”Anamın ölümünə səbəb olan həkim hələ də azadlıqdadır”

Prokurorluqdan: ”Üç dəfə ekspertiza keçirilib və hamısı da rədd olunub”

“Anamın vəfatından bir il ötür, amma onun qatili hələ də azadlıqda gəzir. Nəinki azadlıqda gəzir, həkim-cərrah olaraq əvvəlki iş yerində çalışmaqda davam edir”.

Bu sözləri Meydan TV-yə 2018-ci il aprelin 27-də qalxanabənzər vəzidən (zob-red) əməliyyat edilən və növbəti gün həyatını itirən

Xəzanə Əliyevanın oğlu Vüqar Əliyev deyir.

O bildirir ki, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin cərrah-endokrinoloqu Fəridə Saidova tərəfindən həyata keçirilən, sonra isə ölümlə nəticələnən faktla bağlı aidiyyatı qurumlara dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalmaqdadır.

Anasının həkim səhlənkarlığından öldüyünü deyən Vüqar Əliyev istintaqdan şikayətçidir:

“Həkim laqeyidsizliyi və məsuliyyətsizliyi ucbatından anam ölüb. Mən heç kimə böhtan atmaq istəmirəm, yanımda da kiməsə pul verilməyib. Amma bu reallıqdır ki, həkim səhlənkarlığı ucbatından ortada ölüm faktı var”.

Vüqar Əliyev deyir ki, dəfələrlə Yasamal Rayon Prokurorluğuna gedərək şikayətini bildirib:

“Anamın vəfatından aylar keçmişdi, heç bir cavab gəlmədi. Prokurorluğa getdim, müstəntiq Azad Əliyev bildirdi ki, istintaq işi araşdırılacaq, şəffaf aparılacaq. Ekpertizanın rəyi olmalıdır deyə, proses uzun zaman alacaq. Məni inandırdı. Təxminən altı ay keçmişdi, baxdım ki, heç bir nəticə yoxdur. Dəfələrlə müstəntiqə zəng edirdim, o da deyirdi ki, iş gedir, səbrli olun. Təkrar getdim yanına. Bildirdi ki, ekspertizanın cavabını almamışıq deyə, sizə hələ ki, bir söz deyə bilmərik. Onda gördüm ki, bu adam nala-mıxa vurur, Baş Prokurorluğa və Prezident Adminstrasiyasına məktub yazdım. Bundan sonra müstəntiqə zəng vuranda, dedi ki, iş təzədən açılıb. Əgər işi bağlamışdınsa, mənə məlumat verməli idin. İşi bağlayırsan və üstəlik, məndən də gizlədirsən. Belə çıxır ki, rüşvət alınıb, çünki arada ölüm faktı var. 53 yaşında adam ayağı ilə gedir xəstəxanaya, bir gündən sonra oradan meyitini çıxarıram.

Təxminən iki ay öncə təkrar bir də ora getdim ki, görüm, bu işin sonu necə oldu. Azad müəllim bildirdi ki, iş bağlanıb və sizin yaşadığınız ünvana məktub göndərmişik. Mən ona bildirdim ki, bizə məktub gəlməyib. O da cavabında, “məsələni araşdıracağam, məndən xəbər gözləyin”, – dedi. Hələ də gözləyirik, səs-soraq yoxdur. İşi bağlamısınızsa, mənə də deməlisiniz. Belə haqsızlıq olmaz axı. İşi araşdırmırlar ki, bu adam heç 24 saat yaşamadı. Fəridə Saidova bir adamı öldürdüyü halda, hələ də həmin xəstəxanada işləyir. Onu niyə uzaqlaşdırmırlar? İstintaq işinin də bu qədər uzanması və sakit formada bağlanması zənnimcə, səbəbsiz deyil. Bunlar elə bir don geyindirib, hər şeyi dünyasını dəyişənin üstünə atacaqlar. Müstəntiq işin bağlanması ilə bağlı bizə məlumat verməyib”.

Yasamal rayon prokurorunun köməkçisi Azad Əliyev Meydan TV-yə açıqlamasında V.Əliyevin iddialarını əsassız olduğunu bildirib:

“Üç dəfə ekspertiza keçirilib və hamısı da rədd olunub. Təkrar ekspertiza zamanı da eyni rəy verilib ki, həkimin günahı yoxdur. Həmin adam trombemboliyadan ölüb. Mən şikayətçiyə cavabı rəsmi olaraq poçtla göndərmişəm. Yazılı şəkildə də gəlib, götürə biləcəyini söyləmişəm”.

53 yaşlı Xəzanə Adil qızı Əliyeva M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin cərrah-endokrinoloqu Fəridə Saidova tərəfindən ötən ilin aprel ayının 27-də qalxanabənzər vəzidən (hipotireoidizm xəstəliyi-red) əməliyyat olunub. Xəstə növbəti gün səhər saatlarında vəfat edib. Əməliyyatı həyata keçirən həkim ölümə səbəb trombemboliya (ürək-damar və qan sistemi xəstəliyi-red) olduğunu deyib.(Meydan tv)

Sozcu.az