“Azərbaycan qərbin qorxusundan…” İlqar Məmmədovdan sərt açıqlama

“Ermənilər hal-hazırda çox maraqlı və uzaq məqsədli oyun qururlar. Güney Qafqazda “iki erməni dövləti” vəziyyətini yetişdirmək istəyirlər – biri hər baxımdan Qərb meylli Ermənistan Respublikası, digəri isə Rusiyanın tam nəzarətində olan “DQR””.

Sozcu.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O, bildirib ki, belə getsə, Ermənistan Qərblə o qədər yaxınlaşacaq ki, Azərbaycan onu Qərbin qorxusundan heç vaxt vura bilməyəcək. “DQR” isə Moskvanın əsl forpostu olaraq Güney Qafqazda onun maraqlarını təmsil edəcək.

“Azərbaycanda şahlıq və diktatura buna adekvat cavabdırmı? Bir şəxsin əlində cəmləşmiş dövlətçilik Azərbaycana heç bir strateji manevrlər etməyə imkan vermir.

Dərd ondadır ki, Ermənistanda gedən “bölünmə” oyun da olsa, teatr deyil. Cəmiyyətdə doğrudan da mövcud olan siyasi münaqişələrə əsaslanan xalis siyasi prosesdir, amma ermənilərin təsəvvür etdikləri ümumi milli məqsədlərə xidmət edir. Bizdə bunu Əliyev təkrarlamaq istəsə, bu olacaq yeni nəsil oyuncaq müxalifət qurub Ermənistanın ardınca sürünmək. Heç kəs də bunu ciddi qəbul etməyəcək – nə ölkədə, nə də dünyada.

Gerçək siyasi-ideoloji prosesə əsaslanan demokratik rəqabət Azərbaycanın buna cavab verəcəyi yeganə yoldur. Bu yol, Qarabağ məsələsi ilə bağlı cavablara bizi özü gətirib çıxaracaq”.