım! Bu gündə olan mətbu müstəvidə, əlbəttə ki, belə mətbuatın möhtərəmi və möhtəşəmi elə özüməm!
Çünki… müəyyən təbəqə görüb deyə yazıram bu misalı: biz heç düşüncəsinə, sözünə, ədəbiyyatına, mətbuatına professionallıq və uğur baxımından əsir olduğumuz rus jurnalistikası qədər də irəli gedə bilmədik!
Nə Kiselyov ola bildik, nə Svanidze, nə Sorokina! Təkcə Mitkova alındı bəzi hallarda.
Jurnalist, siyasətçi, maqnat ola bilmədik Kiselyov kimi.
Bizdən deputat jurnalist Aynur Camal, Sahib Alıyev (yalaq olan o birilərini demirəm) çıxdı!
İsmayıl Ömərov-Bəxtiyar Sadıqov ən parlaq “maqnat”larımız oldu, halbuki dünyanın Rupert Merdok, Kiselyov kimi nümunələri vardı!
Ən bərbad şəkildə ortaya çıxanımız isə… ən axırda Rauf Arifoğlu oldu! Holdinq rəhbəridir indi…
Bizim “Kiselyov”umuz ola biləcək Mir Şahinlə Vahid Mustafayev elə pis NAXIŞ vurdular ki, sonda… bu dəqiqə bütün varlığımızla istəsək də Mir Şahini xilas etməyə, ən böyük sevgimiz belə təhqirə məruz qalacaq! Çünki günlərin bir günü Mir Şahin ya intihar edərək vəsiyyətnamə qoyacaq, ya da bu ölkəni tərk edib siyasi sığınacaq alacaq və… onda onun yeddi qatını söyənlərdən üzr istəyəcək, bağışlanmasını diləyəcək, amma ən şərəfsiz damğasını Aydın Canıyevə (misal üçün öz adımı yazdım) vuracaq! Ki, mənə doğru yolda olduğumu deyirdi, deyə!
Məhz belə prinsipsiz, yəni öz prinsipi ilə yox, təməli “pavlikmorozov”luqla qoyulmuş siyasətin, ədəbiyyatın, mətbuatın panoramında Turgenevlik daha uğurlu variantdır. Biz Heydər Əliyevin öz baş katibi, həm də prezidenti Mixail Qorbaçovun hər sözünə Quran ayəsi kimi əməl etdiyinin fərqinə varmadığımızdan!
Nobel mükafatı alan Qorbaçov “Şpigel” jurnalının verdiyi “siz nəyi yanlış etdiyinizi etiraf edirsiniz ” sualına cavabında demişdi:
– Məni mətbuat ucaltdı, mən mətbuatı nəzərə almadım və mətbuat məni yıxdı!
Heydər Əliyev gül kimi xalq hakimiyyətini mətbuatla yıxdı və gələn kimi mətbuatı yıxdı! İndi kiminləsə görüşəndə birinci sözü o olur ki, bir “jornalist” də gəlmişdi səndən qabaq, qayırdım getdi – kefi çəkən Qəzənfər, cəriməni verən Müzəffər… yəni, mən: durub jurnalistikanın qeyrətini çəkib var-yox saxlamıram!
Müxalifət bunun qabağını almadı! Almaq üçün birləşmədi!
Ölkənin bir nömrəli müxalifət qəzeti “Azadlıq” başladı uzun bir sürəcə Sabir Rüstəmxanlını, Anarı, Əkrəmi, BÜTÜN ZİYALILARI Heydərə işləməkdə suçlamağa və “satqın” adlandırmağa. Bu, Heydər Əliyevin istəyiydi, dolayı istəyi. Çəkirdi yanına ziyalı adına olanları. “Azadlıq” da özəlləşdirməkdənsə onları, onları hakimiyyətin içində ola-ola, özünə işlətməkdənsə, “satqın” çıxara-çıxara özünü dəstəkdən məhrum edirdi.
“Yeni Müsavat”ı da həmçinin!
“Azadlıq”, “Yeni Müsavat” ziyalıları kirə çıxarırdı, iqtidar mətbuatı da liderləri.
Meydanın şahı Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, Ramiz Rövşən olduğu halda klassik xalq cəbhəsində, indi Əli Kərimli iqtidar qəhbəsinin – qəbahət edəninin qoluna girib “istefa” qışqırır!
Və mən bunları bu yazıda niyə yazıram?

