“Azərbaycan Sinqapur, Cənubi Koreya yolunu getməlidir” – Emin Milli

Emin Milli

Müxalifətin Azərbaycanda siyasi prosesləri dəyişməyə gücü yoxdur. 3 ay mitinq icazəsini gözləmək, olmayan seçkilərdə qələbə qazanmaq illuziyası ilə yaşamaq elə bu vəziyyətin bariz göstəricisidir.

Bunları mən sevinərək demirəm, sadəcə istəyirəm ki, reallıqı olduğu kimi deyək, acı həqiqəti görək və özümüzə və xalqımıza nağıl danışmayaq. Yalnız bu halda biz bu vəziyyətdən real çıxış yolunu tapa bilərik.

Xalqın tam əksəriyyəti mövcud olan durumu qəbul edib. Bu hakimiyyətin legitimliyini də bu xalq susmağı ilə, etiraz etməməyi ilə, Meydan TV kimi layihələri dəstəkləməməklə qəbul edib.

Heç bir sosial qrup və ya müxalifət partiyası da bu durumu dəyişə bilmir. Bu cür avtoritar sistemlər də buna heç vaxt imkan verməzlər. Güc yalnız bu hakimiyyətin əlindədir.

Vəziyyət yalnız neftin hasilatının və qiymətlərinin aşağı düşdüyü halda dəyişə bilər. Amma bu baş versə də bu müxalifətin mübarizəsi nəticəsində yaranan vəziyyət olmayacaq və bu vəziyyətdə ciddi idarəedilməz xaos təhlükəsi də yarana bilər. Buna da hamımız dövlət, xalq olaraq indidən hazırlaşmalıyıq. Necə? Keyfiyyətli dövlət bürokratiyası, meritokratiya və ciddi iqtisadi islahatlar aparmaq ilə, orta təbəqənin yaranmasının bünövrəsini qoymaq ilə.

Son zamanlarda ölkədə əhalinin gəlirləri nisbətən azalıb və sosial narazılıq biraz artıb. Amma bu hökümət üçün təhlükə yaradacaq bir nöqtəyə hələ çatmamışıq. Bu yalnız hökümətə ciddi bir siqnaldır. Məncə hökümət də bu siqnalı indi qəbul edir.

Hökümət indiki mərhələdə real olaraq yalnız iqtisadiyyatda və idarəçilikdə dərin və cəsarətli islahatlar apara bilər. Bütün ölkənin və ilk növbədə bu hakimiyyətin buna ehtiyacı var. Ümid edirəm ki, bu hakimiyyət yuxarıda qeyd etdiyim təhlükəni indidən həll etmək üçün ciddi islahatlara gedəcək.

Bu hökümət əvvəllər islahatlar etməyib bəs indi niyə etsin? Haqqlısız. İslahatlara getməyə də bilərlər, amma məncə indi onların bu islahatlara siyasi və iqtisadi ehtiyacları və marağları vadar etməlidir.

Azərbaycan indiki mərhələdə Sinqapur, Cənubi Koreya, ” developmental state”yolunu getməlidir. Hökümət bunu çəkinmədən açıq elan etməlidir. Hər kəsin iqtisadi azadlığlarını təmin edəcəyini, amma siyasi azadlığlarını hələ bu mərhələdə təmin edə bilməyəcəyi haqqında açıq danışmalıdır. Heç kimnən də qorxmaq lazım deyil. Belə səmimi söhbəti xalq mütləq dəstəkləyəcək.

Lee Kuan Yew kimi açıq bu barədə danışmaq lazımdır. Amma onun kimi də verilən sözlərə əməl etmək lazımdır. Xalqın gözləntiləri düzgün idarə edilsə biz dövlət və cəmiyyət olaraq çox irəliyə gedə bilərik.

Eyni zamanda insanlar da, müxtəlif sosial qruplar da, öz haqqlarını tələb etməkdə davam etməlidilər, issue-based məsələləri qaldırmalıdılar, etiraz etməlidilər, hökümətin nöqsanlarını açıq müzakirə etmək imkanına malik olmalıdılar. Siyasi sistem Lukaşenko sistemindən daha qapalı olmamalıdır. Amma Qorbaçovun iqtisadiyyatı dəyişmədən siyasi açılıma getmək səhvini də bu hakimiyyətin edəcəyinə inanmıram.