Alov güclü olarsa…

1990-cı il 20 yanvar- AZƏRBAYCAN XALQININ:

-ən ağır sınaqdan üz ağlığı ilə çıxdığı,
-qanlı sovet ordusuna qarşı yalın əllə çıxaraq müstəmləkə buxovlarını qırdığı,
-rus imperiyasının törətdiyi növbəti faciəni Qəhrəmanlıq tarixinə çevirdiyi,
-Sovetlər birliyinin dağılma prosesini geriyə dönməz mərhələyə çevirdiyi,
-dövlət müstəqilliyimizin bərpasının təməl daşını qoyduğu GÜN.
Bu qanlı gecədə hər yerdə olduğu kimi Bakının Qaradağ rayonu ərazisində minlərlə qaradağlı yollara çıxaraq yüzlərlə tank və digər zirehli hərbi texnikanın səhər açılana qədər şəhərə girişini əngəlləməklə bir çox faciənin qarşısını ala bildi.
19 yanvar gecəsi Hacıqabul və Kürdəmirdən çoxsaylı hərbi zirehli taxnika Bakı-Tiflis magistiralı ilə Bakı şəhərinə doğru hərəkətə başlamışdı.

Baş verən hadisələr Ələt, Duvannı (indiki Qobustan), Sanqaçal, Primorsk (indiki Sahil), Lökbatan, Müşfiqabad qəsəbə sakinlərinin kütləvi şəkildə Tiflis-Bakı, Şamaxı-Bakı yollarına toplaşmasına səbəb oldu. İnsanlar hiss edirdilər ki, Bakıya yönələn bu zirehli hərbi maşınlar kütləvi qırğınlar törədəcək. Bu səbəbdən hərbiçilərin şəhərə girişini əngəlləmək istəyirdilər.
Ən böyük qələbəlik Sahil qəsəbəsində idi. Sahil qəsəbə sakinlərinin əhəmiyyətli hissəsi qəsəbənin qərb qurtaracağında-Yol milsi postunun yaxınlığındakı körpü ətrafına toplaşmışdı. Hərbiçlərin zirehli texnikasının qarşısını almaq üçün “tompanaj”, “sement” daşıyan və digər ağır yük maşınları ilə körpü və körpüyə çıxan bütün yolları kəsilmişdi. Qəsəbə ərazisindəki müəssisələrin yol-nəqliyyat texnikaları körpü ətrafına gətirilmişdi. Müəssisə rəhbərləridə bu ümumxalq işinə qoşularaq mümkün köməyi göstərirdilər. Minlərlə adam növbə çəkirdi. Yol milis əməkdaşları Hacıqabul istiqamətindən Bakıya hərəkət edən zirehli hərbi texnikanın yol boyunca hərəkətləri ilə bağlı məlumat verirdilər. Başqa bir zirehli hərbi hissə Qızıldaş istiqamətindən körpüyə yaxınlaşırdı.

Azərbaycan Xalq Cəbhəsi Qaradağ rayon şöbə üzvləri əhali arasında hərbçilərlə qarşıdurmaya getməyin çox təhlükəli odğunu izah edir və zirehli texnika gələnə qədər əhalini yoldan uzaqlaşdırmağa çalışırdılar. Bütün bunlara baxmayaraq əhali AXC-nin yerli şöbəsinə gələrək qeydiyyata durur, rus ordusuna müqavimət göstərməyə hazır olduqlarını bildirirdilər. AXC üzvləri silahlı ordu ilə üz-üzə durmağın təhlükəsi il bağlı izahat işi aparsalarda nəticə vermirdi. Əhali Tiflis-Bakı magistıralına axışaraq rus ordusuna müqavimət göstərmək üçün yollar axtarırdılar. Təxribatçılarda ciddi fəaliyyət göstərirdilər. Benzin dolu butulkaları adamlara paylayıb tanklara müqavimət göstərməyə məcbur edənlərdə vardı. Əhali belə təxribatlara uymurdu.

19 yanvar artıq hadisələr pik nöqtəsinə çatmışdı. AXC Qaradağ rayon şöbəsi üzvləri magistral yolu keçən qəsəbələrdə toplaşan əhali arasında idi. Böyük təhlükə yaxınlaşırdı, bir anda geri durmaq olmazdı. Ələt, Qobustan, Sanqaçal, Sahil, Lökbatan, Müşfiqabad qəsəbələrində əhalinin əhəmiyyətli hissəsi Tiflis-Bakı, Şamaxı-Bakı yolunda dinc vasitələrlə rus ordusunun qarşısını almaq üçün növbə çəkirdilər.

AXC Qaradağ rayon şöbəsinin qərargahı Sahil qəsəbəsində yerləşdiyindən hadisələr əsasən Sahil qəsəbəsində cərəyan edir və oradan idarə olunurdu. Yerli hakimiyyət orqanları, müəssisə rəhbərliyi ya fəaliyyət göstərmir, və ya AXC Qaradağ rayon şöbəsi ilə əlaqəli fəaliyyət göstərirdilər. Yol polisi, bəzi dövlət müəssisələri birbaşa AXC Qaradağ rayon şöbəsinə zəruri məlumatları verirdilər.

