AŞQABAD VƏ BAKIDAN TÜRKİYƏNİ GÜCLƏNDİRƏCƏK ADDIM:”Dostluq” yatağına dair anlaşma hansı üstünlükləri vəd edir? – TƏHLİL

Professor Gürşad Zorlu

“Habertürk”, Türkiyə,

Dünən Xəzərin sahilində dünya enerji nəqli xətləriylə yaxından bağlı olan bir anlaşma imzalanıb. Türk dünyasının iki önəmli ölkəsi – Azərbaycan və Türkmənistan Xəzər dənizinin altında yerləşən ciddi böyüklükdəki mübahisəli bir neft-qaz ehtiyatı ilə əlaqədar Anlaşma Memorandumu imzalayıb. Xəzər regionu artıq ayırıcı deyil, birləşdirici xarakter almağa başlayıb.

Bu iki ölkənin 3 il ərzində imzaladığı anlaşmaların sayı 50-yə çatıb. Dünən Aşqabadda imzalanan anlaşmanın təməli də Türkmənistan Prezidenti Berdiməhəmmədovun ötənilki Bakı səfəri zamanı atılmışdı.

Haqqında anlaşma memorandumu imzalanan ehtiyatların yerləşdiyi sahənin adı “Dostluq”dur. Həm Azərbaycan, həm də Türkmənistan ləhcəsində bu sözün mənası eynidir. Bu sahə Azərbaycanla (“Kəpəz”) Türkmənistanın (“Sərdar”) dənizdəki sektorları içərisində yer alırdı. Xüsusilə də SSRİ-nin dağılmasından sonra iki ölkə arasında mübahisəli hala gələn bu ehtiyatların kəşfiyyatı, çıxarılması, işlədilməsi və daşınması haqqında anlaşmanın əldə edilməsi yalnız bu iki ölkəni deyil, Türkiyənin də içində yer aldığı Trans-Xəzər keçidini gücləndirəcək. Çünki bu anlaşmanın reallaşdırılmasıyla birlikdə, Türkmənistanın təbii qazı Xəzərdən Azərbaycana, oradan da Türkiyə-Avropa xəttinə veriləcək.

Yanvar ayının əvvəlində Azərbaycan qazı Trans-Adriatik Boru xətti (TAP) vasitəsilə Avropaya verilməyə başlamışdı. Hazırda Avropanın təbii qaz bazarının 34%-nə Rusiya nəzarət edir. Ayrıca, Türkmənistan neftinin Bakı-Tbilisi-Ceyhan boru xəttiylə dünya bazarlarına çıxarılması da mümkün olacaq.

“Dostluq” sahəsinin 50 milyon tondan çox neft, 30 milyard m3 -dən də çox təbii qaz ehtiyatına sahib olduğu təxmin edilir. Təsdiq olunmuş qaz ehtiyatlarına görə, Türkmənistan 10,1%-lik ehtiyatla dünyada 4-cü yeri tutur.

Bu sahədə əməkdaşlıq həm Azərbaycana, həm də Türkmənistana əlavə iqtisadi gəlir gətirəcək. Strateji baxımdan isə, hər iki ölkə enerji mənbəyi və keçid xətti olma xüsusiyyətlərinə görə, daha güclü hala gələcək.

Türk dünyasının bu iki önəmli ölkəsi eyni zamanda digər ölkələrin də prosesə qoşula biləcəyini göstərəcəkdir. Xəzərsahili ölkələrin Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyadan ibarət olduğunu xatırlarsaq, dünən imzalanan anlaşmanın önəmi daha yaxşı anlaşıla bilər. Qazaxıstanla Özbəkistanın da Trans-Xəzər enerji xətlərinə daxil olması bu mərhələdən sonra artıq Türk Şurasının vəzifələri sırasındadır.

Dünən əldə edilən anlaşmanın bir başqa önəmi də budur ki, Qarabağda önəmli bir uğur əldə edən Azərbaycan, bu xəttin işləməsiylə birlikdə, Qarabağ-Naxçıvan-Türkiyə xəttinin reallaşdırılması üçün masadakı müzakirə imkanlarını da artıracaqdır.

Əslində, dünən çox da diqqət edilmədən imzalanan bu anlaşma, uzun zamandır türk dünyasının öz daxili potensialını dəyərləndirməyi hədəfləməsinin aydın əks olunması olaraq da qəbul edilə bilər.

Tərcümə Strateq.az-ındır

Facebook Comments