“Ata-ananın səninlə necə davranmasından asılı olmayaraq onlara yaxşılıq etməlisən…”

Valideynə yaxşılıq etmək mövzusunda 16 konseptual dərs…

Bismilləhir-Rahmənir-Rahim!

Bu günlər İslamın çox dəyərli mənəvi şəxsiyyəti – Həzrət Əbülfəzl Abbasın (ə) anası Həzrət Ümmül-Bəninin (s.ə) vəfat günləridir. Bu əziz Xanımın (s.ə) İslamın mənəvi tarixinin təhlilində xüsusi və əzəmətli yeri var. Müxtəlif tarixi mənbələrdə vəfat tarixi müxtəlif zamanlarda qeyd olunur. Hicri ilə 63-cü ildə Cəmadius-sani ayının 13-ü və ya 17-si kimi vəfat tarixi qeyd edilir.

Xanım (s.ə) Bəqi qəbiristanlığında dəfn edilib. Bu əziz Xanım (s.ə) dörd oğul yetişdirib ki, hər biri Kərbəla şəhidi məqamına ucalıb. O, bütün İslam dünyasının əzizi və sevimlisi olan Həzrət Əbülfəzl-Abbasın (ə) dəyərli anasıdır.

Oğullar anası Ümmül-Bəninin (s.ə) məqamı

Xanım Ümmül-Bənin (s.ə) – həya baxımdan böyük bir dəyər adamıdır. Həzrət Əli (ə) ilə ailə həyatı qurduqda onu öz adı ilə – Fatimə adı ilə çağırmamasını xahiş edir. Belə ki, İmam Həsənin (ə), İmam Hüseynin (ə) və Xanım Zeynəbin (s.ə) dünyasını dəyişmiş analarını – Həzrət Fatimeyi-Zəhranı (s.ə) xatırlayaraq narahat olmalarını istəməyən Xanım Ümmül-Bənin (s.ə), özünün fərqli çağırılmasını istəyib. Elə məhz buradan da Ümmül-Bənin – “oğullar anası” müraciəti də meydana gəlmişdir.

Xanım Ümmül-Bənin (s.ə) Kərbəla vaqiəsində canlı iştirak etməyib. O, Mədinədə idi. Əsirlər karvanı Mədinəyə daxil olan vaxt və xəbər gətirən şəxs ona yaxınlaşıb övladlarının şəhidlik xəbərini çatdırmaq istəyərkən, o Xanım (s.ə) Həzrət İmam Hüseyn (ə) haqqında soruşur. Xəbər gətirən Həzrət Əbəlfəzl (ə) ağanın şəhidliyi xəbərini çatdırır. Ümmül-Bənin (s.ə) yenə də Həzrət İmam Hüseyni (ə) soruşur. Xəbər gətirən beləcə dörd övladının adını çəkir ki, onlar şəhidliyə çatıblar. Ümmül-Bənin (s.ə) yenə də Həzrət İmam Hüseyn (ə) haqqında soruşur və onun (ə) şəhid olmasını bildikdə, deyir: “Ey kaş övladlarım və yer üzündə olan hər şey Hüseynə (ə) fəda olardı və o, diri qalardı”.

Xanım (s.ə) Həzrət İmam Hüseynin (ə) aşiqi idi, Əhli-Beyti (ə) sevən idi, onların mənəvi məqamının əhəmiyyətini dərk edən insanlardan idi. Xanım (s.ə) üçün məkan fərqi yox idi. O, Həzrət Abbasın (ə) övladı Übeydullahı özü ilə götürüb Bəqiyə gedir, burada əziz Kərbəla şəhidləri üçün əzadarlıq edərdi. Xanım (s.ə) şairə idi, fəsih və ədib idi. Bəqidə özünün yazdığı şeirləri oxuyub, əzadar olub kövrələrdi.

O Xanımın (s.ə) mənəvi məqamı ilə bağlı xüsusi olaraq böyük İslam alimlərindən olan Seyid Mahmud Hüseyni Şahrudi (s.ə) buyurur ki, mən müşküllərim, problemlərim zamanı Ümmül-Bənin (s.ə) üçün hacətimi niyyət edirəm və 100 salavat göndərirəm.

