Arif Hacılının dəyirmi masa təklifinə müsbət cavablar verilib

Müsavat başqanı Arif Hacılı dəyirmi masaya dəvət etdiyi 8 nəfərin 5-dən müsbət cavab alıb.

Oktyabrın 23-də Arif Hacılı yeni təkliflə çıxış edib. Partiya lideri bildirib ki, müxalifətin birliyi mövzusu aktuallaşıb: “Partiya rəhbərlərindən, o cümlədən məndən siyasi qüvvələrin əməkdaşlığı tələb olunur. Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədəki siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün açıq dəyirmi masanın keçirilməsini təklif edirəm”.

Müsavat başqanı dəyirmi masaya Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu, Xalq Partiyasının sədri Pənah Hüseyni, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbəri, sabiq səhiyyə naziri Əli İnsanovu, jurnalist Mehman Əliyevi, politoloq Hikmət Hacızadəni dəvət edib və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakını məqbul sayıb.

Novator.az-ın məlumatına görə, Arif Hacılı oktyabrın 28-də bəyan edib ki, ölkədə yaranmış siyasi durumu dəyərləndirmək və vəziyyətdən çıxış yolları barədə müzakirələr aparmaq üçün dəyirmi masa keçirmək təklifi ilə müraciət etdiyi 8 nəfərin 5-dən müsbət cavab alıb: “Hələlik imtina edən olmayıb. Yaxın günlərdə digər həmkarlarımın da mövqeyi aydın olacaq”.

Facebook Comments