Akif Nağı İrandan bir balaca incik düşüb

İranın qayaya dırmanma üzrə milli komandasının baş məşqçisi Mehdi Çandehkar Azərbaycanın işğal altındakı Şuşa şəhərin’ qanunsuz səfər edərək, şəhər ətrafındakı qayalarda iki dırmanma cığırı salıb.
İranlı idmançı açdığı qırmızı rəngli cığırı ““Artsax”ın sərhədi”, yaşıl rənglini isə “qələbə” adlandırıb. O, erməni gənclərə qayaya dırmanma üzrə dərs keçib, onlara dırmanmanın texnikalarını anladıb, qayaoyma işinin incəliklərini başa salıb.

Xatırladaq ki, 23 illik təcrübəyə malik M.Çandehkar qayaya dırmanma üzrə İran və dünya çempionudur.

Bununla bağlı cəmiyyətdən kəskin reaksiyalar olsa da, bir vaxtlar Qarabağla bağlı ən radikal bəyanatların müəllifi olan Qarabağ Azadlıq Təşkilatı (QAT) iranlı idmançının seperatçılara dəstək davranışına sadəcə incik tonlarla münasibət bildirərək, İran səfirliyinə bəyanat yox, sorğu göndərib.

Sozcu.az həmin sorğunu təqdim edir:

“Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İran vətəndaşı Mehdi Çandehkarın Şuşaya qanunsuz səfəri, orada Ermənistanın işğalçı siyasətinə uyğun hərəkətlər etməsi ilə bağlı İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadəyə müraciət göndərib.

Müraciətdə göstərilir:

Azərbaycanla İran arasındakı dost və qardaş münasibətlərə xələl gətirə biləcək hadisə ilə bağlı sizə müraciət edirik.

Mətbuatda gedən məlumatlara görə, İranın qayaya dırmanma üzrə milli komandasının baş məşqçisi Mehdi Çandehkar Azərbaycanın işğal altındakı Şuşa şəhərinə qanunsuz səfər edib, Şuşa yaxınlığındakı qayalara dırmaşaraq ermənilər üçün “Artsax həddi” və “Qələbə” deyilən turist cığırları açıb, ermənilərə məşqələ keçib və s. Sizdən bu məlumata aydınlıq gətirilməsini xahiş edirik. Əgər bu hadisə baş veribsə, həmin şəxs ermənilərin sifarişini yerinə yetirib, İranla Azərbaycan arasında rəsmi münasibətlərə zidd addım atıb. Ona görə də erməni siyasətinə xidmət edən bu şəxs dərhal cəzalandırılmalıdır. Müraciətimizə diqqətlə yanaşacağınıza inanırıq və əvvəlcədən təşəkkür edirik.