Dünyanın müxtəlif yerlərində Həzrət Əbülfəzlin (ə) anası Ümmül-Bəninin (s.ə) süfrəsi adında mənəvi təbərrük süfrələri qurular…

Uca Allah bizlərə bu Xanımın (s.ə) mənəvi məqamını tanımağı nəsib etsin. Allah bizə belə anaların məqamını dərk etməyi, onlara ehtiram göstərməyi nəsib etsin!

Valideynin razılığı – Allahın razılığıdır

Mövzumuza bağlı olaraq mübarək dinimizin valideynə münasibətlə bağlı bəyanı barədə danışmaq istərdik. Allah Təala Qurani-Kərimin “İsra” surəsinin 23-cü ayəsində buyurur: “Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr, onlara “uf!” demə, üstlərinə qışqırma, özündən uzaqlaşdırma, kobud sözlər demə və onlarla xoş və gözəl davran”.

Ayəyə diqqət etdikdə, biz görürük ki, bir adamın insani keyfiyyətlərinin ən mühüm cəhətlərindən biri – Allaha bəndəlik və bundan sonra valideynə münasibətdir. İslami mətnlərə, rəvayət və buyuruşlara da nəzər saldıqda, görürük ki, valideynə mehriban baxış belə, qəbul olunmuş həccin savabı qədər savab verir. Onların razılığı – Allahın razılığı, qəzəbi – Allahın qəzəbidir.

Təbii ki, valideyn Allahla düşmənçilik yolunda olmamalıdır. Əgər bir valideyn Allahla düşmənçilik yolunda olsa və övladını da buna tərəf sövq edərsə – bu, ayrı məsələdir. Qeyd edək ki, bu, çox nadir haldır. Normalda valideynlərin razılığı – Allahın razılığı, qəzəbi – Allahın qəzəbidir. Ata-anaya yaxşılıq insanın ömrünü uzadar, ömrünə bərəkət verər və insanın öz övladlarının da ədəbli olmasına səbəb olar.

Valideynə yaxşılıq yalnız Allaha ibadət qədər qəti tələbdir

Ayəyə nəzər saldıqda müxtəlif dərsləri götürə bilərik. Dəyərli təfsirşünaslar, ayənin təfsiri ilə bağlı bir neçə nöqtəni qeyd edirlər. Birinci nöqtə budur ki, ayədən gördüyümüz kimi, bütün işlərin başında tövhid – yalnız Allaha ibadət və pərəstiş etmək, Allahpərəst, tövhidpərəst olmaq gəlir. Bütün işlərin və əməllərin bünövrəsində bu dayanmalıdır.

İkinci nöqtə ilə bağlı biz görürük ki, tövhidpərəstliyə çağırışla yanaşı, ata-anaya yaxşılıq gəlir. Buradan bu nəticəni çıxara bilərik ki, ata-anaya yaxşılıq – həqiqi tövhidpərəstlərin xüsusiyyətidir. Yəni, əgər bir insan həqiqətən Allahpərəst, tövhidpərəst olsa, tək Allaha bəndə olsa, bu zaman onun əməllərində təzahür olunan ilk cəhət – valideynlərinə yaxşılıq etmək olar. Allah hamımıza bu mərifətə malik olmağı nəsib etsin!

Üçüncü mövzu odur ki, ata-anaya yaxşılıq – tövhid əmri kimi qətidir. Ayədə Rəbbimizin ondan başqasına ibadət etməməyi və ata-anaya yaxşılıq etməyi qəti əmr etməsi vurğulanır. Bunların hər ikisi eyni cərgəyə qoyulacaq qədər Allahın qəti hökmləridir. Allahın təqdiratı, qəzası, əmri budur ki, ata-anaya yaxşılıq edilə və bu, tövhidpərəstlik kimi dəyişməz İlahi əmrlərdəndir.

