“Azərbaycan gəncliyinin gələcəyi sual altındadır” – Gənclər problemlərdən danışdılar

Ölkədə mövcud olan ağır sosial-iqtisadi problemlər gənclərdən də yan ötmür.

Sozcu.az saytı problemlərlə bağlı tanınmış ictimai fəl gənclərin fikirlərini öyrənib:

Ağsu rayonunda yaşayan ictimai fəal Anar Rəsullu gənclərin ən böyük probleminin ictimai proseslərdən uzaq salınması olduğunu deyib: ” Ölkədə kütləvi işsizlik problemi baş alıb gedir. Gənclərə diqqət və qayğı göstərilmir. Dövlətin “gənclər siyasəti” ancaq məmurların övladlarının rifahının daha da yaxşılaşmasından ibarətdir. Azərbaycan gəncliyinin gələcəyi sual altındadır. Mən hesab edirəm ki, işsizlik və işsizliyin yaratdığı ciddi narkomaniya problemi düşmən qüvvələrin düşünlmüş senarinin tərkib hissəsidir. Narkomaniyaya qurşanan insanları sosial-siyasi proseslərə qoşulmayaraq səfil həyata davam edirlər. Gəncliyi ölkəsinin siyasi proseslərindəki aktivliyinin qarşısını ancaq onları təhsilsiz və işsiz qoymaqdan keçir. Təhsili və işi olmayan insanların əksəriyyəti ketdikcə məqsədi və doğru məramı olmayan bir insan kütləsinə çevrilirlər. Mən hesab edirəm ki, hakimiyyətin Azərbaycan gəncliyinə yaratdığı bu problemlər düşünülmüş və bilərəkdən həyata keçirilən siyasətin tərkib hissəsidir. Azərbaycan gəncliyi düşünməli, birdəfəlik başa düşməlidir ki, onların gələcəyi Azərbaycanın gələcəyinin ayrılmaz hissəsidir. Dövlətini, millətini , ailəsini sevən, gələcəyini düşünən hər bir Azərbaycan gənci bu günki durumdan narahat olmalı, öz talelərini qurmaq üçün mübarizə aparmalıdırlar.

Tanınmış ictimai fəal Sərxan Carçı , “Mən bir neçə dil bilən fəhlə tanıyıram”, deyə münasibət bildirib: Ən pis şey boşluqdu, bütün pisliklər boşluqdan yaranır Hətta müqəddəs kitabımızda da cəbab haqq insanları çalışmağa çalışır. Amma təəssüf ki, günümüzdə ölkəmizin iqtisadi vəziyyəti elə bir durumdadır ki, İşləmək yaşında olan insanlar iş tapa bilmir Kiçik sahibkarlıqla məşğul olub bir neçə adamı işlə təmin edəcək insanlara da işləməyə imkan verilmir. Bütün intiharlar, boşanmalar və gənclərin narkamaniyaya meyillənməsi hamısı buna bağlıdı Hər nə qədər sovet dövrünü tənqid etsək də, o dövrün yeganə üstünlüyü o idi ki, hamı işləyirdi Soveti tərifləyənlər ən çox da bu səbəblə tərifləyir və onları qınamaq da çətin olur. Amma indi bir gənc güc bəla ilə universiteti bitirir, sonra da illərlə iş axtarır. Təhsili dövründə öyrəndiklərini də yaddan çıxardır. Mən bir neçə dil bilən fəhlə tanıyıram. BDU-nun hüququnu bitirmiş fəhlə tanıyıram. Bütün bunlar dövlətimiz üçün utancverici haldı.
Avropa.info saytının əməkdaşı, İmişli rayon sakini Saleh Qafarlı ən əsas problemlərdən birinin son zamanlar gənclər arasında geniş yayılmağa başlayan narkomaniya olduğunu deyib: “İmişli Şəkər Zavoduna xammalın gəlmədiyi üçün kütləvi ixtisarlar başlayıb. Bu da da İmişli rayonunda işsizliyin sayının artmasına ciddi təsir edir. İşsizlik narkomaniyanın yayılmasında əsas səbəblərdən bir olduğu üçün, hesab edirəm ki, gənclərin işsizlik problemləri aradan qaldırılsa, narkomaniya ilə bağlı problem də həllini tapar. Faciə o həddə gəlib çatıb ki, hətta məktəbli işaqların arasında da narkotikdən istifadə edənlər var”.

Hazırda Şəmkir rayonunda yaşayan ictimai fəal Ceyhun Nəbi bildirib ki, yalan və görüntü üzərində qurulmuş “gənclərə qayğı siyasəti”ndən Şəmkir gəncləri də narahatdırlar: “Hər yerdə olduğu kimi Şəmkirdə də sosial problemlər, işsizlik çox yüksək səviyyədədir. Bir zamanlar Şəmkirdə fəaliyyətdə olmuş fabrik və zavodların bir çoxunun fəaliyyəti dayanıb. Şəmkir Azərbaycanın ən böyük kənd təsərrufatı rayonlarından biridir, son illər bu sahədə ağır dövrə daxil olub və geniş şəkildə işsizliyə zəmin yaradıb. Digər tərəfdən Şəmkir Rusiya ilə geniş iqtisadi bağları olan rayondur. Bu rayondan olan çoxlu sayda gənc bu gün də Rusiyada çalışmaqdadır. Son illər Rusiyada iqtisadi böhranla bağlı ciddi problemlər yaranıb. Orada ticarətlə məşğul olan həmyerlilərimiz də işsizliklə üzləşiblər, çoxlu sayda gənclərimiz işsiz və pərişan formada rayona qayıdıb, nə edəcəklərini, hansı işlərlə məşğul olacaqlarını bilmirlər. Ənənəvi qayda pozulub, Səmkir rayonunda bu gənclərin, işsizlər ordusunun yaşayışlarını necə təmin edəcəkləri sual altındadır. Dovlətin gənclərlə bağlı sosial siyasəti yalanlar üzərində qurulduğundan və saxta mahiyyət kəsb etdiyindən Azərbaycanda insanların bütün ümidləri tükənib. Gənclərin işlə bağlı müraciət etdiyi Məşğulluq Mərkəzi sadəcə qeydiyyat işi ilə məşğuldur, insanların iş müraciətlərinin 99 faizi cavabsız qalır. Bunun nəticəsində işsiz qalan, bütün umidləri dövlət tərəfindən tukənmiş işsizlər ordusu, gənclərimiz ya oğurluq edir yadaki başqa formada cinayətlər torədirlər. Təhsil, gənclərin asudə vaxtlarını necə keçirməsi məsələsinə gəldikdə isə bunlardan danışmağa dəyməz. Şəmkir rayonunda ictimai kitabxanalar passiv formada fəaliyyət gostərir. Həmçinin qeyd edim ki, 200 mindən artıq əhalisi olan Səmkir rayonunda bir dənə də olsun kitab satışı məntəqəsi yoxdur. Bir sozlə Şəmkirdə Iş, təhsil, gənclərin asudə vaxtlarını maraqlı keçirməsi ücün normal sturukturlar yoxdur. Yalan və goruntu uzərində qurulmuş “gənclərə qayğı siyasəti” Şəmkirli gənclərdə narahatlıqlar yaradır və gənclər düşünurlər ki, gorəsən bu yalanlar, saxtakarlıqlar nə vaxt bitəcək.