”Azərbaycanla Gürcüstanın münasibətlərinin gərginləşməsi Kreml və Tehranın maraqlarına uyğundur”

Natiq Cəfərli: ”Udabno monastırının Gürcüstana verilməsi Azərbaycan üçün yolverilməzdir”

“Keşikçidağ məbədi ilə bağlı gürcülərin iddiaları yeni məsələ deyil, amma birdən-birə Gürcüstan tərəfdən bu məsələdə bir sıra həmlələr düşündürücüdür”.

Bunu Meydan TV-ə son günlər Azərbaycan və Gürcüstan ictimaiyyəti arasında sərhəddə yerləşən Keşikçidağ məbədi (gürcü variantında David Qareci) ilə bağlı baş verən proseslərə münasibət bildirən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Orta əsr mağara kompleksi Tbilisidən 60 km. cənub-şərqdə yerləşir və dağ yamacı boyunca 25 km. ərazini tutur. Kompleksin Azərbaycanın nəzarətində olan hissəsi, Udabno monastırı daxil olmaqla, dağ ətəyinin qərb yamacında yerləşir.

Gürcüstanın Azərbaycanla 446 km. ümumi sərhəddi var. Dövlət sərhədlərinin delimitasiyası (qonşu ölkələr arasında dövlət sərhədinin razılaşdırılması) və demarkasiyası (müəyyən sahələri işarələrlə ayırma) üzrə ikitərəfli komissiya 1996-cı ildən işləsə də, sərhədin 30 faizi razılaşdırılmayıb.

Məsələ ətrafında yeni gərginlik Gürcüstanın prezidenti Salome Zurabişvilinin aprelin sonlarında kompleksi ziyarət etməsindən sonra başlayıb.

Bundan sonra gürcü tərəfi Azərbaycan sərhədçilərinin monastır kompleksinə gedən yolu bağladıqlarını bildiriblər.

Gürcüstan sakinləri monastır ərazisində aksiya təşkil ediblər. Onlar Azərbaycan ərazisinə keçərək canlı sipər yaradıblar.

Salome Zurabişvili vəziyyətin gərginləşməsini onun kompleksə səfəri ilə bağlı olduğunu deyənlərə təəccübləndiyini bildirib. “Amerikanın Səsi” radiosuna müsahibəsində o deyib ki, prezidentin David Qarecini ziyarət etməsinin təxribat olduğunu bilmirdim.

“Bəzi insanların milli şüurunun, vətənpərvərliyinin səviyyəsinə təəccüblənirəm. Belə çıxır ki, prezident bizim hesab etdiyimiz ərazilərə səfər etməməlidir?”, – Salome Zurabişvili deyib.

Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı mətbuata şərh verərək, deyib ki, Azərbaycan tərəfi daim sərhədlərin delimitasiyası məsələsinin həllinin tərəfdarı olub və danışıqlar yolu ilə problemlər həll edilməlidirlər.

Vəziyyətin gərginləşməsinə bir işarə kimi Azərbaycan və Gürcüstan sərhəd xidmətləri rəhbərlərinin mayın 6-da təcili görüş keçirmələrini, digər işarə kimi isə uzun illər Gürcüstanla sərhəd məsələlərinin həlli ilə məşğul olan Xələf Xələfovun Nazirlər Kabinetinin aparat rəhbəri vəzifəsindən yenidən xarici işlər nazirinin müavini vəzifəsinə qaytarılmasını göstərmək olar.

Vəziyyəti şərh edən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə daha sonra bildirib ki, SSRİ dağılanda, respublikalar müstəqillik qazanandan bəri həll olunmayan bir sıra ərazilər, o cümlədən, Keşikçidağ məbədi də mübahisə və müzakirə predmetidir:

“Ən əsası odur ki, tərəflər müzakirəyə hazırdılar, amma həllinin nə qədər çəkəcəyini demək çətindir”.