Görüntünün olası içeriği: Azər Rəşidoğlu Çünki ad gününü təbrik etdiyim ikisi də – hərəsi birində işləyən Azər Rəşidoğlu və Famil Cəfərlidir!
Və bu imzalar bu gün təbriki ona görə məndən haqq edirlər ki, o “matışkə”liklərin içində olmadılar, deyillər, az qala mətbu orqanların tən yarısında fırlanıblar!
Azər Rəşidoğlu “Azadlıq”da da yazıb, “Yeni Müsavat”da da, “Ayna”nın da aparıcı yazarı olub!
Famil Cəfərli “Palitra”dan tutmuş “Gündəlik Azərbaycan”, “Haqqin.az”, “Virtual.orq”acan hər yerdə hamıyla mırtlaşıb, “Yeni Müsavat”da da redaktor olub!
Və bu adamlar çox böyük bir müdrikliklə imzalarını, vətən sevdalarını ləkələməyə qoymayıblar!
Moskvada məşhur olan çox gözəl bir deyimin ən gözəl tətbiqçiləridir!
Moskvada deyirlər ki, pul tökülüb yerə, dizinəcəndir, amma onu götürmək üçün əyiləndə elə əyilmək lazımdır ki, başın kiminsə dalına, dalın kiminsə “başına” keçməsin!
Hər ikisi bunu çox mükəmməl bacarıb – nə xalqın mənafeyini satıblar, nə iqtidarın mənafeyini, nə müxalifətin.
Professionallığın “yaxşı yazmaq” şərtindən sonra gərəkən digər bir tələbi də elə budur!
Bu iki adamın ikisi də əqidə baxımından çox gözəl nümunədir: biri mömin, sünnilərin bölgəsi olan Qazaxdan olsa da, şiə, digəri şiələrin bölgəsi Cəlilabaddan olsa da, nəinki sünni, hətta ateist!
O qədər gözəl möminlik və ateistlik sərgiləyirlər ki, bir dindar kopayoğlu, bir ateist kopayoğlu onlara inancına və inancsızlığına irad tutamaz!
Hər ikisi əxlaq baxımından qənirsiz – heç birinin adı real həyatda nəinki ədəbsiz-əxlaqsız, föhş, “yasaq aşk”larda hallanır, hətta bunlar virtual dünyada belə “bakirə və müqəddəs Məryəm”dilər!
Hər ikisini ilk növbədə əxlaqına görə çox istəyirəm: yaxşı jurnalist olub-ola bilməmək sonrakı dəyərləndirmədi, jurnalist ilk növbədə nümunəvi əxlaqın sahibi olmalıdı, tolerant olmalıdı inanc-əqidə sarıdan, demokrat olmalıdı polemika müstəvisində. İkisində də çox gözəl performans var!
İkisini də ittiham etmək olmaz aşkarca, ya da dolayısıyla iqtidara işləməkdə, ikisini də ittiham etmək olmaz iqtidarı qərəzlə çığnamaqda, ikisini də alqışlamaq qələm və vicdan borcudur sözə, sənətə, vətənə, xalqa sədaqətli əsgər olmaqda!

Özləri vətən üçün gözəl, ləyaqətli olan bu ağıllı, əxlaqlı, gözəl balalar… həm də töhfələrini bu vətən üçün, yazılarından başqa, övladlarıyla da şərəfləndiriblər!

İkisini də həm də ona görə alqışlayıram və təbrik edirəm ki, el-oba içində, qohum-əqrəba arasında dedirtməyə imkan vermədilər ki, “acıdil, kəmfürsət” nadanlar deyə bilsinlər ki, “salasan… sənin diplomunu paltaryuyan maşına, soxasan… yazdığını yerin altına”.
Zamandan, məkandan, şəraitdən, formasiyadan asılı olmayaraq, jurnalist… yaşama qabiliyyətini digərindən bir boy artıq sərgiləməlidir!
Ailəsi-uşağı, el-obası, toxum-tayfası seçkin olduğunu, özəl olduğunu görməlidir, etiraf etməlidir!
İkisi də bunu nümayiş etdirə bilib!
İkisi də “okolo da vokruq” 50 civarındadır!
Bu hakimiyyətlə 50 yaşa belə diri çatmaq özü də zor: hətta o halda ki, sənin baş redaktorların həm iqtidarın, həm də müxalifətin qəhbəsi olubsa ayrı-ayrı dönəmlərdə!
Əri peysər olan arvadın, arvadı qəhbə olan ərin dili gödək olar!
Mənim bu iki əziz həmkarımın ikisi də müstəsna özgürlük sərgiləyiblər, bir kopayoğlu onları qınaya biməz!
Ən sonda… tez-tez qəhbə qaxıncı edirlər jurnalistlərə ev verilməyini. Baxıram, baxıram bu qaxınc edənlərə, görürəm ki, bildiklərini də yazırlar, bilmədiklərini də. O ev verilən Azər Rəşidoğluya evin necə verilməsini bilməyən nadan, ittiham edəndə konkret elə!
Bilmirsən, deyirəm:
Zahir Əzəmət götürüb yazdı ki, bu ölkədə bu cür imzalara ev verməmək günahdı… sıraya mənim adımı, Azər Rəşidoğlunun, Hüseynbala Səlimovun isimlərini düzmüşdü, özü istəmədiyini, imtina etdiyini vurğulayaraq, halbuki haqqı vardı Zahirin – bütün parametrlər üzrə!
Çağırıb demişdilər ki, Azərə və Hüseynbalaya de ki, ərizə yazsınlar.
Belə alıb evi Azər Rəşidoğlu, Hüseynbala Səlimov. Heç bir şərtə, heç bir öhdəliyə qol çəkmədən, hətta ev almaq barədə düşünmədən!
Talışlarda bir söz var: pox içində mirvari tapıb!
Bəli, bu gün Azərbaycanda mətbuat – elektron və kütləvi informasiya vasitələri elə o gündədi!
Amma Azər Rəşidoğlu, Hüseynbala Səlimov, Məmməd Süleymanov, Şahvələd Çobanoğlu, Zamin Hacı kimi “mirvari”lərin günahı deyil bu!
Onların bu mətbuatın kanalizasiyaya çevrilməsində nəinki əməyi var, hətta buna qarşı zaman-zaman mübarizə aparıblar: biri lap çox, biri çox, biri lap az, biri az.
Azərbaycan jurnalistikasının Turgenevləri, təbrik edirəm, var olun və belə də yaşamağa davam edin, “ölümə də gözəl doğulun” (Pərviz Cəbrayıl)!
Siz yaşamağı gözəlləşdirdiyiniz kimi, ölümü də gözəlləşdirəcək qədər möhtəşəmsiniz!
Əlinizə verirəm… bu təbrik mətnini, qürurla, fərəhlə, başınızı dik tutaraq oxuyun – indi dostlarınıza, qiyamətdə İlahinin hüzurunda ittiham mələklərinə demək üçün:
– Biz yaşadıq! Ləyaqətlə yaşadıq! Şərəflə öldük!