“AZƏRBAYCAN RUSİYANIN QARŞISINDA DURMAQ ÜÇÜN SEÇİMİNİ ETMƏLİDİR” –Sülhəddin Əkbər Kremlin Qarabağ ssenarisindən danışdı – MÜSAHİBƏ

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər regionda baş verən siyasi proseslər, Qarabağ məsələsi ilə bağlı yaranmış mövcud durum, Azərbaycanın hazırkı situasiyada mövqeyinin necə olması və digər aktual mövzularla bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

Sozcu.az həmin müsahibəni oxucularına təqdim edir:

– Sülhəddin bəy, Azərbaycanın da yerləşdiyi regionda hazırkı geopolitik durumu necə təsvir etmək mümkündür?

– Xatırlayırsınızsa, sizin qəzetə müsahibəmdə bildirmişdim ki, 2014-cü ilin Ukrayna böhranından sonra geopolitik qarşıdurma həm qlobal, həm də regional miqyasda həlledici mərhələyə daxil olub. Bu baxımdan bizim regionumuz da daxil olmaqla, dünyada və qonşu regionda gedən proseslərə bu kontekstdən baxmaq lazımdır. Çünki proseslər təhlil olunarkən faktorlar iki qrupa bölünür: üst səviyyəli və alt səviyyəli faktorlar. Üst səviyyəli faktorlar geopolitik, geostrateji, geoekonomik, geokültürəldir. Alt səviyyəli faktorlar siyasi, iqtisadi, hərbi və mədəni faktorlardır. Yəni üst səviyyəli faktorları nəzərə almadan nə qlobal, nə regional, nə də lokal-yerli səviyyədə gedən prosesləri tam qiymətləndirmək mümkün deyil.

Dünyada qlobal, regional miqyasda geopolitik qarşıdurma Ukrayna böhranından sonra həlledici mərhələyə daxil olub. Azərbaycan da kritik subregionlardan birində yerləşir – həm Avroatlantik məkanın bir parçasıdır, yeni Avropa təhlükəsizlik sisteminin bir parçasıdır, postsovet məkanının bir parçasıdır, GUAM-ın bir parçasıdır, Qafqaz və Mərkəzi Asiyanın bir parçasıdır. Müəyyən mərkəzlərin baxımına görə isə yaxın Şərqin bir parçasıdır. Hansı mərkəzdən baxmağından asılı olaraq Azərbaycana regional yanaşma da dəyişilir. Bu baxımdan Azərbaycanın, onun yerləşdiyi subregionun durumuna qiymət vermək haradan baxmağımıza bağlıdır.

Ümumi yanaşsaq, təbii ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz-Xəzər regionunda geopolitik qarşıdurma kəskinləşib. Bu kəskinləşmə özünü həm bu ölkələrin xarici siyasi vektorunda, eyni zamanda onların ərazisində olan münaqişələrə yanaşmada göstərir. Yəni əgər bir regiona və ya ölkəyə xarici təzyiq artırsa, ilk növbədə bu, özünü harada göstərəcək? Ölkə daxilindəki və ya ölkələr arasındakı sınma xətlərində. Bizim ölkənin də daxil olduğu subregionda əsas sınma xətləri Gürcüstan və Azərbaycan ərazisində olan konflikt zonalarıdır. Ona görə də xarici təzyiq artdıqca həm Gürcüstanda, həm də Azərbaycanda vəziyyət də dəyişilir. Buraya əlavə etsək ötən il Ermənistanda baş verən siyasi dəyişiklikləri, o zaman vəziyyət bir qədər dəyişilir. İndi Azərbaycanın da cəlb olunduğu münaqişə ətrafında vəziyyətin bu qədər gərginləşməsinin başlıca səbəbi qlobal və regional geopolitik inkişafla bağlıdır. Artıq tərəflərdən öz seçimini etmələri, tərəf seçmələri tələb olunur. Yeri gəlmişkən, ötən həftə bir qrup Azərbaycan deputatının ABŞ-a səfər etməsi və orada açıq şəkildə Azərbaycana geopolitik xarici təzyiq olduğunu bəyan edib dəstək istəmələri də dediyim bu yaranmış vəziyyətin nəticəsidir.

