Araik Arutyunyan Qarabağdan qaçır – Biznesi də əldən çıxdı

Qarabağ separatçılarının lideri Araik Arutyunyan Qarabağdakı müharibəni daha tez və daha az itki ilə dayandırıla biləcəyini açıqlayıb.

Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, “Novosti Armenia” agentliyi Arutyunyanın açıqlamasını sitat gətirərək məlumat yayıb.

Araikin sözlərinə görə, bu 44 günlük müharibədə ictimai qınaq yaradan üç məsələ var.

“Əvvəla, müharibəni bu şərtlərlə 9 noyabrda bitirmək doğru idimi? Bir neçə dəfə bu suala vicdanla cavab verdim ki, o zaman alternativ böyük insan və ərazi itkisi idi”, – Araik Arutyunyan deyib.

Arutyunyanın sözlərinə görə, ikinci sual müharibəni nisbətən daha yaxşı şərtlərlə və daha az itkilərlə erkən bitirməyin, üçüncü sual isə Ermənistan silahlı qüvvələrinin əvvəlcədən müharibəyə daha yaxşı hazırlaşmasının mümkün olub-olmamasıdır.

“Son iki sualın cavabları müsbətdir, amma detallarını növbəti dəfə təqdim edəcəyəm”, – Arutyunyan bildirib.

Arutyunyan istefaya hazır olduğunu da açıqlayıb, ancaq “prezident və parlament seçkilərinin çətinliklərinin öhdəsindən gəlmək” üçün şərt irəli sürüb. Eyni zamanda Arutyunyan “azad vətən partiyası”nın sədri vəzifəsindən imtina etdiyini əlavə edib.

Məlumat üçün bildirək ki, Araik Arutyunyan 14 dekabr 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 1992-ci ildə Dağlıq Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan Ordusuna qarşı döyüşüb. 1995-97-ci illərdə separatçı rejimin “iqtisadiyyat və maliyyə nazirinin” köməkçisi olub. 1999-2004-cü illərdə “Armaqrobankın” Xankəndi filialının rəhbəri olub. 2005-ci ildə “azad vətən” adlı partiyanın sədri kimi separatçı rejimin “parlamentinə” seçilib. 2007-ci ildən 2017-ci ilə kimi separatçı rejimin “baş naziri” olub. Araik Arutyunyanın evli və 3 qız övladına sahib olduğu məlumdur.

Onu da qeyd edək ki, Araik Arutyunyandan əvvəl separatçı rejimə 4 nəfər başçılıq edib. 1994-97-ci illərdə separatçıların rəhbəri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan olub. Köçəryandan sonra separatçılara 5 ay müddətində Leonard Petrosyan başçılıq edib. 1997-2007-ci ildə separatçıların rəhbəri Arkadi Quqasyan, 2007-2020-ci illərdə isə Bako Saakyan olub.

Araik Arutyunyan kasıb Qarabağda böyük sərvət sahibi olması ilə bağlı tez-tez tənqidlərə məruz qalıb. Yerli sakinlər onu bizneslə siyasəti birləşdirərək sərvət toplamaqda, uzun illər Serj Sərkisyan və Robert Köçəryanın komandasında yer alaraq, 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişindən sonra dərhal düşərgəsini dəyişməkdə ittiham edib.

Vaxtilə o, Xankəndidəki “Nairi” univermağının, Xocavənddə şərab zavodunun sahibi olduğunu da təsdiqləmişdi. İndi onun Xankəndidəki “Nairi” univermağı dağılıb, Xocavənddəki şərab zavoduna isə binoklla da baxa bilmir. Vaxtilə Qarabağda ona məxsus şirkətlərdə və torpaq sahələrində 2 minə qədər insanın çalışdığı təxmin edilirdi.

Yada salaq ki, Qarabağ separatçılarının başçısı Araik Arutyunyan haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. A.Arutyunyanın istintaqa cəlb edilmələri barədə müvafiq qərar qəbul edilib. Onun həbs edilməsi üçün İnterpola məlumat verilib.

Amma Araik Arutyunyanın həbsini hələ ki, gerçəkləşdirmək mümkün olmayıb. O, Xankəndidə əlini-qolunu sallayaraq gəzməkdə, az qala hər gün bölgədəki Rusiya sülhməramlılarının rəhbərləri ilə görüşlər keçirməkdədir. Separatçıların lideri Azərbaycan Respublikasına qarşı pozuculuq əməllərini davam etdirir.

Facebook Comments