“Ateistlər dayazdır” – Sevda Ələkbərzadə

“Düşünürəm ki, ölüm yoxdur. Bu, başqa həyata keçiddir. Ölüm olsa idi, həyat maraqsız olardı. Dərin insan bunu anlamalıdır. Dayaz insan deyəcək ki, hər şey bununla bitir”.

Sozcu.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə “Popumuz var” verilişində deyib.

O, zamanla filosofların fikirlərindən uzaqlaşaraq mistikaya daha çox inam bəslədiyini söyləyib:

“Mistiklər mənə daha çox yaxındır. Bəzi mistiklər bilən informasiyaları filosoflar bilmir. Alimlər görürsə, inanır, görmürsə, inanmır. İnsan ateistdirsə, dayazdır. Darvin deyirdi ki, insan meymundan əmələ gəlib. Təbii ki, dayazdır. Mistik deyil, çox ağıllıdır, intelektualdır, amma dərinliyi yoxdur. İnsan beş sinfi bitirə bilər, amma dəryadır. Oxumadığı kitab qalmayan adamlar var ki, çox dayazdır. İnsanlığı, vicdanı yoxdur. Oxuduqları kitab hara gedir? Bu, təkcə oxumaqla deyil. Nəyisə düzgün etmirəmsə, gecə yatmıram. Mənə bir söz deməklə öldürmək olar. Elə olub ki, bir sözə görə üç gün yatmamışam”.

Müğənni hər şeyə görə Allaha təşəkkür etdiyini deyib:

“Yaradanla mütəmadi dialoqdayam. Ona hər şey üçün təşəkkür edirəm. Danışdıqlarım intim mövzudur deyə, danışa bilmərəm. Amma ona səmimi qəlbdən şükür edəndə səndə kosmik bir hiss yaranır. İnsanın özü möcüzədir. Ayı, ulduzları görürsən. Həyatımız nağıldır. Sən də möcüzəsən, mən də. Bunları necə görməmək olar?”.