– Gürcüstanda Qara dənizə NATO gəmilərinin gəlməsi ilə eyni vaxtda Rusiya Xəzərdə təlimlərə başladı. Proseslərin bu cür gedişatı Azərbaycanın iki nəhəng güc arasında sıxılması təhlükəsini yarada bilər?

– Azərbaycan həm geopolitik, həm geostrateji, həm geoekonomik, həm geokültürəl baxımdan sərhəd zonasında yerləşir. Ölkəmiz Avropa ilə Asiyanın, Rusiya ilə İranın, Qara dənizlə Xəzər dənizinin arasında, xristian dünyası ilə İslam dünyasının sərhədində yerləşir. Bunu nəzərə almaq lazımdır. O baxımdan Azərbaycan geopolitik mövqeyinə görə çox həssas, xarici təsirlərə açıq bir mövqedədir. Buraya əlavə etsək Azərbaycanın müstəqilliyini nisbətən yeni qazanmasını, ərazisinin bir hissəsində suverenliyini itirməsini, o zaman görərik ki, ölkəmizin xarici təsirlərə həssaslığı daha da artır. Belə həssas regionlarda yerləşən dövlətlər, ümumiyyətlə, daxili gücünü durmadan artırmalıdır və beynəlxalq münasibətlər sistemində etibarlı layiqli yer tutmalıdır. Əks halda, belə mürəkkəb coğrafiyada ayaq üstə qalmaq mümkün olmaz. Bu da onu göstərir ki, Azərbaycan gec də olsa, yubanmadan demokratiyaya keçid etməlidir. Demokratik seçkilər keçirilməlidir. Xarici təsirlərə müqavimət hərəkatına xalqı cəlb eləmək lazımdır.

Hakimiyyətin təkbaşına bütün xarici təsirlərə müqavimət göstərməsi mümkün deyil. Xalqın gec də olsa, səhnəyə çıxarılması vaxtıdır. Bunu isə daxildə milli birlik hesabına əldə etmək mümkündür.

Deməli, Azərbaycan qarşısında iki strateji vəzifə durur: 1. Xalqın siyasi səhnəyə çıxması, milli birliyin əldə olunması, daxili gücün artırılması. 2. Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı layiqli yer tutması. Bu da etibarlı müttəfiqlər qazanmaqla, güclü koalisiyalar yaratmaqla, mövcud bloklara qoşulmaqla mümkündür.

Ona görə də, diqqət edirsinizsə, artıq rəsmi Bakı da bu gerçəkliyi qəbul etmiş görünür. Məncə, artıq seçim etmək məcburiyyətində qaldığımıza əmin olmağa başlayıblar. İlk növbədə Azərbaycan strateji seçimini etməlidir.
Rusiyanın isə Xəzərdə rəqibi yoxdur. İndi Rusiyanı əsas narahat edən proseslər Qara dəniz və Azov akvatoriyasında baş verir. NATO-nun burada aktivliyinin artması da təsadüfi deyil.

– Azərbaycan hərbi bloklara, xüsusən də də KTMT-yə qoşulmaq niyyətində olmadığını bu yaxınlarda ortaya qoydu. Amma Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi imzalamaq üçün hazırlıqlar gedir. Bu, Azərbaycanın üzünü daha çox Avropaya tutması hesab edilməlidirmi?

