“Avrasiya İttifaqına üzv olmaq Azərbaycanı azı yarım əsr geri atmaq deməkdir” -SƏRXAN CARÇI

“CARÇI” Araşdırma Mərkəzinin sədri Sərxan Carçı Sozcu.az saytına müsahibə verib.

Sərxan Carçının müsahibəsini təqdim edirik:

Sərxan bəy salam. “Carçı” Araşdırma Mərkəzi olaraq, 2018-ci ilə bir neçə tədbir keçirməklə və iki kitab ərsəyə gətirməklə yekun vurdunuz. 2019-ci ildə təşkilat olaraq görəcəyiniz işlər hansı istiqamətdə olacaq?

Salam. Dəyər verdiyiniz üçün təşəkkür edirəm. Bəli, 2018-ci ildə Cümhuriyyətimizin 100 illiyinə həsr edilmiş ilk kitabı “CARÇI” Araşdırma Mərkəzi olaraq biz ərsəyə gətirdik. Yanvar ayının 19-da, sovetlərin ölkəmizə sonuncu qətliyam gecəsində təqdimatını gerçəkləşdirdik. Amma qarşıda bütöv il var idi deyə boş durmadıq. 2018-ci il həm də qardaş türk ordusunun Azərbaycana yardıma gələrək Cümhuriyyətimizi xilas etməyinin 100 illiyi idi. Həmin Qafqaz İslam Ordusunun şəhidlərinin ölkəmizdə neçə-neşə bilinən və bilinməyən məzarı var. Bu məzarlar bir əmanətdir deyə “Carçı” Araşdırma Mərkəzinin dostları ilə bir yerdə onların axtarışı ilə məşğul olduq və kitab halına saldıq. Elə bu araşdırmalarla məşğul olanda bildim ki, türklər Azərbaycanı tərk edəndə paşalardan biri o qəbirlərin itməməsini xahiş edibmiş. Kitabın son söz əvəzində bu barədə yazmışam. Həmin şəhidlərin müqəddəs ruhu kitabın ərsəyə gəlməsində, yaxşı alınmasında mənəvi dəstəkçi oldu. Ən əsası isə kitabın təqdimatı da İstanbulda, Ədirnəqapı şəhidliyində, onların komandanı Nuru Paşanın məzarı önündə baş tutdu. Bu hadisə o qədər rezonans doğurdu ki, Türkiyədən qayıdan kimi ölkənin səfiri Erkan Özoral məni görüşə çağırdı. Mən də öz növbəmdə ona da, onun vasitəsi ilə cümhur başkanı Rəcəb Tayib Ərdoğana da imzalı kitab göndərdim. Həmçinin Bakı Atatürk liseyində də kitabın təntənəli təqdimatı oldu. Deyim ki, əlavə işlərimiz də oldu, məqalələr yazdıq, tədbirlər keçirdik və s. “Carçı” Araşdırma Mərkəzi olaraq 100 illiklə bağlı mükafatlandırmamız da oldu. Mərkəzin adından “Cümhuriyyət 100” yaxa nişanı ilə gənc tarixçi-araşdırmaçı Elmar Həsənlini mükafatlandırdıq. Elmar bəyin də xidmətlərini sadalamaqla bitməz. Bu fəaliyyətimizi 19-cu ildə də davam etmək niyyətindəyik. Üçrəngli bayrağımızın tarixi ilə bağlı yeni bir kitab üzərində işləyirik. Bu il həm də Türk Birliyi istiqamətində işlər planlaşdırırıq. Gücümüz çatsa ilin sonuna DTX sənədləri əsasında tarixi roman yazmağı da planlaşdırmışam. Həmçinin bu il bələdiyyə seçkiləri ilidir. Şərtlər imkan versə bu dəfə də bələdiyyə seçkilərinə qatılmaq niyyətindəyəm.

“Carçı” Araşdırma Mərkəzi daha çox repressiya qurbanlarının talelərini araşdıran bir təşkilat olaraq tanınır. Siz daha çox sovetlər zamanı repressiya tarixini araşdırırsınız, yoxsa son dövrlərdə baş verən repressiya hadisələri də diqqətinizdə olacaq?

