Azərbaycan-Rusiya regionlararası əlaqələrin inkişafı ticarət dövriyyəsinin və investisiyaların artmasına səbəb olur – Deputat

Prezident İlham Əliyevin oktyabrın 3-də Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı və orada söylədiyi fikirlər Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik inkişafına əyani sübutdur.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, Azərbaycanla Rusiya arasında həmişə isti münasiblər mövcud olub: “Rusiya ilə Azərbaycan qonşu ölkələrdir və daim bir-birilərini dəstəkləyiblər. Eyni zamanda, iki ölkə arasında iqtisadi münasibətlər, qarşılıqlı ticarət əlaqələri, kənd təsərrüfatı sahəsində əməkdaşlıq daim inkişaf edir. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac edilir və hər iki ölkənin xalqları bundan bəhrələnir”.

T.Rzayev qeyd edib ki, Azərbaycan ilə Rusiyanın regionları arasında da münasibətlər daim inkişaf edir, mütəmadi olaraq iki ölkənin iş adamlarının iştirakı ilə regionlararası biznes forumlar və digər tədbirlər həyata keçirilir:

“Bu tədbirlər çərçivəsində hər iki ölkənin regionlarından olan iş adamları bir-biriləri ilə tanış olur, əməkdaşlıq münasibətləri qurulur ki, bu da öz növbəsində iki ölkə arasında həm investisiya qoyuluşunun, həm də ticarət dövriyyəsinin artmasına səbəb olur. Təkcə bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyəsi 23 faizdən çox artıb. Eyni zamanda, Rusiyanın Azərbaycana qoyduğu investisiya 4.7 milyard dolları, Azərbaycanın Rusiya qoyduğu investisiya isə 1.2 milyard dolları ötüb. Bundan əlavə, Azərbaycanda çoxlu sayda Rusiya şirkətləri fəaliyyət göstərir.

Əlbəttə ki, bunlar kiçik rəqəmlər deyil, ancaq buna baxmayaraq, əməkdaşlıq potensialı daha böyükdür. Cənab Prezident İlham Əliyev öz çıxışında da bunu qeyd etdi. Hesab edirəm ki, Azərbaycan və Rusiya dövlət başçılarının qarşılıqlı səfərləri, iki ölkə arasında keçirilən biznes forumlar və digər tədbirlər əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ticarət dövriyyəsinin və investisiya qoyuluşlarının artmasına şərait yaradacaq”.

Sozcu.az