– Bu yaxınlarda prezident İlham Əliyev müsahibəsində dedi ki, Azərbaycanın xarici siyasətinə balans siyasəti demək düzgün deyil, rəsmi Bakı Azərbaycan xalqının milli maraqlarına əsaslanan siyasət aparır. İndiki vaxtda isə Azərbaycanın milli maraqları onu tələb edir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli etibarlı yerini tutsun. Azərbaycan Qoşulmama Hərəkatına qoşulmaqla, orada aktivlik göstərməklə beynəlxalq münasibətlər sistemində layiqli yer tuta bilməz. Xüsusən ona görə ki, ölkəmiz xarici təsirlərə çox həssas və açıq olan geopolitik mövqedə yerləşir, yeni müstəqillik əldə edib, ərazisinin müəyyən hissəsi işğal altındadır. Azərbaycan Rusiya kimi böyük hərbi gücün qarşısında duruş gətirmək üçün öz seçimini etməlidir. Bu gün Ermənistanın hamisi Rusiyadırsa, sabah Rusiya zəifləyəndə və regiondan çəkilmək zorunda qalanda onun digər hamiləri ortaya çıxacaq. Amerika kimi, Fransa kimi dövlətlər… Azərbaycan öz müstəqilliyini elan etdiyinə, rus qoşunlarını öz ərazisindən çıxardığına görə Qarabağ müharibəsi Rusiyanın Azərbaycana qarşı Ermənistanın əli ilə apardığı vəkalət müharibəsidir. Problemin adını düzgün qoymaq lazımdır. Əks halda, o problemi həll edə bilməzsən. Azərbaycan qeyd etdiyim böyük gücə qarşı ancaq hərbi müttəfiqləri ilə birlikdə, bloklara qoşulmaqla dura bilər. Ona görə də Azərbaycan öz strateji seçimini etməlidir, demokratik inkişaf yolu tutmalıdır və Avropa İttifaqına, NATO-ya üzvlük yolunu seçməlidir. Hökm deyil indidən elan edilsin ki, Azərbaycan Avropa İttifaqına və NATO-ya üzv olacaq. Ən azı GUAM ölkələrinin getdiyi yol gedilməlidir.

– Ötən həftə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyanada ilk rəsmi görüş oldu. Bu danışıqlardan cəmi bir neçə saat sonra Ermənistan müdafiə naziri David Tonoyan Amerikada çıxışında faktiki olaraq Azərbaycanı yeni əraziləri işğalla hədələdi. Bu gün isə Nikol Paşinyan müdafiə nazirinin düzgün hərəkət etdiyini bildirib. Bütün bunlar bundan sonra Ermənistanla sülh danışıqlarının aparılmasının mənasız olduğunu, müharibədən başqa yol qalmadığını ortaya çıxarıb?

– Danışıqlar prosesinə konseptual yanaşma yanlışdır. Elçibəy hakimiyyəti dövründə Azərbaycan danışıqlar prosesinə böyük üstünlük əldə etmişdi. Kəlbəcərin işğalından sonra hakimiyyət beynəlxalq birlikdən birmənalı dəstək qazanmışdı. Rusiyanın regionda güclənməsini istəməyən, regionda yeni müstəqil dövlətlərin daxili işlərinə qarışmasını istəməyən güclərin dəstəyini Azərbaycan o dövrdə qazana bilmişdi. Elçibəy hakimiyyəti konkret olaraq ABŞ-ın dəstəyini əldə edə bilmişdi və nəticədə 822 saylı qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbul olunmasına nail olunmuşdu. Həmin qətnamədə birmənalı şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması qoyulurdu. Azərbaycan hakimiyyəti indi danışıqlar prosesində bu tezisdən tutmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi məsələsini çox ciddi şəkildə qoymalı, bu məsələdən bir santimetr belə kənara çəkilməməlidir. Gec də olsa Azərbaycan konseptual olaraq öz yanaşmasını dəyişməlidir və ortaya BMT TŞ-nin qəbul etdiyi 822 saylı qətnamədəki yanaşmanı qoymalıdır. Danışıqların əsas predmeti bu olmalıdır – Ermənistan işğalçı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməsi məsələsi. Bu məsələ həll olunmayınca, başqa heç bir danışığa gedilməməlidir. Azərbaycan BMT-nin yanaşmasından çıxış eləməlidir. Əks halda, BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan əraziləri ya təkbaşına, ya da müttəfiqləri ilə bir yerdə güc yolu ilə azad edəcəyini bəyan eləməlidir və buna da hazırlaşmalıdır. Təkcə sözdə qalmamalıdır bu bəyanat. Çünki bütün dünya kəşfiyyatları burada real vəziyyəti bilirlər.

