Apellyasiya Məhkəməsi Beynəlxalq Ana Dili Günü mərasimi ilə bağlı saxlanılan güney azərbaycanlı fəalları həbs və sürgün cəzasına məkum edib

Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi Beynəlxalq Ana Dili Günü mərasimi ilə bağlı saxlanılan güney azərbaycanlı fəalların həbs və sürgün edilməsi barədə qərar çıxarıb.

Məlumata görə, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarli hər biri 2 il həbs və 2 il sürgün edilmə cəzasına məhkum edilib.

Hökm, yanvarın 20-də Apellyasiya Məhkəməsinə çağırılan fəalların vəkili Seyid Məhəmməd Fəqihiyə elan olunub.

Azərbaycanlı fəalların apellyasiya məhkəməsi 2019-cu il dekabrın 23-də hakim Babayinin sədrliyi ilə Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində keçirilib.

Fəallar və onların vəkili Seyid Məhəmməd Fəqihi irəli sürülən bütün ittihamları rədd edərək məhkəmə prosesinin qanuna uyğun həyata keçirilmədiyini bildiriblər. Azərbaycanlı fəallar vurğulamışdır ki, məhkəmənin verdiyi qərar İran İslam Cümhuriyyətinin qeyri-fars millətləri, o cümlədən Azərbaycan millətinin ana dilinə olan münasibətini göstərəcək və bu qərar tarixdə qalacaq.

Bu arada xatırladaq ki, Güney azərbaycanın Mərənd şəhərində doğulan milli-mədəni fəal Əlirza Fərşi yanvarın 8-də Tehranda öz iş yerində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Hazırda Tehranın Evin zindanında saxlanılan fəalın hansı səbəbdən tutulduğu məlum deyil.

Adlarını çəkdiyimiz fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdir:

1- Əlirza Fərşi 15 il həbs və 2 il Xuzistan Əyalətinin Bağməlik şəhərinə sürgün edilmə hökmü ilə üzləşmişdir.

2- Əkbər Azad 10 il həbs və 2 il İlam Əyalətinin Dərreşəhr şəhərinə sürgün edilmə hökmü ilə üzləşmişdir.

3- Behnam Şeyxi 10 il həbs və 2 il Xuzistan Əyalətinin “Məscid Süleyman” şəhərinə sürgün edilmə cəzası ilə üzləşmişdir.

4- Həmid Manafi Nadarlı 10 il həbs və 2 il Loristan Əyalətinin Azna şəhərinə sürgün edilmə cəzası ilə üzləşmişdir.

Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarli daha 3 azərbaycanlı fəalla birlikdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün yaxalandıqdan bir müddət sonra vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdır.

Sozcu.az

Facebook Comments