Amnistiya elan oluna bilər – AÇIQLAMA

Mart ayında məhkəmələrdə növbətçi hakimlər tərəfindən məhkumların işlərinə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bununla bərabər İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə məhbusların azadlığa buraxılması xahişi ilə Prezident Administrasiyasına müraciət edilib.

Dünya ölkələrində də pandemiya ilə bağlı amnistiya məsələsi daha çox gündəmdədir. Amnistiyanın daha artıq məhbusu əhatə etməsini nəzərə alınaraq, Azərbaycanda da bunun tətbiq olunması barədə fikirlər səsləndirilir.

Sozcu.az xəbər verir ki, Bu barədə Modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli xatırladıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva millət vəkili olarkən, bir neçə dəfə amnistiya təklifi irəli sürüb və reallaşıb. Deputatın sözlərinə görə, amnistiyalar hər dəfə təxminən 10 min nəfərə yaxın məhbusu əhatə edirdi:

“Bu şərti cəzalar idi və müəyyən kateqoriya məhbuslara aid edilirdi. Bundan əlavə Prezident İlham Əliyev də dəfələrlə əfv fərmanları imzalayıb. Əfv zamanı ilə hər dəfə yüzlərlə insan azadlığına qovuşub. İndi koronavirusa görə bir qrup məhbus azadlığa buraxıldı. Lakin yalnız məhkəmə qaydası ilə bu, təsdiq edildi. Ədliyyə Nazirliyinin təqdimatları əsasında məhkəmələr həmin şəxslərin cəzalarının şərti hissəsini götürdülər və ya yüngülləşdirdilər. Həqiqətən, respublika üzrə amnistiya elan etməyin mümkün olduğunu düşünürəm. Bu barədə ombudsman da, qanunvericilik təşəbbüsü olan digər strukturlar da təklif irəli sürə bilərlər”.

T.Kərimli hesab edir ki, amnistiya nəticəsində minlərlə məhbusun azadlığa çıxması cəmiyyət tərəfindən də çox müsbət qarşılana bilər:

“Amnistiya qərarı bir çox problemlərin, o cümlədən siyasi məsələlərin də həllinə kömək edə bilər. Açığını qeyd edim, bəzən görürük ki, daha ağır formada qeyri-cinayət törədənlər azadlıqdadır, amma cəmiyyət üçün nisbətən az təhlükəli şəxslər diqqətdən qaçıblar. Qadınlar, yeniyetmələr və s. insanlar var ki, azadlığa çıxması uyğun ola bilər. Amnistiyanı Milli Məclis qəbul edir və daha kütləvi insanları əhatə edir. Ona görə, biz deputatlar da bəzən aramızda bu barədə söhbətlər aparırıq. Hesab edirəm ki, amnistiya haqqında təklif irəli sürülə bilər”.

Facebook Comments