– Sizcə, Ermənistan müdafiə nazirinin sözügedən bəyanatı, sadəcə, siyasi məqsədlərə və ictimai rəyə hesablanmış arxasında real addım olmayacaq bəyanatdır, yoxsa doğrudan da Ermənistan hakimiyyəti yeni ərazilər işğal etmək istəyinə düşüb?

– İndiyə qədər Qarabağ konflitikinin donmuş vəziyyətdə qalması Rusiyaya sərf edirdi. Rusiya üçün bu status-kvo həm Ermənistanı, həm Azərbaycanı nəzarətdə saxlamağa imkan verirdi. İndi isə bir tərəfdən Ermənistanda hakimiyyət dəyişikliyi baş verib, o biri tərəfdən də Qərbin Azərbaycana təzyiqləri artıb. Konfliktdəki status-kvo Ermənistanı və Azərbaycanı Kremlin nəzarətində saxlamaq üçün artıq etibarlı deyil. Ona görə də Rusiya bölgədə hərbi iştirakını gücləndirmək istəyir. Ermənistanda onun legitim hərbi iştirakı olsa da, Azərbaycanda legitim hərbi iştirakı yoxdur. Odur ki, “rus ayısının” min bir oyunu Azərbaycanda legitim hərbi iştiraka nail olmaqdır. Bunu da iki yolla edə bilər. Ya Azərbaycan və Ermənistan hər hansı bir aralıq sülh sazişinə razı olmalıdır və sülhməramlı qüvvələr adı altında Rusiya sülhməramlı qüvvələri bölgəyə gəlməlidir, ya da cəbhədə bir təxribat olmalıdır və vəziyyət gərginləşdirilməldir. Beləliklə də, Rusiya humanitar böhranın qarşısını almaq adı ilə – necə ki, Rusiya bunu Gürcüstanda eləmişdi – regiona hərbi müdaxilə eləmək istəyini reallaşdırmağa cəhd edə bilər. Bunu da Ermənistan hakimiyyəti çox gözəl bilir. Ona görə də David Tonoyan o cür bəyanat verir. Tonoyanın o bəyanatı məhz Vaşinqtondan səsləndirməsi isə “biz Vaşinqtondan razılıq almışıq” mesajıdır. Ermənilər Azərbaycana bu yolla təzyiq edirlər və demək istəyirlər ki, Azərbaycan danışıqlarda ortaya qoyulan hansısa varianta razılıq verməsə, yeni müharibə başlaya bilər.

– Bəs Qərb Azərbaycanda Rusiyanın hərbi iştirakına razı olar?

– Qərb onsuz da regionda mövqeyi güclü olan Rusiyanın bundan da daha artıq güclənməsini istəmir. Ona görə də çalışır ki, heç olmasa danışıqlar prosesi davam eləsin və Rusiyanın istəyi baş tutmasın. Qərb indiki halda maraqlıdır ki, danışıqlarda imitasiya prosesi davam eləsin.

– AMİP lideri Etibar Məmmədov deyib ki, lokal əməliyyatlarla düşmənə dinclik verməmək lazımdır. Düşmənə bu ərazilərdə məskunlaşmağa, rahat yaşamağa imkan vermək olmaz. Siz necə hesab edirsiniz?

– Müharibə qərarı vermək hər bir dövlət üçün ən çətin mürəkkəb qərardır. Nəzərə almaq lazımdır ki, müasir dövrdə artıq müharibələr strateji xarakter alıb. Müharibələr əvvəlki klassik müharibələr deyil. Müharibələr indi uzunmüddətli gedir, hərtərəflidir və dərindir. Ona görə də Azərbaycan strateji seçim etməlidir və müharibə ilə bağlı strateji qərarını verməlidir. Azərbaycan bu müharibəyə strateji müharibə kimi baxmalıdır. Həm geopolitik, həm geostrateji, həm geoekonomik, həm geokültürəl üst səviyyədə hazırlaşmalıdır. Alt səviyyədə də siyasi diplomatik, iqtisadi, hərbi, sosial mədəni hazırlığı olmalıdır.