Bəli, araşdırma mərkəzi olaraq sovetlər dövründə və tarixin digər dönəmlərində məruz qaldığımız repressiya tarixini araşdırırıq. Böyük təəssüf hissi ilə deyim ki, doğrudan da son dövrlərdə də repressiv hadisələrin şahidi oluruq. Amma indi zaman fərqlidir. Bu hadisələri gizlətmək olmur. Nə qədər qarşı da çıxsalar, tənqid də etsələr nə yaxşı ki, sosial şəbəkələr var. Bütün cəmiyyət anında hər şeydən xəbardar olur və münasibətini bildirir. Təbii ki, araşdırma mərkəzi olaraq biz də hər şeyi görürük, bizim də diqqətimizdə olur. Gərəkəndə biz də fikrimizi, münasibətimizi bildiririk.

Azərbaycanda tətbiq edilən qanuna görə, qrant müqaviləsi olmadan qeyri-hökumət təşkilatları maddi formada yardım və ya ianə qəbul edə bilməz. Bununla yanaşı Ədliyyə Nazirliyi QHT-lərin qeydiyyata alınmasına maneçiliklər törədir, əksər hallarda müxalifət fikirli insanların təşkilatlarını qeydiyyata almır. Hakimiyyət QHT-lərin qeydiyyatını sadələşdirməkdən nəyə görə çəkinir?

Bu QHT və qeydiyyat məsələsi mənim ən yaralı yerimdir. Çünki hələ uzun illər öncə dostlarla bir yerdə “Gənclərin düçüncə platforması” adlı bir ictimai birlik təsis edib qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etdik. Amma bütün ümidlərimizi puç edib qeydə almadılar. Elə həvəsdən saldılar ki, dostların haqlı tənqidinə rəğmən bir müddət bu barədə düşünmədik. İşləməyə güc verdik. Doğrudan da təkbaşına, öz hesabımıza bir çox işlər gördük. İşin içində olduqca çətin tərəfləri ilə də üz-üzə qaldıq. Fəaliyyətimizi daha da leqallaşdırmaq üçün, həmçinin müəyyən dövlət dəstəyi əldə edə bilmək üçün bu dəfə Carçı Araşdırma Mərkəzini təsis edib, qeydiyyat üçün müraciət etdik. Amma yenə də çox komik bir iddia ilə, “Carçı” adının uyğunsuz olduğunu iddia edərək qeydə almaqdan imtina etdilər. Bu dəfə məhkəməyə müraciət etdik. Məhkəmə də bu komik qərarı qüvvədə saxlayandan sonra apellyasiyaya müraciət etdik. Yenə faydası olmadı.

Deyim ki, yenə qeydiyyat üçün müraciət edəcəyik. Bu dəfə də qeydə almasalar məcburuq işi Avropa məhkəməsinə qədər aparaq. Sanki QHT-ləri qeydə almayaraq ölkədən Avropa məhkəməsinə daha çox şikayətin getməyində və beynəlxalq arenada Azərbaycan bardə mənfi fikir formalaşdırmaqda maraqlıdırlar. Başqa bir müsahibəmdə də demişdim, bu maraqlı bir sirrdir sanki. Başqa səbələrdən biri də o ola bilər ki, ayrılan qrantları elə öz təşkilatları arasında bölüb yemək istəyirlər. Sizdən də xahişim odur ki, bu fikirlərimi başlığa çıxarasınız. Bəlkə oxuyub bir nəticə çıxardalar.

Prezidentin mədəniyyət xadimləri ilə görüşündə əməkdar artist Bəhram Bağırzadə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə abidə qoyulması barədə təklif irəli sürdü. Təşəbbüs İlham Əliyev tərəfindən də müsbət qarşılandı. Ancaq Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulacağı deyilən ünvan Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması üçün ayrılan yer olduğu deyilir. Məhəmmədəmin Rəsulzadənin abidəsi üçün ayrılmış yerə başqa bir şəxs üçün abidə qoyulmasını Rəsulzadəyə qarşı növbəti hörmətsilik hesab etmək olar?

Bəhram Bağırzadəyə böyük hörmətim var. Təklifi də yerində olan təklif idi. Tağıyev böyük insan olub, ona doğrudan da heykəl qoyulmalıdır. Qaldı ki, o yerin təklifi, bir az tələsik deyilmiş məkan idi. Bu il böyük öndərin doğum günü, 31 yanvarda Bakının bir neçə yerindən canlı çəkiliş etdim ki, onlardan biri də adı çəkilən həmin məkan, Kukla teatrı ilə üzbəüz olan kiçik park idi. Hesab edirəm ki, Tağıyevə heykəl başqa bir uyğun yerdə qoyulacaq. Həmin məkanda isə gec də olsa nəhayət ki, M.Ə.Rəsulzadəyə heykəl qoyulacaq. Ən əsası isə Rəsulzadənin heykəli bütün azərbaycanlıların qəlbində var.

Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətsizliyi və hətta bir çoxlarının fəaliyyətlərinin Azərbaycan dövlətinin maraqlarına zidd olması ilə bağlı informasiyalar yayılıb.Sizcə nəyə görə Azərbaycan hakimiyyəti vətənpərvər insanları diaspor təşklatlarına yönləndirmir?

Diasporaların “fəaliyyəti” və fəaliyyətsizliyi barədə deyilənlər təkcə informasiya deyil, faktdır. Biri çaxır biznesi ilə məşğuldur, biri ölkənin maraqları üçün ayrılan pullarla bizneslə məşğul olur, digəri qızını erməniyə verməyi bəs deyil, hətta vətənpərvər soydaşımız Fuad Abbasovu Rusiyadan qovdurmaq istəyir. Mən bir dəfə bu mövzuda status yazaraq Dövlət Təhlükəsizliyi Xidmətindən mövzunu xüsusi diqqətdə saxlamağı xahiş etmişdim. Hesab edirəm ki, bu işdə təkcə DTX deyil, başda ölkə rəhbəri olmaqla bütün dövlət xadimləri həssas olmalıdır. Bəli, diasporalarda, səfirliklərdə işləmək üçün işçi təyin edərkən illərin sınağından keçmiş insanları seçmək lazımdır.

Azərbaycan hakimiyyəti Avrasiya İttifaqı ilə Qərb arasında çətin duruma düşüb. Azərbaycan dövlətinin istiqaməti necə olmalıdır. Rusiya – Avrasiya İttifaqı, yoxsa Qərb ölkəmiz üçün daha prespektivlidir?

Birmənalı olaraq ölkəmizin istiqaməti Qərbə olmalıdır. Avrasiya İttifaqına üzv olmaq Azərbaycanı azı yarım əsr geri atmaq deməkdir. Hələ yüz il öncə əcdadlarımız dövlət quranda Avropa tipli, parlamentli ölkə qurmuşdular. Ölkəmiz o cümhuriyyətin varisidir və o istiqamətdə hərəkət etməliyik. Qərbin demokratiyasını, insan haqlarını, yüksək təhsil və səhiyyə sistemini, ədalətli məhkəməsini zaman-zaman ölkəmizdə bərqərar etməliyik.
Amma mən illah da Qərbin arxasınca sürünməyin də tərəfdarı deyiləm. Hər nə qədər bu gün qeyri mümkün kimi görünsə də, türk dövlətləri bir araya gəlib, ətrafında Pakistan kimi dost ölkələri toplayaraq Türk Birliyini qurmalıdırlar. Getdikcə bu birliyin vacibliyi dərk edilməkdədir. Adım kimi əminəm ki, Türk Birliyi, hətta Türk İslam Birliyi mütləq qurulacaq. Biz də fərd olaraq bu birlik uğrunda əlimizdən gələni etməliyik. Heç nə edə bilmiriksə sadəcə inanaq ki, bu olacaq inşallah.

Sərxan bəy, sonda üzv olduğunuz Klassik Xalq Cəbhəsi Partiyası haqqında suala cavab vermənizi xahiş edirəm. Siz KXCP-nin MNTK-a üzvüsünüz. Bildiyimə görə 5 nəfər MNTK -a üzvündən hazırda fəaliyyət göstərən tək insan sizsiniz. Hüquq müdafiəçisi, KXCP sədrliyinə namizəd Oktay Gülalıyev KXCP-nin bir çox şöbələrində, o cümlədən Ordubad rayon şöbəsində konfransların keçirilmədiyini, bununla bağlı saxtakarlıqların olduğunu yazıb. Siz MNTK- üzvü olaraq keçirildiyi deyilən konfransların sənədləri ilə tanış olmusunuz?Ümumiyyətlə siz təşkilatın MNTK üzvü olaraq keçirilən konfranslarda iştirak etmisiniz?

Partiyazmızla bağlı onu deyə bilərəm ki, etirafdan, özünü tənqiddən qorxmamalıyıq. Bu gün partiya olaraq ölkədəki proseslərlə lazımınca ayaqlaşa bilmirik. Bəli, üzv olduğum Mərkəzi Nəzarət Təftiş Komissiyasında hal-hazırda təkəm. Qaldı ki, Ordubad rayonunun konfrans sənədləri ilə tanış deyiləm. KXCP bütün bölgələrimizi əhatə edən köklü partiyadır, milli partiyadır. Qarşıda qurultayımız var. Əminəm ki, qurultaydan sonra bütün istiqamətlərdə canlanma olacaq.

Elşən Əlisoy