Zəlimxan Məmmədli hazırda Gürcüstanla Azərbaycan arasında baş verən bir sıra hadisələr üzərində düşünmək lazım olduğunu bildirib:

“İlin əvvəlində separatizmdən əziyyət çəkən Gürcüstanda Qarabağda separatçılar tərəfdən döyüşən erməni əsgərinə heykəl qoyulur və ardınca həyasızlıq edirlər. Sonra Ermənistanla Rusiyanı birləşdirən yeni tranzit xətlərinin çəkilməsi, Ermənistanla strateji əməkdaşlıq niyyətinin açılması kimi məsələlər təsadüfi deyil. İndi isə gözlənilmədən Azərbaycanın etdiyi yaxşılıqlar qarşısında Keşikçidağ məbədinə yürüş edilir, iddialar səslənir”.

Zəlimxan Məmmədli sual edib ki, niyə Gürcüstan azərbaycanlılarının Elat Bayramı keçirilməsinə icazə vermirlər, yaxud pedaqoji kadrların çatışmazlığı haqda illərdir qaldırılan məsələlər həll edilmir:

“Görünür, özəl, korporativ maraqlar milli mənafeni arxa plana keçirib. Səbəblərə gəlincə, İvanaşvili hakimiyyətinin Rusiya meylli olması və bolşevik düşüncəsi ilə proseslərə yanaşması ortalıqda var. Paralel olaraq Bakı-Tbilisi münasibətlərinin inkişafı Kremlin və Tehranın maraqlarına uyğun deyil. İran Gürcüstandakı azərbaycanlıların yaşadığı bölgələrdə dini ekspansiya aparır, Rusiya da siyasi hakimiyyətə təsir imkanlarını genişləndirir və avrointeqrasiyanı əngəlləmək üçün gərginliyi artırır. Kremlin siyasi təzyiqinin altında Azərbaycandan istədiyini almaq niyyəti dayanır. İvanaşvili hakimiyyətinin də Kremlin maraqlarına oynaması bu prosesin tərkib hissəsidir. Halbuki, əraziləri işğal olunan Gürcüstan hakimiyyəti eyni ilə əraziləri istila olunan Azərbaycana dəstək verməliydi. Burada ABŞ-İran münasibətlərinin gərginliyi də təsirsiz ötüşmür”.

Z.Məmmədlinin sözlərinə görə, Azərbaycanla Gürcüstan münasibətləri gərginləşərsə, İvanaşvili komandasının da, Moskva və Tehranın maraqları bölgədə təmin olunacaq, amma maraqları əzilən Azərbaycan və gürcü millətləri və Avropa demokratiyası olacaq:

“Biz yenə də baş verənlərin fərqində olub məsuliyyətimizi dərk edib bütün təxribatların dəf olunma yollarını tapmalıyıq. Həm də ölkəiçi resursların təmərküzləşməsinə çalışmalıyıq, qütbləşmədən uzaqlaşmalıyıq, hakimiyyət anlamalıdır ki, gəmi batsa, onlar da batacaq”.

Əslən gürcüstanlı olan ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Kavkazski Uzel” agentliyinə müsahibəsində deyib ki, SSRİ dağıldıqdan sonra keçmiş respublikalar arasında olan administrativ sərhədlər dövlətlərarası sərhədlər kimi tanındı.

“Qərara alındı ki, sonrakı delimitasiya və demarkasiya məsələləri də bu sərhədlərin əsasında həll edilsin”, – Natiq Cəfərli deyib.

O deyib ki, Gürcüstan hakimiyyəti monastırın bu ölkəyə verilməsi tələbini irəli sürməyiblər, amma ictimai, siyasi, dini xadimlər bu barədə danışırlar.

“Kompleksə daxil olan Udabno monastırının Gürcüstana verilməsi Azərbaycan üçün yolverilməzdir. Bu ərazinin hərbi-strateji əhəmiyyəti var. Onun Azərbaycan dilində adının Keşikçidağ olması da təsadüfi deyil. Udabno Qafqaz Albaniyası dövrünə aiddir. Azərbaycan bu abidənin qorunmasında maraqlıdır”, – Natiq Cəfərli deyib.(Meydan tv)

Sozcu.az