Ata-anaya yaxşılıq – istər ağlın vacib buyurduğu mövzudur, istərsə də şəri vacibatdır, dinin, Quranın hökmüdür. Çünki, tövhid mövzusu əsasən bizim əqlən çatmalı olduğumuz məsələdir. Belə isə, ata-anaya yaxşılığın da bununla yanaşı gəlməsi ona işarədir ki, bu mövzu da həm də əqli bir mövzudur.

Valideynə yaxşılıq etməklə mənəvi estafeti digər nəsilə ötürmüş oluruq

Tövhidpərəst insanların öz valideynlərinin onlar ahıl yaşına çatdığı zamanda xidmətində durmaları, yaxşılıq etmələri əslində mənəvi estafetin, tövhidpərəstliyin, iman ruhunun yaşlı nəsildən gənc nəslə ötürülməsidir. Bir ailədə övladlar ata-analarına yaxşılıq etməklə, əslində mənəvi estafeti gələcək nəsillərə ötürmüş olur. Ailə ona görə də müqəddəsdir. Əgər ailələrin bu mənəvi ab-havası qorunarsa, ailələrdə mənəvi aura diri olarsa, toplumların inkişafı baş verər.

Valideynlərin müsəlman olması, namaz qılan olması şərt deyil. İnsanın öz valideynlərinə yaxşılıq etməsi onların mömin, namaz qılan, müsəlman olmalarına görə deyil. İstər əqlin hökmü, istər dinin vacib buyurmasına görə insan öz valideynlərinə yaxşılıq etməlidir.

Ayədən çıxan yeddinci nöqtə budur ki, ata-ana arasında heç bir fərq yoxdur. Hər ikisinə övladlar eyni dərəcədə yaxşılıq etməlidir. Ayədə onların adları yanaşı gəlir.

Ayənin digər bir təfsiri çaları budur ki, ayədə insana öz valideynlərinə vasitəsiz, birbaşa yaxşılıq etməyi tövsiyə edilir. Ayə insana valideynlərə özünün yaxşılıq etməsini tövsiyə edir. İndiki dövrdəki kimi, kiməsə tapşırmaq, harayasa qoymaq, uzaqdan-uzağa valideynlərə qayğı göstərmək tövsiyə olunmur. Bəzən təəssüflər olsun ki, toplumumuzda da valideynlərə bu cür laqeyd münasibətlə qarşılaşırıq. İnsan yaxşılığı bilavasitə özü etməlidir. İnsanın valideyninin xidmətində birbaşa olmasının böyük əhəmiyyəti var.

Yaxşılıq infaqdan daha üstündür

Doqquzuncu nöqtə budur ki, ehsan, yaxşılıq etmək – infaqdan daha üstündür. Yaxşılığın bir neçə ayrılmaz xüsusiyyətləri var. Buraya məhəbbət, ədəb, insanın əxlaqi keyfiyyət və məziyyətləri də yer alıb. Yəni, şərt deyil ki, insanın yaxşılığı, ehsanı yalnız maddi olsun. Bəzən sadalanan məsələlər də yaxşılıq ola bilər. Bunlar infaqdan daha yuxarı keyfiyyətli bir əməl sayılır. Valideynlərlə münasibətdə infaq, malik olduğundan paylaşmaq gözü ilə deyil, yaxşılıq etmək gözü ilə baxılmalıdır. Çünki, övlad heç bir zaman valideynin etdiyinin haqqını ödəyə bilməz, ancaq yaxşılıq edə bilər. Bu əslində həm əqlin, həm dinimizin baxış bucağıdır.