Ələt qəsəbəsində hərbiçilərin bir yük maşınını (KAMAZ) gülləbaran etməsi və nəticədə bir nəfərin (Azad Allahverid oğlu Rzayev) şəhid olmasını Yol milisi anındaca xəbər verdi. Azadlıq radiosuda Bakıda başlanan qırğınla bağlı xəbərlər yayırdı. Bakıdan və Ələt qəsəbəsindən gələn ölüm xəbərləri insanları dahada radikallaşdırır, heç cür yoldan uzaqlaşmaq istəmirdilər.

Yaşlı adamların xatirirində olar, körpü yollarının inşasında istifadə edilən tökmə torpaqların kənarlarına o vaxtlar çoxsaylı yararsız təkərlər düzərdilər. AXC Qaradağ rayon şöbəsi üzvlərindən birinin: “Körpünün altına düzdüyümüz maşınları tanklar asanlıqla kənarlaşdıracaq. Yaxşı olar ki, maşınları buradan çıxardaq və körpülərin kənarındakı təkərləri körpünün altına dolduraq. Təkərlərin üzərinə neft tökək və tanklar yaxınlaşdıqda təkərləri yandıraq. Alov güclü olarsa tanklar alovun içərisinə girməz” təklifi kütlə tərəfindən müsbət qarşılandı və az bir müddətdə (birinci) körpünün altı yüzlərlə təkərlə doduruldu. Təkərlərin üzərinə yanacaq (benzin, salyarka) tökldü.

Bir müddətdən sonara Bakıya doğru hərəkət edən yüzlərlə zirehli hərbi texnika göründü. Hərbiçilər müyyən məsafəyə yaxınlaşdıqda təkərlər yandırıldı. Hərbi kalon dayanmaq məcburiyyətində qaldı. Biz insanları inandırdıq ki, burda dayanmaq mənasızdır, indi gedəyin qəsəbənin şərqindəki (ikinci) körpüdə uyğun işləri görəyin. Çünki, hərbiçələr burdan keçməyin yolunu tapa bilərlər.

Adamlar maşınlara dolaraq kütləvi şəkildə qəsəbənin şərqindəki körpüyə getdilər. Bu (ikinci) körpünüdə eyni qayda ilə işlənmiş təkərlərlə təhlükəsizləşdirdilər. Təkərləri yandırmaq üçün bir neçə adamı orda saxlamaq şərti ilə adamları dağılışıb evlərinə getmələrinə razı saldıq. Doğurdanda hərbiçilər şərqdəki körpüdə 1-2 saat gözlədikdən sonara qəsəbənin içərisinə keçən yolu tapmış və (biricni) körpünün altına girməyərək, həmin yolla qəsəbənin içərisindən keçərək yenidən magistrala çıxmışlar. Lakin ikinci körpüdən hava işıqlaşana qədər keçə bilməmişlər.

Rus hərbiçıləri gecə yarı Bakı şəhərinə şərqdən (Moskva prospekti (indiki Koroğlu metrosu)) və şimaldan (Tiflis prospekti, (indiki 20 yanvar metrosu)) daxil olaraq kütləvi qırğınlar törətdilər, lakin qərbdən (Bayıldan) səhərə qədər daxil ola bilmədilər. Nəticədə, Qaradağlıların fədakarlığı ilə həmin gecə Bayıl istiqamətində baş verəcək faciənin qarşısı önəmli şəkildə alındı.

Biz qəsəbəyə (AXC Qaradağ rayon şöbəsinin qərargahına) qayıtdıqda artıq hava işıqlanmışdı. Qəsəbəki Mədəniyət sarayının qarşısında çoxsaylı adamların toplandığını gördük. Əhali bütün gecəni yatmamış törədiləcək faciəni önləmək üçün mümkün olanı etmişdi. Adamlar çox narahat idilər və hətta Bakıya yürüşlə bağlı çağrışlar eşidilirdi. İnsanlara gecə baş verənlər haqqında məlumat verdik və inandırdıq ki, artıq Bakıda fövqaladə vəziyyət elan edilib, sovet ordusu şəhərə və bütün girişlərə nəzarət edir. Biz isə dinc yollarla mübarizəmizi davam etdirməliyik. Doğurdan da, sonrakı günləırdə AXC-nin mövqeyinə uyğun olaraq 40 gün rayon ərazisindəki müəssələrin əksəriyyəti işləmədi, qəsəbələrdə matəm çadırları quruldu və Yanvar şəhidlərinə yas tutuldu.

Qəhrəmanlıq tarixini yaradan Xalqımıza eşq olsun.

Bəybala Əbilov AXC Qaradağ rayon şöbəsi İdarə heyətinin üzvü
Yanvar 1990

Facebook Comments