”Azərbaycanla Almaniya arasında problem NATO ilə əlaqələrə pis təsir göstərir”

“Hər iki ölkənin xarici işlər nazirlikləri gərgin danışıqlar aparıblar”

Azərbaycanın hava məkanında NATO aviasiyası üçün heç bir problem yoxdur.

Bunu ötən həftə Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent Bakıda jurnalistlərlə görüşündə deyib.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, o bildirib ki, Amerika təyyarələri sərbəst uçurlar.

“Ola bilsin ki, söhbət Almaniya aviasiyası üçün problemdən gedir. Bunun NATO-Azərbaycan əlaqələrinə aidiyyatı yoxdur. Bu, Azərbaycanla Almaniya arasında ikitərəfli məsələdir”, – C.Kent deyib.

Meydan TV-nin məsələ ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarova Azərbaycanla Almaniyanın arasında hansı problemlərin yaşana bilməsi barədə yönləndirdiyi sualına eks nazir informasiya olmadığından bu barədə danışmağa çətinlik çəkdiyini bildirib.

Onun fikrincə, hərbi təyyarələrin Azərbaycan hava məkanından keçməsi qaydaları var, bu, beynəlxalq qaydalarla tənzimlənir. Tofiq Zülfüqarov deyib ki, ola bilər hansısa prosedurlar yerinə yetirilməyib və problemlər qalır, ancaq dəqiq heç nə demək olmaz:

“Məsələ ondadır ki, hərbi təyyarələr keçəndə hansı yükü daşıması barədə deklarasiya təqdim edir. Hər halda Almaniya ilə Azərbaycan arasında münasibətlər baxımından belə bir ciddi problem yaşandığına inanmıram”.

Ancaq hərbi ekspert Cəsur Sümərinli fərqli düşünür.

O, hesab edir ki, Azərbaycanla Almaniya arasında sözügedən məsələdə yaranmış problem ümumiyyətlə, Azərbaycan – NATO əlaqələrinə pis təsir edir, çünki Almaniya NATO-da söz sahibi olan əsas ölkələrdən biridir.

Cəsur Sümərinli xatırladıb ki, Almaniya ilə Azərbaycan arasında hərbi-siyasi gərginlik bu ilin birinci rübündə, martın sonlarında başlayıb.

“Aprelin 7-də Almaniyanın “Spiegel” dərgisi Bundesverdəki xüsusi təyinatlı qüvvələr komandanlığına istinadən məlumat verdi ki, Almaniyanın Müdafiə Nazirliyi (Bundesver) Əfqanıstandakı əsgərlərini yalnız ABŞ-ın köməyi ilə çıxara bilər. Çünki Azərbaycan öz üzərindən müvafiq uçuş icazəsi vermək istəmir. Bu səbəbdən Bundesver özünün daşıma təyyarəsini Əfqanıstana göndərə bilmir. Rəsmi Baki bu barədə yaydığı açiqlamada (8 aprel) isə məlumatın həqiqətə uyğun olmadığını və qərəzli olduğunu bildirmişdi”.

Cəsur Sümərənli bildirib ki, onun araşdırmalarına görə tərəflər arasında sözügedən məsələdə həqiqətən də ciddi fikir ayrılıqları var və bu istiqamətdə aprel ayı ərzində hər iki ölkənin xarici işlər nazirlikləri gərgin danışıqlar aparıblar. (edited)

“Müxtəlif mənbələrdən verilən məlumata görə gərginliyin əsas səbəblərindən biri Azərbaycanın Almaniya ilə silah alışı və müdafiə sənayesi sahəsində hərbi əməkdaşlıq niyyətinə rəsmi Berlin tərəfindən qaneedici cavab verilməməsidir. Daha doğrusu, Berlin “hə” deməyə tərəddüd edir. Almaniya cəmiyyətində, siyasi dairələrində, siyasi partiyalar və müxalifətində bu məsələ ilə bağlı alman hökumətinə ciddi basqı mövcuddur”.

O deyib ki, Almaniya Bundestaqının üzvünün və bir sıra digər rəsmi və qeyri-rəsmi şəxslərin Azərbaycan hakimiyyətinin nümayəndələri ilə “qaranlıq” əlaqələri hələ də cəmiyyətdə müzakirə mövzusudur.

“Eyni zamanda, Azərbaycan-Ermənistan münaqişəsi və Almaniyanın Azərbaycana verə biləcəyi silah və hərbi texnikanın bu münaqişədə istifadə olunması mümkünlüyü diqqət mərkəzindədir. Bir sira mənbələr bildirirlər ki, Almaniya hakimiyyəti bu basqıları nəzərə alıb Bakıya müsbət cavab verməyə tərəddüd edir və eyni zamanda hərbi əməkdaşlığın irəliləməsi üçün rəsmi Bakıdan bir sıra siyasi, hüquqi islahatlar istəyir. Rəsmi Bakı isə məhz bütün bunlara cavabında özünün hava məkanını Almaniya hərbi təyyarələrinin üzünə bağlayıb”.

Bütün bunlara rəğmən hərbi ekspert düşünür ki, problem yaxın günlərdə yoluna qoyulacaq. Yəni Azərbaycan Almaniya təyyarələrinə müvafiq uçuş icazəsi verəcək.

“Amma Azərbaycanla Almaniya arasında silahlanma sahəsində hərbi əməkdaşlığın Bakının istəyinə uyğun irəliləməsi perspektivləri yaxın gələcək üçün aydın görünmür”.(Meydan tv)

Sozcu.az