“Atasız uşaqlar tez böyüyür…” – Şəhid pilotumuzun həyat yoldaşı…

Bu gün şəhid pilotumuz Təbriz Musazadənin doğum günü münasibətilə ailəsi məzarını ziyarət edəcək.

Sozcu.az xəbər verir ki, Bu haqda Moderator.az-a şəhidimizin həyat yoldaşı Pərişan Musazadə məlumat verib. P.Musazadə bildirib ki, artıq üç ildir ki, həyat yoldaşı doğum günündə yoxdur:

“Bu gün ailəmizlə birlikdə “Şəhid övladları və kimsəsiz uşaqlara yardım” ictimai birliyinin işçiləri ilə birlikdə İkinci Fəxri Xiyabanda Təbrizi ziyarət edəcəyik. Artıq üç ildir ki, doğum günündə yoxdur. Uşaqlar xatirəylə yaşayır. Onunla bağlı maraqlı hadisələri xatırlayırlar. Atasız uşaqlar tez böyüyür və Tayfunla Onur da onlardan biridir. Onlar da ataları kimi güclüdürlər”.

P.Musazadə Təbrizin qayğıkeş ata və müəllim olmaqla yanaşı, insan olaraq da yaxşı biri olduğunu deyib:

“Təbriz çox yaxşı insan idi. Qayğıkeş ata idi. Hər kəsin sevimlisiydi və hər işdə də irəlidə olurdu”.

Qeyd edək ki, Təbriz Musazadə 1981-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində anadan olub. 2016-cı il aprel döyüşləri zamanı Mi-24 helikopterinin vurulması nəticəsində şəhid olub. T.Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeniylə təltif edilib.