“Azərbaycanda Müsavat Başqanından daha legitim heç bir vəzifəli şəxs yoxdur” -ARİF HACILI

“Maraqlıdır ki, Müsavatda seçkilərin nəticələrini indi də şübhə altına almağa çalışanların, bu mövzuda cığallıq edənlərin İstanbul seçkilərindəki cığallıqla bağlı qəzəbli yazılarına rast gəldim.”

Müsavat başqanı Arif Hacılı yazır…

Mazbata sözünü də öyrəndik…

Ekrem İmamoğlu nəhayət seçki komissiyasından sənədlərini alıb görəvinin icrasına başladı.

İstanbul seçkiləri, xüsusilə seçkilərdən sonra səslərin sayılması sürəci Azərbaycanda da çox diqqətlə izlənirdi. İmamoğlu həm tanındı, həm də rəğbət qazandı. Seçkilərin nəticələrini tanımaq istəməyənlər isə hər tərəfli itikilərə məruz qaldılar.

Cığal göründülər, haqqın tərəfini tutmadıqları üçün hədəfə gəldilər.

Bu seçkilər mənə Müsavat Partiyasının son qurultayındakı seçkiləri bir daha xatırlatdı. O zaman da seçkilərin nəticələrini şübhə altına alanlar oldu. Hətta bəzi nüfuzlu demokratların seçkilər bitdikdən sonra bu seçkiləri Azərbaycan üçün bir nümunə adlandırıb, müdafiə etdikləri namizədin məğlub olduğu nəticələr açıqlanandan sonra nəticələri şübhə altına almağa cəhd etmələri də oldu.

Maraqlıdır ki, Müsavatda seçkilərin nəticələrini indi də şübhə altına almağa çalışanların, bu mövzuda cığallıq edənlərin İstanbul seçkilərindəki cığallıqla bağlı qəzəbli yazılarına rast gəldim.

Bu günlərdə sosial şəbəkədə belə bir yazı qarşıma çıxdı. Yazmışdılar ki, qurultaydan sonra başqan kimi legitimliyi şübhə altında olan Arif Hacılı hansısa qərarları qəbul etmək zorunda idi. Halbuki Azərbaycanda Müsavat Başqanından daha legitim heç bir vəzifəli şəxs yoxdur.

YAP da daxil heç bir partiyanın sədri alternativ yolla, seçki kampaniyaları təşkil edilməklə, paritet əsaslarla formalaşan komissiyalar vasitəsi ilə, gizli səsvermə yolu ilə, səslərin sayılmasının televiziya kanallarının canlı yayımında göstərilməsi ilə seçilməyib.

Azərbaycanda Prezident, parlament, bələdiyyə, rektor və. s seçkilərdə bu demokratik prosedurlar cəm olaraq tətbiq edilməyib.

Ümumiyyətlə, Azərbaycan tarixində Müsavat Partiyasının son qurultayında olduğu kimi domokratik, şəffaf, belə prosedurlara əməl olunmaqla seçkilər keçirilməyib.

Bununla Müsavatdakı seçkilərin nəticələrindən əsasən mənfi konteksdə danışılır.

İstanbulda da eyni hadisə baş verdi. Məğlub tərəf bununla barışmaq istəmədiyi üçün 17 gün müxtəlif üsullarla nəticələrin dəyişdirilməsinə, şübhə altına alınmasına çalışdı. Çox yaxşı haldır ki, Türkiyədə, Azərbaycanda ümumi ictimai rəy qələbəsi oğurlanmağa cəhd edilən İmamoğlunun tərəfində oldu. Qüdrətli dövlət maşını xalqın iradəsi qarşısında duruş gətirə bilmədi.

Demokratik cəmiyyətdə yaşamaq istəyiriksə demokratik vərdişlərə yiyələnməliyik.

Demokratiyada isə udmaq da var, uduzmaq da.

Azad səsvermənin, demokratik seçkinin nəticələrini tanımadan demokratiyanın inkişafına nail olmaq mümkün deyil.

Yazı Arif Hacılının “facebook” səhifəsindən götürülüb

Sozcu.az