“Avtoritar rejimlərin çöküşü başlayıb” -XƏQANİ CƏFƏRLİ

Xəqani Cəfərli,politoloq

Aleksandr Lukaşenkonun Belarusda yaratdığı mütləqiyyət üsul-idarəsi 26 ildən, Putinin Rusiyada qurduğu avtoritar rejim 20 ildən sonra ilk dəfədir ki, verəcəyi istənilən qərar öz əleyhinə işləməyəcəyi durumla üzləşib. Şahamatda buna zugzvang deyilir. Belə vəziyyətdə atdığın istənilən addım, hərəkət özünün əleyhinə işləyir.

İlk öncə Belarusda baş verənləri qiymətləndirməyə çalışaq. Aleksandr Lukaşenko postsovet məkanında ən stajlı avtoritar lider olduğu kimi, Belarus da avtoritarizmin sınaq təcrübəsi məntəqəsi hesab olunur. Ona görə də bu ölkədə baş verən proseslər avtoritarizmdən əziyyət çəkən bütün postsovet ölkələri üçün maraq kəsb edir.

Prezident seçkisi kampaniyasının əvvəlində Lukaşenko əsas rəqibləri Viktor Babariko, Sergey Tixanovski və Valeri Sepkalonu seçki marafonundan kənarlaşdırdıqda bir çoxlarına elə gəlirdi ki, artıq hər şey başa çatdı. Amma tarixin ironiyası məhz belə məqamda işə düşür.

Mesanat bankir Viktor Babariko, Belarusun Yüksək Texnologiyalar Parkının direktoru Valeri Sepkalo və nüfuzlu bloger Sergey Tixanovskinin Lukaşenko qarşısında daha çox ictimai dəstək qazanması evdar qadın Svetlana Tixanovskayanın önə çıxması qədər sarsıdıcı təsirlər doğura bilməzdi. İndi hər kəs anlayır ki, rəsmi Minsk Viktor Babariko, Valeri Sepkalo və Sergey Tixanovskini seçkidən kənarlaşdırmaqla fatal prosesin önünü açıb. Lukaşenkonun evdar qadın qarşısında belə seçicilərin dəstəyini qazana bilməməsi avtoritar liderin mənəvi ölümü deməkdir ki, bu da öz növbəsində mütləq siyasi sonluğu doğuracaq. Artıq Lukaşenko özü də bunun fərqindədir və prezident seçkisinin ikinci dərəcəli məsələ olduğunu bəyan edir. Lukaşenkoya görə əsas vəzifə ölkədə stabilliyin qorunub, saxlanılmasıdır.

Oxşar vəziyyət Rusiyada da yaranıb. Putin qiyamçı Xabarovsku ram edə bilmir. Belarus kimi Rusiyada elə vəziyyət yaranıb ki, atılacaq istənilən addım avtoritar liderin əleyhinə işləyəcək. Əgər güc tətbiq edilsə bu Putinə qarşı nifrəti daha da körükləyəcək. Xabarovskın tələblərinin qəbul edilməsi isə bütün ölkə boyu etiraz aksiyalarının meydana çıxmasına səbəb ola bilər. Heç bir tədbir görülməməsi də avtoritar liderin imicinə mənfi təsir edərək, onun gərgin hallarda qərar qəbul edə bilməyən qorxaq siyasətçi obrazın yaradır.

Belarus və Rusiyada yaranmış vəziyyət çox ibratimizdir və avtoritar rejimlərin çöküşünün başladığından xəbər verir. Bu proses müəyyən qədər zaman alacaq. Bu zaman kəsiyi nə qədər ola bilər? İndi sosioloji araşdırma mərkəzləri və politoqlar məhz bu suala cavab tapmağa çalışırlar. Mənim şəxsi qənatim isə ondan ibarətdir ki, bu proses yaxın bir il ərzində tamamlanacaq.

Facebook Comments