Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ – 3-cü yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu

Xiyabaninin başçılıq etdiyi Milli hökumətə “Azadistan” adı verməsi də birmənalı qarşılanmamışdır. Bəzi tədqiqatçılara görə, onun Azərbaycan əyalətini “Azadistan” (“Azadllıq ölkəsi”) adlandırmasına səbəb quzey Azərbaycandakı Azərbaycan Cümhuriyyətinin varlığı olmuşdur. Yəni Xiyabani artıq dünyada Azərbaycan adlı bir dövlət olduğu üçün, Milli hökumətə “Azadistan” adını vermişdir. Xiyabaninin tədqiqatçılarından Şövkət Tağıyeva hesab edir ki, o dövrdə Azərbaycan Cümhuriyyəti rəhbərliyinin Güney Azərbaycanla birləşmək niyyətinə ADF və onun lideri Xiyabaninin münasibəti mənfi olmuşdur.
Xiyabaninin başqa bir tədqiqatçısı prof. Vüqar Əhməd isə hesab edir ki, Şeyx Məhəmməd Sovet Rusiyasının qurucusu V.İ.Leninə və Qırmızı Orduya müsbət meyil bəsləmiş, Azərbaycan Cümhuriyyəti və onun liderlərinə isə hüsn-rəğbət göstərməmişdir: “Tarixi mənbələr göstərir ki, Xiyabaninin “Azərbaycan” adının “Azadistan”a çevirməsinin səbəbi məhz bu olmuşdur. Onun Quzey Azərbaycanın 1918-ci il may ayının 28-də elan olunan müstəqillyinə qeyri-səmimi münasibəti, onun Quzey Azərbaycanı “XI qızıl ordu” işğal edənə qədər, Quzey Azərbaycanla bütün əlaqələrinin kəsilməsinə səbəb olmuşdu. Xiyabaninin “Turançılıq ideyası”na da münasibəti müsbət olmamışdır. Lakin Nəriman Nərimanov kimi, Xiyabani də sonradan Leninin və bolşeviklərin riyakarlığını görüb peşimançılıq çəkmişdir”.
Prof. Cəmil Həsənli isə bu barədə bir qədər fərqli fikir yürüdərək hesab edir ki, Quzey Azərbaycanın zorla sovetləşməsinin gedişində Rusiya bolşeviklərinin ölkənin müstəqilliyinə məhəl qoymaması Xiyabanini ehtiyatlı hərəkət etməyə vadar etmişdi. Belə ki, rus bolşeviklərin Quzey Azərbaycanda işğalçılıq siyasəti yürütdüyü üzə çıxınca Xiyabani Sovet Rusiyasının yardımlarının təmannasız ola bilməsinə şübhələri artmağa başladı. Ona görə də, o, Sovet Rusiyasının yardımlarından imtina edib, “hərəkatın ilkin mərhələsində kiçik hallar istisna olmaqla, Ş.M.Xiyabani bolşevizmə qarşı barışmaz mövqe tutub”.
Fikrimizcə, Vüqar Əhmədin də qeyd etdiyi kimi, Nəriman Nərimanovun timsalında Sovet Rusiyasına başqa dövlətlərdən çox ümid bəsləyən Xiyabani, rəsmi Moskvanın da işğalçılıq siyasətini (buna ən bariz örnək doğma Azərbaycan Cümhriyyətinin işğalı idi) açıq şəkildə gördükdən sonra rus bolşevizminə ümidləri xeyli dərəcədə azalmışdır. Ancaq bu heç də, Xiyabaninin milli-demokrat əqidəsindən əl üzməsi də ola bilməzdi. Hər halda onun lideri olduğu ADF-nin məramnaməsində sosial-demokrat, liberal-demokrat prinsiplər də öz əksini tapmışdır ki, ancaq onlar daha çox demokratlar, ya da milli-demokratlar kimi tanınırdılar. Artıq milli-demokratlar isə başda Xiyabani olmaqla, rus bolşevizminin iç üzünü daha real şəkildə gördükdən sonra onlarla da əlaqələrini kəsmişdilər.
