Azərbaycanda işsizlər Dünya Bankının vəsaiti hesabına layihəyə cəlb ediləcək

Özünü məşğulluq proqramına ötən il təqribən 7200 insanı cəlb etmişik və 6000 min ailəyə aktivlər paylamışıq.

Sozcu.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, cari il ərzində bu proqramın genişləndirilməsi, təxminən 8 -10 minə çatdırılması nəzərdə tutulur:

“Gələn ildən Dünya Bankının krediti hesabına əlavə bir layihə də başlanacaq. Bu istiqamətdə müzakirələr gedir. Təqribən 7000 min insanın işsizlikdən sığorta fondu hesabına, digər 7-8 min insanın isə Dünya Bankının vəsaitləri hesabına proqrama cəlb edilməsi gözlənilir. Bununla da gələn il bu sayın 15 minə qaldırılmasını planlaşdırırıq. Söhbət 15 min ailədən gedir. Orta hesabla bir ailəni 4 nəfərdən götürsək, bu proqram 60 min insana dəstək olacaq”.

Nazir qeyd edib ki, bu layihə 15 min kiçik və mikro biznesin yaranmasına səbəb olacaq:

“Təcrübə göstərir ki, heç də kiçik və mikro bizneslər uğurlu olmur. Buna görə də, aktivlər paylandıqdan sonra rüblük əsasda monitorinqlər davam etdiriləcək və 2 illik dövrün sonunda nə qədər biznesin uğurlu olaraq fəaliyyətini davam etdirəcəyini və davamlı olacağını görəcəyik”.