“Artur Rasizadəni 20 dəfə baş nazir kürsüsündən götürmüşük”

Deyirdim, ikicə gün hövsələ edək, prosesə mane olmayaq. Cəmi ikicə gün. Amma lazım olmadı. Adamın torbası tikilmiş, ərizəsi, fərmanı hazırmış.

Ona görə elə deyirdim ki, indiyədək anons edilmiş istefa və təyinatların 90 faizi baş tutmurdu, ya biz əvvəlcədən düz təxmin etmirdik, ya da sonradan fikir dəyişdirir, amma bizə xəbər vermirdilər. Bu dəfə elə olmadı.

Yadımdadır ki, bu xasiyyətimiz üzündən 2-3 il qabaq təhsil naziri postu 6-7 ay boş qaldı, heç cür imkan vermirdik ki, ora kimisə təyin eləsinlər. İndi mədəniyyət naziri postu da boş qalıb. Proqnozçu politoloqlar, ekspertlər, müşahidəçilər öz aralarında razılığa gələ bilmirlər, 3-4 namizəd var.

Dünən bu barədə bəzi qeydlər etmişdim, yazıçı dostlardan biri cavab yazmışdı: “Biz sizdən öyrəndik qəhrəmanlığı”.

Düz sözə nə deyəsən? Etiraf etmək lazımdır ki, biz də zamanında belə şeylər çox etmişik. İndi yadımıza düşəndə “ömrün məzəli səhifələri” qrafasından sayırıq.

Amma bizim üzrlü səbəbimiz vardı. O vaxt bekarçılıqdı, internet çox zəif idi, şəbəkəyə qoşulana qədər yarım saat cızıldayırdı, sosial şəbəkələr, saytlar yox kimiydi, üstəlik, ictimai-siyasi həyatda süstlük, durğunluq hökm sürürdü. Məcbur olurduq fəallıq əmələ gətirək.

Bunun ən yaxşı yolu hansısa vəzifələri boşaltmaq və boş vəzifələrə adam təyin etmək idi.

Bir ara adamları tək-tək nazir vəzifəsinə qoyub-çıxarmaq ləzzət eləmədi, başladıq iqtidar komandasını bütöv dəyişməyə. “Kölgə kabineti” düzəldirdik. Çox maraqlı peşəydi, ehtirasları coşduran iş idi. Amma sonradan zayı çıxdı, ağlı çatan hər kəs o cür “kölgə kabineti” düzəltdi, ara qarışdı.

Hətta bir dəfə mən də öz adımı “kölgə kabinet”lərinin birində AzTV sədri vəzifəsində gördüm. Məni açıq-aşkar “vurmuşdular”. O vəzifəni istəmirdim. Başqa vəzifədə vətənə töhfə verməyi düşünürdüm, amma bədxahlar nəzərə almamışdılar…

O cür inciyənlər çox olurdu. Heç kimin başını bişirib Statistika Komitəsinə və ya idman naziri postuna “təyin” edə bilmirdik. Yiyə durmurdular. O vaxt “Formula 1″-filan yox idi deyə, bizimkilər idman naziri postunun tutumunu anlamırdılar. Ekologiya naziri postuna namizəd göstərdiyimiz bir şəxs isə 3-4 ay küsülü gəzdi bizimlə. Adam güc nazirliklərinə təyinat almaq istəyirmiş, xəbərimiz olmayıb.

Amma dediyim kimi, “kölgə kabinetləri”nin sayı artdıqca, işin dadı qaçdı. İfrat fəallıq əmələ gəlmişdi. “Nazirliyə namizədlər” dalaşır, bir-biri ilə intirqa aparırdılar. Ona görə də keçdik nazirləri tək-tək dəyişdirməyə.

Dəqiq xatırlayıram, bu 25 ildə Artur Rasizadəni azı 20 dəfə baş nazir kürsüsündən götürmüşük. Düzdür, axırda biz deyən oldu, amma biz artıq o söhbətin başını buraxmışdıq.

Təvazökarlıqdan ABŞ-ın Minneapolis şəhəri qədər uzaq olsa da deyim ki, 1996-cı ildə Rəsul Quliyevin spiker postundan götürüləcəyini ilk olaraq özüm proqnozlaşdırmışam, yerinə Murtuz Ələsgərovun təyin ediləcəyini isə yeganə olaraq özüm 2-3 həftə öncədən yazmışam. Sübutum da var. Baş redaktorumuz bu haqda o təyinatın ertəsi günü məqalə yazıb və həmin məqalə ilk kitabında yerləşdirilib. (Kim inanmırsa skrinşot ataram). O məsələni mənə bir etibarlı adam – qocaman jurnalist Cəfər müəllim demişdi. O, Murtuz müəllimin dostuydu, təyinatdan 2 həftə əvvəl BDU-ya gedib ki, rektorla görüşsün, professorun ikiqat artmış mühafizəsini görəndə barmağını dişləyib, sonra özündən soruşub, o da deyib ki, səsə salma, elə bir niyyət var. Allah tərəfi, Cəfər müəllim bu söhbəti məndən başqa heç kəsə deməmişdi, hərçənd bütün ölkəyə demiş kimi oldu.

Amma sonra mötəbər mənbədən xəbər verən olmadı deyə, belə proqnozlar verməyə cürət etmədik. Yalançı çıxamaq da bir şey deyil. Bizdən estafeti alan başqaları bu istiqamətdə xeyli nailiyyətlər əldə etdilər. Gündə birini “çıxarırdılar”. Nazirlər arasında dirəşənlər, tutduq verməyənlər də olurdu. Məsələn, jurnalistlər Misir Mərdanovu 4-5 il hərlədilər, axırda istefasına zar-zor nail oldular. Hacıbala müəllim isə özü barəsində “işdən çıxarırlar” anonsu verdirməkdə ixtisaslaşmışdı. O, bu üsulla postunu qoruyurdu.

Məmmədyarov isə özünü qoruya bilmədi. Hərçənd 16 il nazir olub. Bəsidir.Musavat.com

Samir Sarı

Facebook Comments