Akif Nağı QAT Tərtər şöbəsinin rəhbərlərinin həbsi ilə bağlı müraciət etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı QAT Tərtər şöbəsinin sədr müavini Ziya Mahmudovun həbs edilməsi və şöbənin sədri Babək Sadıqovun həbsinə cəhdlə bağlı Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.

Müraciətdə göstərilir:

Qarabağ Azadlıq Təşkilatı (QAT) Tərtər rayon şöbəsinin sədr müavini Ziya Mahmudov bu gün heç bir səbəb göstərilmədən yerli polis şöbəsi tərəfindən həbs olunub. Ziya Mahmudov dünən və bu gün vətəndaş borcunu yerinə yetirərək, “Dörd Yol” deyilən ərazidə Azərbaycan və Türkiyə bayraqlarının endirilməsi cəhdlərinə etiraz edib, bunun Azərbaycan dövlətinin maraqlarına, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirdiyini bildirib. Həmçinin rayonda səfərdə olan Prezident Administrasiyasının rəsmisi Zeynal Nağdəliyevlə görüşüb, rayonun problemlərini onun diqqətinə çatdırmağa cəhd edib. Onunla birlikdə Qarabağ Azadlıq Təşkilatının Tərtər şöbəsinin sədri Babək Sadıqov və digər QAT üzvləri də olub. Bildiyimizə görə, polis əməkdaşlarına Babək Sadıqovu da həbs etmək üçün göstəriş verilib. Babək Sadıqov Azərbaycan dövlətinə xidmət edən, vətənpərvər bir insandı. Ziya Mahmudov Qarabağ müharibəsində şəhid olmuş, Azərbaycan Bayrağı ordenli Mehrac Mahmudovun oğludur, həmişə Azərbaycan naminə çalışmış insandır. Onların fəal vətəndaş mövqeyi Tərtər rayon rəhbərliyini həmişə narahat edirdi, görünür indi onları bu cür cəzalandırmaqla intiqam almaq, onları bu yolla “zərərsizləşdirmək” istəyir.

Xahiş edirik ki, bu məsələni nəzarətə götürəsiniz, vətənpərvər, dövlətçiliyə sadiq, ictimai fəal vətəndaşlara qarşı haqsızlıq edilməsinə imkan verməyəsiniz.

Facebook Comments