Ayaz Əsgərovun rayonunda FACİƏVİ MƏNZƏRƏ… – Belə yaşayışmı olar?..

Yardımlının Əvçədulan kəndində yaşayan Əyyar Şükürov burada ən kasıb ailə olduqlarını deyir. Ailənin heç bir gəliri yoxdur. Əvçədulanın təmirsiz, kələ-kötür yolları var. Kənddə yaşayanların da şəraitindən çətin vəziyyətdə yaşadıqları görünür. DİA.AZ-ın məlumatına görə, elə Əyyar Şükürov da kənddə dolanışığın ağır olduğunu bildirir: “Adamlar heyvanını satır ki, bir neçə aylıq ərzaq tədarükünü görsün. Əslində, hamı kasıbdı”.

 

Şükürovlar ailəsinin yaşadığı ev də yararsız vəziyyətdədir. 7 nəfər bir otaqda yaşayır. Əyyar aydınlıq gətirir: “Doqquz övladımdan yeddisini evləndirmişəm. Toy mərasimlərini yola verməkdən həyətdə heyvan da qalmayıb. Qızımın iki uşağını qəyyumluğa götürmüşəm. Qızım yenidən ailə həyatı qurdu, uşaqlar mənim üstümdə qaldı. Ata aliment vermir. İşin arxasınca getməyə imkanım da yoxdu. Hər ikisi məktəblidi. İnanın, dilənçi günündə gedirlər məktəbə”.

Pəncərədən Əyyarın çəpərə söykənən həyat yoldaşı Əzizə Abbasovanı görürük. Uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkdiyini öyrənirik. Əyyar deyir ki, imkansızlıqdan qadını həkimə apara bilmir.

Əyyar Şükürovla birlikdə yaşayan oğlu Nicat evlidir, iki övladı var. Nicat iş tapa bilmədiyini deyir. Halbuki hər cür işə razıdır: “Neçə dəfə məşğulluq idarəsinə getmişəm, heç əhəmiyyət vermirlər. Heyvan paylayırlar, bizə çatanda deyirlər ki, yoxdur. Dövlətdən heç nə görmürük”.

Əyyar deyir ki, kənddəki dükana borcları 400 manata çatıb: “Borcla yaşayırıq. Dükan sahibi nisyəni kəssə, acından qırılacağıq. Kənd camaatı üçün “Yasin” oxuyuram, üç-beş manat verirlər. Amma bununla ailə dolanmaz. İndi heç ölüsünü yada salan da yoxdu. Hamının başı bir tikə çörəyə qarışıb”.

Müsahibimiz tezliklə 62 yaşının tamam olacağını söyləyir. Pensiyaya çıxmasına üç ildən çox var, sosial yardım almaq cəhdləri isə uğurlu alınmayıb. Əzizə Abbasovanın pensiyaya çıxmasına da çox qalıb. Əyyar çox çarəsiz durumda olduqlarını deyir: “Bəs necə dolanaq?! Bu yaşımda gedib fəhləlik eləyim?”

Kənddə qaz yoxdur, camaat evini odunla qızdırmağa çalışır. Əyyar Şükürov deyir ki, buna da dövlət qurumları imkan vermir: “Meşəni camaatın üzünə bağlayıblar. Odun gətirməyə imkan vermirlər”.

Hərdən kəndin kələ-kötür küçələrində uzunqulaqla ağac budaqları daşıyan adamlar gözə dəyir. Əyyar buna daha heç kimin təəccüblənmədiyini deyir: “Halbuki xəcalət çəkiləsi haldı. İndi hansı dövrdü ki, eşşəklə odun daşıyırıq?!”

Yardımlının kəndlərində qış sərt çəkir. Soyuq havalar təxminən 5-6 ay sürür. Əyyar buralarda yaşamağın asan olmadığını bildirir: “Qışı başa vurmaq üçün azı iki maşın odun lazımdı. Bu da 800 manat eləyir. Meşə idarəsi isə yalnız cərimə eləməyi bilir. Körpə uşaqlar ölsün evdə soyuqdan?”

“Hamamımız yoxdur, ləyən qoyub çimirik”, – bunu da sonradan Əyyar deyir bizə. Onsuz da hamamı qızdırmağa nə qaz var, nə də odun…

Bakıya qayıtmaq üçün əvvəlcə Masallıya gəlmək lazımdır. Əyyar bizə kəndin çıxışına qədər yoldaşlıq eləyir. Şikayət edir ki, üz tutduğu bütün idarələrdə pul istəyirlər. Onun dini inancı isə rüşvət verməyi günah sayır: “Bıçaq sümüyə dirənib deyə, səsimi qaldırmaq məcburiyyətindəyəm…”

Evdən xeyli uzaqlaşırıq. Əzizə hələ də çəpərə söykənib, haradasa uzaqda məchul nöqtəyə baxır…

Sozcu.az

Facebook Comments