Güney Azərbaycanda yaranan Milli hökumətə “Azadistan” adının verilməsi məsələsinə gəlincə, C.Həsənli onu da belə izah edir: “Xiyabaninin silahdaşlarından olan İsmayıl Əmir Xizinin təklifi ilə yeni yaranmış dövlətin adını “Azadistan” qoydular. Əmir Xizi məsləhət gördü ki, Azərbaycan məşrutə yolunda çox səylər və İrana azadlıq gətirdiyindən, dünyada artıq Azərbaycan adlı dövlət olduğundan milli azadlığa qovuşmuş ölkənin adını “Azadistan” qoysunlar. Xiyabani bu fikri qəbul etdi”. Doğrudan da, Xiyabani Əmir Xizinin bu məsləhətindən sonra demişdir: “Azərbaycanın adını Azadistana dəyişərək, bu gündən bu adı rəsmi ad kimi elan edirik”. Xiyabaninin Azərbaycan Cümhuriyyətinə olan mövqeyini isə C.Həsənli belə izah edir ki, onun Quzey Azərbaycana münasibətdə ehtiyatlı mövqeyi hərəkatın ilk dövrlərində rəsmi Bakının ingilislərin təsirində olması, sonrakı dövrdə isə Sovet Rusiyası tərəfindən işğal olunması ilə bağlı idi. Başqa sözlə, Xiyabani istər İngiltərə, istərsə də Rusiya tərəfindəın olsun, bütövlükdə xarici müdaxilənin əleyhinə olub. Tanınmış tarixçi alim T.Svyatoçovski də yazır ki, Azərbaycan Cümhuriyyətinin Sovet Ruisyası tərəfindən işğalı Xiyabaniyə çox pis təsir göstərmişdir.
Bizcə də, Xiyabaninin “Azadistan” adının üzərində dayanmasımda artıq Azərbaycan adlı dövlətin mövcudluğu mühüm rol oynamışdır. Həmin Azərbaycan Cümhuriyyəti adlı dövlətlə yaxından münasibətlər qura bilməməsində də, bir tərəfdən İngiltərənin, o biri tərəfdən Sovet Rusiaysının imperalizm siyasəti öz təsirini göstərmişdir. Əlbəttə, bu heç də Xiyabaniyə tamamilə haqq qazandırmaq anlamına da gəlməməlidir. Ancaq dövrün şərtlərini və bölgənin xaotik durumunu da nəzərə almamaq mümkün deyildir.
Xiyabaninin dini-fəlsəfi baxışlarının formalaşmasında ona fiqh və üsul elmlərini öyrədən Hacı Mirzə Əbülhəsən Ağa Əngəcinin mühüm rolu olmuşdur. Yuxarıda da qeyd etdiyimiz kimi İslam fəlsəfəsi, İslam tarixi ilə yaxından tanış olan Xiyabani müctəhidlik dərəcəsinə yüksəlmiş, bir müddət Hacı Kərimxan məscidindinin axundu, imamcüməsi, ya da vaizi olmuşdur. Xiyabani irsinin araşdırmaçısı, prof. Vüqar Əhməd hesab edir ki, Sovetlər Birliyi dövründə “sosializmin “iti baltası” altında tədqiqat aparan publisistlər onu az qala ateist, eyni zamanda materialst adlandırmaqdan belə çəkinməsələr” də, əslində Xiyabani haqqındakı bu fikirlər heç də həqiqəti özündə əks etdirmir. V.Əhməd yazır: “Xiyabani İslami dəyərlərə, müqqəddəs Qurani-Kərimə xüsusi əhəmiyyət verir, demokratiyanı, azadlığı və ümumiyyətlə, hürr yaşamağı bunsuz təsəvvürünə gətirmirdi. Eyni zamanda, insanların İslam ehkamlarına riayət etmədikləri halda, onların mənsub olduğu cəmiyyətin mədəniyyətinin tənəzzülə uğramasını dilə gətirirdi”.