Onuncu nöqtə isə budur ki, yaxşılığın həddi yoxdur. İslami əxlaq nəzəriyyələrində nəzəriyyəçilər buyururlar ki, bəzi məsələlərdə mötədil davranışdan söhbət gedə bilməz. Bəzi keyfiyyətlər var ki, orada ifrat və təfrit mövzudu bölünmür, nə qədər çox edilərsə, o qədər yaxşıdır. Misal üçün, insanın təqvasının bir mötədil vəziyyəti yoxdur, insan nə qədər təqvalı olarsa, bir o qədər yaxşıdır. Valideynlərə münasibət, yaxşılıq da bu cürdür. Burada heç bir hədd-hüdud yoxdur. İnsan valideynlərinə nisbətdə nə qədər yaxşılıq edərsə, o qədər bəyənilər. Yəni fəqir kimi baxmalı deyil ki, doyuzdurana qədər, cihad kimi baxmalı deyil ki, fitnə aradan gedənə qədər, oruc kimi baxmalı deyil ki, iftara qədər həyata keçirtsin. Yəni, bunu bir növ plan, növbətçi xarakterli mövzu kimi görməməlidir. Necə ki, Allaha ibadət, Allaha bəndəlik davamlı bir prosesdir, valideynə yaxşılıq da o cür davamlı bir bəndəlik prosesi olmalıdır.

Valideynin öz övladına yaxşılığı fitridir, amma övladın valideynə…

Qurani-Kərim valideynə yaxşılığı tövsiyə edir. Bu, mahiyyət etibarilə onu göstərir ki, valideynin övlada yaxşılıq etməsi üçün məsləhətə ehtiyac yoxdur, valideyn onsuz da buna meyillidir. Amma insanın öz valideynlərinə yaxşılıq etməsi üçün bir növ çağırışa, tövsiyəyə ehtiyac var. Qurani-Kərim ona görə insana qəti olaraq valideynə yaxşılıq etməyə çağırır. İnsanın öz övladlarına yaxşılıq etməsi bir növ atifəsindən irəli gəlir. Amma, valideynə yaxşılıq etmək – bir iradəvi mövzudur. Qeyd olunan cəhətlər baxımından da nəzər salsaq görürük ki, Quran övladın valideynə yaxşılıq etməyə tövsiyə edir.

Valideynin hər nə qədər cismi, ruhi ehtiyacı çox olarsa, onlara yaxşılıq etmək daha çox zəruridir. Ayədə valideynlərin övlad yanında yaşlaşmasına vurğu edilir. Yəni, artıq yaşlaşan vaxtı, xəstəlikləri, ruhi tələbatları, psixoloji ehtiyacları artan vaxtı insanın yaxşılıq etmək vəzifəsi daha da zəruriləşir.

On üçüncü dərs budur ki, yaşlı ata və ananı hansısa qocalar evinə aparmaq – inancımız tərəfindən qəbul edilmir və bəyənilmir. Öz yanında saxlayıb xidmətlərində durmaq, insanın özünün onların xidmətində bilavasitə durması – İslamın çağırışıdır.

Qurani-Kərim insanları öz valideynlərin incitməkdən, onlarla kobud davranmaqdan çəkindirir. Ümumilikdə inancımızın insanlarla kobud davranmağa, onları özündən uzaqlaşdırmağa, onları incitməyə mənfi münasibəti var. Valideynə münasibətdə isə ümumiyyətlə birbaşa bu məsələlərdən çəkinmək tələb olunur. Ona görə də mübarək ayə, valideynlərlə mülayim davranmağı tövsiyə edir.

On beşinci dərs budur ki, yaxşılığı gözəl sözlə, gözəl əxlaqla etmək tövsiyə olunur. Ayənin sonunda yaxşılığın, ehsanın gözəl sözlərlə, yaxşı tərzdə, yaxşı ədəblə edilməsi tövsiyə edilir. Yaxşılıq dildə də öz təzahürünü tapmalıdır.

Yekun dərs isə budur ki, valideynlərə ehsan və valideynlərlə kərimanə, gözəl, ədəbli danışıq qarşılıq olaraq gəlməyib. Yəni, onların səninlə necə davranmasından asılı olmayaraq, sən onlara yaxşılıq etməli, onlarla gözəl, ədəbli davranmalısan. Allah Təala bizlərə bunlara əməl etməy nəsib etsin!

Allahım, bizlərə valideynlərimizlə ən gözəl şəkildə davranmağı nəsib et!

Allahım, yalnız Sənə bəndə olub, Sənə ibadət etməyi bizlərə nəsib et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof , “Dəyərlər”

Facebook Comments