”Azərbaycanda milli valyutanın dolların məzənnəsi ilə nominal məzənnəsi arasında böyük fərq var”

İqtisadçı: ”AQP və nominal məzənnə arasında fərq 4 dəfə olub”

Dünya Bankı alıcılıq qabiliyyəti pariteti (AQP) üzrə milli valyutaların dolların məzənnəsi ilə nominal məzənnəsi arasında ən böyük fərq müşahidə edilən ölkələrin statistikasını açıqlayıb. Bankın hesablamalarına görə, Azərbaycan belə ölkələrdəndir.

Belə ki, 2017-ci ildə Azərbaycanda orta illik nominal məzənnə 1.7 manata yaxın olduğu halda, AQP üzrə məzənnə 1 USD=0.4 manat təşkil edib.

İqtisadçı Rövşən Ağayev deyir ki, AQP və nominal məzənnə arasında fərq 4 dəfə olub:

“AQP məzənnəsi valyutanın real alıcılıq qabilyyətini göstərir. Yəni, Dünya Bankının hesablamasından çıxış etsək, ABŞ-da 1 dollara alınan məhsul səbətini Azərbaycanda 40 qəpiyə almaq mümkündür. Halbuki 2 ölkədə qiymət pariteti nominal məzənnəyə uyğun olsa idi, həmin səbət 1.7 manata alınmalı idi”.

İqtisadçı deyir ki, ABŞ dollarına münasibətdə bütün valyutaların nominal və AQP məzənnəsi arasında fərqlər var. Sadəcə qiymət səviyyəsi və valyuta bazarının fəaliyyət mexanizmlərindən asılı olaraq ayrı-ayrı valyutalar üzrə həmin fərq çox dəyişkəndir:

“İnkişaf etmiş ölkələrdə həmin fərq ya ümumiyyətlə yoxdur, ya da minimumdur:

“Ya da 10-20 faiz intervalındadır. İnkişaf etməkdə olan ölkələrdə isə fərq həddən artıq böyükdür. 1.5-2 dəfədən 5-6 dəfəyə dəyişir”.

Dünya Bankının məlumatına görə, 2017-ci il Rusiya, Gürcütan və Türkiyədə AQP və nominal məzənnə arasında fərq 2.5, Belorus və Qazaxıstanda 2.8, Çində 1.8 dəfə olub.

Rövşən Ağayev deyir ki, Azərbaycanda nominal və AQP məzənnəsi arasında fərq digər ölkələrə nisbətən daha yüksəkdir. Buna səbəb həm ölkələrarası qiymətlərin yaxınlığıdır. Həm də rəqabətli, qiymətlərə müdaxilənin olmadığı bazardır:

“Burada başqa amil də var. Əmtəə bazarı ilə yanaşı valyuta bazarına müdaxilə nə səviyyədədir? Nominal valyuta məzənnəsi rəqabətli bazarda formalaşır, yoxsa administrativ qərarla? Yəni bizdə məzənnənin 2015-ci lin dekabrında məzənnənin niyə 1.35 yox, 1.55 müəyyən edilməsi, hansı hesablamalara və əsaslandırmalara söykənməsinin şəffaf izahlarını görə bilmirəm. Yaxud tədiyə balansında 4 mlrd. dollar profisit yarandığı ölkədə milli valyutanın məzənnəsinin hətta 1-2 qəpik intervalda dəyişməməsi belə suallar doğurur”.

Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s Investors Service” (“Moody’s”) isə Azərbaycan hökumətinə və Mərkəzi Bankına xəbərdarlıq edib. Agentlik deyir ki, Mərkəzi Bank manatın 2015-ci ilin dekabr ayında “üzməyə” başladığını elan etmişdi, amma 2017-ci ilin əvvəlindən manat ABŞ dollarına qarşı sabitdir.

“Moody’s”ə görə, məzənnənin sabit olması sual doğurur, çünki “üzən məzənnə” rejimi barədə Mərkəzi Bankın öhdəliyi var idi. Agentlik xəbərdarlıq edir ki, belə yanaşma, inzibati tənzimləmə ölkə üçün təhlükədir, iqtisadi institutların olmaması, bazar iqtisadiyyatı elementlərinin formallığı ciddi təhdiddir.

“Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov iddia edirdi ki, ölkə artıq “üzən məzənnəyə” keçib. O, bu barədə açıqlamalar verib. İndi məlum olub ki, onun dedikləri səhv imiş. Agentlik də indi şokdadı ki, belə ciddi qurumun rəhbəri necə səhv danışa bilər axı?! Daha demirlər ki, bu sistemin bütün hekayəsi yalan üzərində qurulub. Təhlükə isə odur ki, iqtisadi institutlar olmayanda ölkələr böhranlara “hamilə” qalır, sonda “doğduqları” da xaos olur,” – iqtisadçı Natiq Cəfərli deyir.