Anası ölmüş ANAMA

Yaxud, məsləhətçi çox olanda

Torpaqlarımızı işğalçılardan azad eləmişik, ancaq ora gedə bilmirik. Bu da bir əcaib dərddir. Hər tərəfə mina basdırıblar. Ermənistanın pisliyi bitmir. Neçə aydır ortada “mina xəritələrini vermirlər” söhbəti dolaşır, lakin şəxsən məndə ciddi şübhələr var ki, ermənilər o minaları hansısa xəritə əsasında basdırıbdır. Bu elə murdar düşməndir ki, minaları heç bir qayda-qanun, xəritə olmadan, dəli kimi, hara gəldi basdıra bilər. Cəbhə xəttindən, şahidlərdən aldığım adda-budda xəbərlər bu şübhələrimi xeyli təsdiqləyir.

Lakin düşmən cəhənnəm olsun, gəlin görək biz özümüz bu problemi necə həll edəcəyik. Hökumətin ən optimist açıqlamalarından belə məlum olur ki, azad edilən ərazilərə ilk qayıdışlar ən yaxşı halda 2022-ci ildə baş tuta bilər. Hansısa kiçik bölgələrə. Əlbəttə, insafən bu işdə tək mina əngəli deyil, bütün sosial infrastrukturun sıfırdan bərpası problemi də var. Yolu, işığı, suyu, işi-gücü olmayan yerə camaatı necə qaytarasan? Ancaq bundan öncə minaların təmizləmək lazımdır və bu gün yalnız bu temadan yazmaq istəyirəm.

Bizdə mina təmizləmə işiylə ANAMA agentliyi məşğul olur. Ona rəsmi dövlət orqanı, qurumu statusunu yalnız bir-iki ay qabaq verdilər, sən demə, indiyəcən bu çox gərəkli orqanın hər hansı rəsmi səlahiyyəti yoxmuş, quruca agentlikmiş. ANAMA 1998-ci ildə prezidentin sərəncamıyla yaradılıb. Lakin keçən ay qurumun rəhbərlərindən biri çox təəccüblü bir rəqəm açıqladı: sən demə, ANAMA-nın ştat vahidi cəmi 500-ə yaxın işçidən ibarətdir, onlarınsa sırf sahədə, mina təmizləməklə məşğul olanları cəmi 250 nəfərdir. 250 nəfərlə 10 min kvadratkilometdən böyük ərazini neçə ilə minadan təmizləmək olar, heç düşünmək istəməzdim. Yalnız efirdə rast gəldiyim bir xəbəri verirəm: orada bir rayonumuzda ANAMA mina təmizləyənləri 3 aya 2 hektarı təmizlədiklərini söylədilər.

Bəs bizim mina təmizləmək potensialımız niyə belə zəifdir? ANAMA-nın saytından görünür ki, imkanlar elə də pis olmayıbdır. Məsələn, idarənin çoxlu texnikaları, skaynerləri, beynəlxalq donorlarla əlaqələri vardır. 2001-2019-cu illərdə ANAMA-nın təlim mərkəzlərini 2074 müdavim bitiribdir. Bəs niyə bu adamlardan cəmi 250-si işlə təmin edilir? Sual budur. Müstəqillik dövründə ordumuzun istehkam bölmələrində qulluq keçərək ehtiyata buraxılan minlərlə əsgəri də bunun üstünə gəlsək, əslində minatəmizləyən işi üçün kadr ehtiyatı problemimiz olmamalıdır. Ancaq hökumət o adamları tapıb-toplamağa, yaxşı maaşlı işlə təmin edib vətəndaşlarımızın torpaq həsrətinin vaxtını azaltmağa tələsmir.

Mən indi sizə bir-iki rəqəmlər açıqlayıram, Statkomun saytından əldə etmişəm. Ağstafa rayon icra hakimiyyətində 38 şöbə müdiri, 37 şöbə müdirinin müavini, 46 baş məsləhətçi, 22 aparıcı məsləhətçi, 22 məsləhətçi, 39 baş mütəxəssis çalışır. Ağstafa İH ümumən 223 nəfərdən ibarətdir. Samux rayon icra hakimiyyətinə adlayaq. Burada cəmi 192 nəfər milçək tutur ki, bunlardan 34 şöbə müdiri, 31 şöbə müdirinin müavini, 43 baş məsləhətçi (bəlkə də Samuxda heç 43 nəfər yaşamır), 17 aparıcı məsləhətçi, 24 nəfərsə məsləhətçidir. Aşağı-yuxarı bütün icra hakimiyyətlərimiz bu cür süni, faktiki heç bir işə yaramayan, əksinə, korrupsiya mənbəyi olan kadrlarla doludur, mən cəmi 2 rayonu müqayisə üçün yazdım. Lap bir işğaldan azad edilən rayonun – Kəlbəcərin icra hakimiyyətindəki dövlət qulluqçularının sayını da verək: cəmi 246 nəfər. Bunlardan 55 şöbə müdiri, 51 şöbə müdirinin müavini, baş məsləhətçi 64, aparıcı məsləhətçi 12, məsləhətçi 31 nəfərdir. Bu adamlar kimə, nə haqda məsləhətlər veriblər? Hələ bu Kəlbəcərin işğal dövrü icra hakimiyyətidir. Vay-vay… Ən pisi odur ki, şöbə müdiri müavini müdirdən 4 ştat azdır, deməli bəzi müdirlər müavinsiz qalmışdır. Məncə Kəlbəcər üçün bu, ciddi problem yaradacaq.

Sözümün canı odur ki, əgər bir respublikada icra hakimiyyəti məsləhətçilərinin sayı mina təmizləyənlərin sayından dəfələrlə çox olarsa, orada ərazilərə qayıtmaq uzun çəkər.(musavat)

Zamin HACI

Facebook Comments