“Azərbaycan hakimiyyəti getməlidir”–İqbal Ağazadə

Bildiyimiz kimi, ötən ay Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edildi. Digər bir sərəncamla Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilərək daxili işlər naziri postuna gətirildi.
Mədət Quliyev isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək müdafiə sənayesi naziri, Əli Nağıyev isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edildi. Maraqlıdır, Azərbaycan müxalifəti bu kadr dəyişikliyi ilə bağlı hansı fikirdədir?

Hakim komandanın idarəçiliyində yeni bir dəyişiklik metodu görməyən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyir ki, dəyişilmiş nazirlər siyasi iradə ilə idarə olunanlardır: “Siyasi iradə dəyişməyib, ortadadır. Ona görə, nəyinsə ciddi şəkildə dəyişəcəyinə inanmıram. İrəliləyiş bütövlükdə hakimiyyətdə ola bilər. Hələ orada heç bir dəyişiklik yoxdur. Qətiyyən, bu, islahat kimi qələmə verilə bilməz. İslahatlar siyasi mühitdən başlamalıdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, Azərbaycan Respublikası Konstitusiyanın 109-cu maddəsinə görə, prezident öz komandasında istənilən adamı nazir təyin edə, istənilən adamı çıxarda bilər:

“Mənim müxalifət kimi yanaşmam budur: bu hakimiyyət getməlidir. Mənim rəhbərlik etdiyim komanda hakimiyyətə gəlməlidir. Nəyi dəyişib, nəyi dəyişməyəcəyini, yəni o qiyməti, onu dəyişən adam, prezident verə bilər. Öz kadrını əvəzləyib. Bu kadr əvvəlkindən daha yaxşı işləyib, daha pis işləyib, prezident bilər.

Mənim verə biləcəyim qiymət budur. Azərbaycan iqtidarı növbəti seçkidə bizim tərəfimizdən istefaya göndərilməlidir. Secilərimiz arasında təbliğat aparmalıylıq ki, biz hakimiyyətə gələk. Gerisi mənim üçün hekayədir. Filan nazir dəyişdi, o nazir yaxşı işləyir, onu eksperlətdən soruşa bilərsiniz. Mənim üçün Azərbaycan iqtidarı öz limitini doldurmuş iqtidardır. Bu qədər sadədir”.

İ. Ağazadə vurğuladı ki, o, bu hakimiyyətin atdığı addımların böyük əksəriyyətini təqdir etmir: “Hətta təqdir ediləsi addım atasa belə, ondan özümün, komandamın hakimiyyətə gəlməsi üçün boşluqlar axtarmalıyam ki, istifadə edim. Mənim görəvim bu qədərdir”.

Hurriyyet.org