Prof. Əkrəm Rəhimli de hesab edir ki, Xiyabani özünün dini-fəlsəfi baxışlarında islam dəyərlərinə, islamın müqqədəs kitabı Qurani-Kərimdəki ədalətə çağırış olan prinsiplərə riayət olunmasını əsas şərt kimi sürürdü. Ə.Rəhimli yazır: “Xiyabani islamda dini-fəlsəfi prinsiplərin pak əxlaq, halallıq, bərabərlik və ədalət üzərində qurulduğunu söyləyirdi. Başqasının hüququna təcavüzü, haqqının əlindən alınmasını, zülm və zorakılığı islama xəyanət hesab edirdi və ona qarşı çıxmağı özünün mübarizəsində əsas hədəf kimi qəbul etmişdi”.
Doğrudan da, Xiyabaninin yazılarında və nitqlərində İslam dininə, islamlığa daima həssas yanaşdığını görürük. Belə ki, o, İslam dinini yeni mədəniyyətlərin yaranması yolunda mane deyil, tam əksinə yolgöstərəni olduğuna inanırdı. Xiyabani yazırdı: “Allah-təalanın İslamın bizim üçün istədiyini yenidən əldə etmək, müasir dünyada yeni mədəniyyət yaratmaq, ya heç olmasa istər-istəməz meydana gələcək bir mədəniyyətin yaranmasında fəal iştirak etməkdə öz layiqli borcunu yerinə yetirmək üçün biz müsəlmanların iki əsas işdə səy göstərməsi zəruridir: bunlardan biri ağıl və təfəkkür, digəri isə səbat və hımrəylikdir. Bu iki qiymətli gövhəri əldə etmək üçünsə müqəddəs Qurani-Kərimdən faydalanmaqdan daha qənaətbəxş bir iş ola bilərmi? Quran kimi hansı bir kitabda varlıq aləmində, dünyada elmə, səbrə, təfəkkürə və tədbirə, millətlərin, xalqlaırn taleyindən nəsihətamiz məsələlərə bu qədər diqqət verilmişdir? İrqi, milli, hətta məzhəb ixtilaflarının və dil fəqihilə mövcud olmasına baxmayaraq, Quran bizim vəhdət amilimiz, bizi bir-birimizə bağlayan ən möhkəm kəndirimiz – vasitəmizdir. Əgər onun qədrini bilsək, bir tərəfdən durğunluqdan və adətpərəstlikdən, digər tərəfdən başqalarının qarşısında özümüzü itirməkdən uzaq olsaq, ağılla ona müraciət etsək, bugünkü həyatımızı və gələcəymizin üfüqlərini onun nuru ilə işıqlandıra bilərik”.
Şübhəsiz, burada İslam dini ilə, ya da İslam fəlsəfəsi ilə dünəyvi elmlərin uzlaşdırlması çox vacibdir. Əlbəttə, dünyəvi elmlər dedikdə, burada sözün həqiqi mənasında bəşəriyyətə xidmət edən elmlərdən, fənlərdən söhbət gedir. Yəni hər bir xalq öz dini dəyərlərini bildiyi qədər, obyektiv xarakter daşıyan və millətin inkişafına xidmət edən dünəyvi elmlərdən də agah olmalıdır. Bunlar bir-birini tamamlamalıdır ki, hər hansı xalq baqşa xalqların, xüsusilə də daim qəsbkarlıq, faşizm niyyəti güdənlərin qurbanına çevrilməsin.
