Assancın dostu da həbs edildi: daha iki rus haker isə…

Джулиан Ассанж. Фото: ©REUTERS/NEIL HALL

“Vikiliks”in rəhbəri Culian Assancın yaxın adamı Ekvadorda həbs edilib.

Axar.az xəbər verir ki, bunu “Sonorama” radiosuna müsahibəsində Ekvador Daxili İşlər naziri Maria Paula Romo deyib. Onun sözlərinə görə, rəsmi Kito onu ölkənin daxili işlərinə müdaxilədə şübhəli bilib.

O, bu şəxsin Yaponiyaya uçmaq istədiyi zaman həbs edildiyini bildirib.

DİN rəhbəri həmçinin bu şəxsin bir neçə dəfə Ekvadorun keçmiş xarici işlər naziri Rikardo Patinyo ilə birgə Kolumbiya, İspaniya və Venesuelaya səfər etdiyini qeyd edib.

O, Ekvadorda Assancla əlaqəli olan iki rus hakerinin də yaşadığını, bu şəxslər barəsində əlavə informasiya verə bilməyəcəyini deyib.

“RİA Novosti”yə açıqlama verən Assancın vəkili Karlos Poveda isə həbs edilən şəxsin Assancın yaxın adamı yox, dostu olduğunu bildirib.

Qeyd edək ki, Assanc dünən Britaniya polisi tərəfindən həbs edilib. Polis buna Ekvadorun Assanca siyasi sığınacaq verməkdən imtina etməsindən sonra nail olub.

Assanc hazırda iki ölkədə axtarışdadır. İsveç hökuməti onu təcavüzdə, ABŞ hökuməti isə eks-hərbçi Çelsi Menninqin ələ keçirdiyi xidməti sənədləri yayımlamaqda ittiham edir.