“Avropa Birliyi ilə aparılan danışıqlar, dürüst parlament seçkisi ilə nəticələnəcək” -REAL sədri

İlqar Məmmədov, REAL Partiyasının sədri

Avropa Birliyi və Azərbaycan arasında sazişin hazırlanmasına və qüvvəyə minməsinə doğru aparan danışıqlar və əməllər prosesi, 51 siyasi məhbusun azadlığa çıxması və bəzi yumşalmalarla necə nəticələndisə, digər siyasi məhbusların da azadlığı və daha dürüst parlament seçkisi ilə nəticələnəcək. Sadəcə prosesin özü.

Doğrudur, növbəti mərhələlərdə prosesə qarşı xarici qüvvələr fəal hərəkətə keçə bilərlər, amma bu başqa söhbətin mövzusudur.

Bu arada, “saziş tezliklə imzalansın” çağırışımız yuxarıda qeyd etdiyim o prosesi düzgün təsəvvür etməyən bəzi adamları elə çaşdırdı ki, onlar hakimiyyətin əlində REAL’a qarşı təşviqat alətinə çevrildilər.

Sazişin bu il imzalanması texniki baxımdan müşkül məsələdir. Çoxdan-çoxu o, bəlkə paraflandı. Mətn hələ heç hazır da deyil. Haçansa tam hazırlanandan sonra o, Avropa Birliyinin 28 üzv dövlətində ilkin hüquqi ekspertizadan keçməlidir. Bütün üzv ölkələrin dillərinə tərcümə edilməlidir. Bunlar hamısı aylar çəkəcək. Hər şey qaydasında olsa, növbəti mərhələdə tərəflər onun hazır olduğunu elan edəcəklər və bəlkə paraflayacaqlar. Sonra yekun, əsaslı hüquqi ekspertiza keçiriləcək. Yalnız bundan sonra saziş imzalanmağa hazır olacaq. Bütün bu və başqa hazırlıq işlərini bir neçə aya bitirmək mümkündürmü? İnanmıram.

“Tezliklə” deməyimiz o anlama gəlmir ki, sazış mütləq gələn ay Erkin Qədirlinin doğum günündə imzalanasıdır. “Tezliklə”ni “təcili” ilə səhv salmayın.

Təcili imzalanma ehtimali xeyli aşağıdırsa, demək, bu gün REAL’a qarşı qızışdırılan kampaniyanın da sazişlə heç bir əlaqəsi yoxdur.

Həmin kampaniya, parlament seçkisi ilə bağlıdır və İlham Əliyev rejimi tərəfindən yönəldilir.

İndiki reytinqimiz nisbətən bərabər təşviqat və düz sayım təqdirində parlament seçkisində partiyamıza YAP’dan çox səs qazanmağa imkan verir. Gerçək təhlükəyik.

Kimlərin anti-seçki, anti-REAL və anti-saziş təbliğatında şəxsən hansı dərəcədə qızışdırıcı rol oynadığı isə göz qabağındadır.