Bu baxımdan Xiyabaninin o fikri ilə razılaşırıq ki, artıq günün tələblərinə cavab verməyən, üstəlik milləti geriçiliyə sürükləyən dini, ya da milli olsun adətpərəstlikdən əl çəkilməli, baqşa xalqarın inkişafına səbəbə olan texnologiyaları milli-dini özünəməxsusluqları qotumaq şərtilə, tətbiq etmək lazımdır. Digər tərəfdən də unutmaq lazım deyil ki, milli-dini irsimizin özündə də kifayət qədər lazımlı olub, ancaq unudulmuş dəyərli elmi bazamız var ki, onlara yenidən müraciət olunmalıdır. Xiyabani yazırdı: “Bizim dərdimiz budur ki, bir zamanlar elm, hikmət və mədəniyyət bayraqdarı olan İslam ümməti son əsrlərdə zəifləmiş və geri qalmışdır. Zamanın qalib, böyük nüfuza malik mədəniyyəti qarşısında kədər doğrucu bir ətalət üzündən, hətta bu mədəniyyətin də əldə etdiyi nailiyyətlərdən bəhrələnmək fürsəti və imkanı tapmamışdır. Bizim bu zəifliyimiz, bir zaman bəşər taleyinin başı üəzrində parlaq bir ulduz kimi işıq saçmış, dövrünün qalib mədəniyyətinin də borclu olduğu və indinin özündə də bir sıra əsərləri və təsirləri həmin pərəstişin yadigarı olaraq qalmış bir mədəniyyətin sona çatmasının nəticəsidir”.
Xiyabani çox doğru qeyd edirdi ki, milli-dini irsimizi yetərincə bilmədiyimiz üçün, onu çox vaxt arxa plana qoyub, ancaq hazırda inkişafda olan mədəniyyətlərin arxasınca sürünürük. Halbuki bu gün inkiafda olan mədəniyyətlər, xüsusilə də Qərb mədəniyyəti öz uğurlarına görə yalnız Yunan-Roma mədəniyyətinə deyil, eyni zaamnda Şərq məədniyyətin, o cümlədən də İslam mədəniyyətinə borcludur. Sözün açığı, bu həqiqəti 100 il əvvəl olduğu kimi, bu gün də anlayanlar hələ də yetərincə deyildir. Bütün hallarda, Xiyabani kimi filosoflarmızın yalnız ictimai-siyasi məsələlərdə deyil, eyni zamanda, fəlsəfi və dini fəlsəfi məsələlərdə də öz sözlərini deyə bilməsi, yeni fikirlər irəali sürməsi qürurvericidir.
Beləliklə, Xiyabanin ictimai-fəlsəfi, ictimai-siyasi və dini fəlsəfi görüşləri ilə bağlı düşüncələrimizi yekunlaşdıraraq, hesab edirik ki, o, öz dövrünün sözün həqiqi mənasında müdrik bir şəxsiyyəti olmuşdur. Xiyabani daha çox fərd və cəmiyyətin bir-birinə bağlılığı, yəni ayrı-ayrı fərdlərin kollektiv halda birləşib ümumi ruhu ifadə etməsi fəlsəfəsi üzərində çalışmışdır. Onun bu fəlsəfəsinə görə, fərdlər daima “xalqın vicdanı” olamldır ki, xalq köləliyə və səfalətə sürüklənməsin. Bu anlamda “xalqın vicdadnı”nını hər daim ayaq üstə tutmaq üçün, yeri gələndə onun eyiblərini göstərməyi də bacarmaq lazımdır. Bu o analma gəlir ki, hər hansı bir xalqın eyiblərini, nöqsanlarını göstərmək onu aşağılamaq niyyəti ilə də, ya da onu yüksəklərə qaldırmaq üçün də istifadə oluna bilər. Xiyabaninin fəlsəfəsində isə fərdin hər cür qorxunu və köləliyi içində öldürüb, cəsarətlə və igidliklə millət, vətən yolunda özünü şəhid etmək əsas yet tutmuşdur. O, özü də məhz bu fəlsəfənin bariz daşıyıcısı kimi vətən və millətin azadlığı uğrunda şəhid olmuşdur.