Aslan İsmayılovdan Baş Prokurora müraciət: “Əli Həsənov azadlıqdadır və cinayətin ört-basdır etməsi üçün bütün imkanlara malikdir”

Tanınmış vəkil Aslan İsmayılov Baş prokuror Kamran Əliyevə müraciət edib.

Sozcu.az həmin müraciəti təqdim edir:

“Respublikası Baş Prokuroru

cənab Kamran Əliyevə

3 dəfə məhkum olunmuş,

2 dəfə Vəkillər Kollegiyasından xaric edilmiş,

Bakı şəhəri Bibiheybət qəsəbəsində

yaşayan Aslan İsmayılovdan

Ə R İ Z Ə

Hörmətli Kamran müəllim!

Bizi bir-birimizə təqdim etməyə ehtiyac yoxdur, çünki bir-birimizi 90-cı illərdən tanıyırıq. Əminəm ki, mənim kimliyimi çox yaxşı tanıyırsınız və Dövlətə, Qanuna münasibətimi də yaxşı bilirsiniz. Ərizədə 3 dəfə məhkum olunmağımı, 2 dəfə Vəkillər Kollegiyasından xaric edildiyimi təsadüfən yazmadım. Haqqımda olan bu qanunsuzluqların başında Ramiz Mehdiyev və Əli Həsənovun durduğu da ölkəmizdə heç kim üçün sirr deyil. Mənim R.Mehdiyev və Ə.Həsənovla heç bir şəxsi münasibətim olmayıb və mənə qarşı olan qanunsuzluqlar da ancaq və ancaq bu iki vəzifəli şəxsin Azərbaycan Dövlətinə və Xalqına vurduqları ziyanı 2005-ci ildən başlayaraq daim ictimailəşdirməyimlə bağlı olub. R.Mehdiyev haqqında dəqiq bilməsəmdə Ə.Həsənovun keçmiş Baş Prokuror Zakir Qaralova, DİN-i Ramil Usubova və DTX rəisi Mədət Quliyevə dəfələrlə zəng edib mənim həbsimi tələb etməsini dəqiq bilirəm.

İstintaqı Baş Prokurorluq tərəfindən aparılan KİVDF haqqında olan cinayət işinin gedişatını diqqətlə izləyirəm. Gördüyüm odur ki, bu cinayət işi qanunun nəzərdə tutduğu kimi tam, hərtərəfli və obyektiv aparılmır. Cinayət işinin qaldırılmasından uzun müddət keçməsinə baxmayaraq bu gün də on milyonlarla dövlət vəsaitini mənimsəmiş, israf etmiş cinayətkar dəstənin cəmi 2 üzvü həbs edilib. Bu cinayətin başında duran, onun təşkilatçısı Ə.Həsənov bu gün də azadlıqdadır və cinayətin ört-basdır etməsi üçün bütün imkanlara malikdir. Siz yaxşı bilirsiniz ki, cinayətin tam, hərtərəfli və obyektiv aparılmasını təmin edən əsas amil operativlik və təxirəsalınmaz istintaq hərəkətlərinin vaxt ötürmədən həyata keçirilməsidir. Bu iş üzrə isə onlarla cinayətkarın çoxdan həbs edilməsi üçün heç bir maneə olmayıb və yoxdur. Sadəcə bu işdə olan lənglik başadüşülən deyil və şəxsən məndə istintaqı aparan orqanın qanunun yerinə yetirilməsində maraqlı olmaması təəssüratı yaradır. Əks halda dəymiş ziyanın 10 milyonlarla ölçülməsinə baxmayaraq bu günə qədər də dəymiş ziyanın 5 milyon manat civarında olmasının elan edilməsi başadüşülən deyil. Təkcə qiyməti təxminən 5-6 milyona manata başa gələn 155 mənzilli bir binaya 22.5 milyon manat xərclənməsi mənimsəmələrin miqyasını göstərir. Mən hələ həmin binaların keyfiyyətini, mənzillər paylaşan zaman qohum-əqrəba, reket jurnalistlər arasında bölüşdürülməsini, bir jurnalistə bir neçə mənzilin verilməsini və sair qanunsuzluqları demirəm.

Bundan başqa xüsusilə qeyd edirəm ki, uzun illər Ə.Həsənovun birbaşa tapşırığı ilə haqqımda şər-böhtan kampaniyası aparan “Xəmsə” restoranının sahibi Mürvət Həsənlinin və digərilərinin adıçəkilən cinayət işindəki külli miqdarda mənimsəmələri, qanun pozuntuları ört-basdır edilir. Onların haqqında çoxsaylı sübutların olmasına baxmayaraq bu gün də cinayət məsuliyyətinə alınmamaları da istintaqın qeyri-obyektiv aparılmasından xəbər verir.

Ona görə də Sizdən xahiş edirəm ki, cinayət işinin istintaqının aparılmasını şəxsi nəzarətinizə götürüb tez bir zamanda bütün cinayətkar dəstənin iştirakçılarının müəyyən edilməsini və məsuliyyətə cəlb edilməsini təmin edəsiniz. Qısa bir zamanda “Azərxalça”nın sədri V.Muradovun ifşa edilib həbs edilməsi bir daha göstərdi ki, istək olanda prokurorluq orqanları qısa vaxtda qanunun tələbini yerinə yetirə bilirlər. Əminəm ki, Sizin peşəkarlığınız və təcrübəniz qısa zamanda bu işdə olan qanunsuzluqların aradan qaldırılmasını təmin edəcək. Bu isə dövlətə dəymiş ziyanın ödənilməsindən daha da vacib olan ideoloji, təbliğat sahəsin saflaşdırılmasına xidmət edəcək və illərlə özünə möhkəm yer tutmuş reket jurnalistikasının ifşasını təmin edəcək”.

Facebook Comments