Akif Nağı prezidentə təşəkkür etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı son əfv fərmanında 3 ömürlük məhbusun cəzasının yüngülləşdirilməsi ilə bağlı president İlham Əliyevə müraciət edərək, təşəkkür edib, bu humanist addımın digər ömürlük məhbuslara, o cümlədən Qarabağ döyüşçülərinə, vətənpərvər insanlara şamil olunmasını xahiş edib: Son əfv fərmanı ilə 400-dən artıq məhbusun əfv olunmasını cəmiyyətdə münasibətlərin sağlamlaşdırılması, iqtidar-müxalifət münasibətlərinin normal məcraya yönəldilməsi, məhbusların özlərinə və ailələrinə qarşı humanist addım, haqq-ədalətin gücləndirilməsi ilə xalqın işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə hazırlanması baxımından müsbət hadisə kimi dəyərləndiririk və davamlı olmasını arzu edirik.

Xüsusi olaraq vurğulayırıq ki, əfv olunanların içərisində hüquqlarını müdafiə etdiyimiz 3 nəfər ömürlük məhbus da yer alıb. Onlardan 1995-ci ildə həbs olunmuş Yadigar Baxşəliyevin cəzası 25 il, Daşqın Quliyev və Kamil Sədrəddinovun cəzaları isə 20 illik müddətli həbs cəzası ilə əvəz olunub. Bu, ömürlük məhbuslara münasibətdə yeni bir mərhələnin başlanğıcıdır. Buna görə Sizə təşəkkür edir, davamlı olacağına ümid edirik. İnanırıq ki, növbəti əfv fərmanlarında 22 ildi həbsdə olan Qarabağ döyüşçüləri Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov, 16 ildi həbsdə olan “Qarabağ partizanı” Məmməd Məmmədov, 27 ildi həbsdə olan Əli Quliyev, 23 ildi həbsdə olan Şakir Rzaxanov, Hüseynağa Balayev, həmçinin Səbuhi Məmmədəliyev, Yaşar Pənahpur, İntiqam Qayıbov, Əmir Muradov, Murov Şərifov, Namiq Vəliyev, Natiq Mirzəyev, Azər Əsədov, Yaşar Şahmuradov, Elnur Qəhrəmanov, Nizami Ələsgərov, Afət Heydərzadə, Fuad Orucov, Zaur Həziyev və digərləri ilə bağlı da humanist addım atacaqsınız. Bu məhbusların əksəriyyəti 1998-ci ildə güllələnmə cəzasından qanunsuz olaraq ömürlük cəzaya keçiriliblər. Xahiş edirik ki, bu məsələdə haqq-ədalətin bərpa olunmasına təşəbbüs edəsiniz.

Sizi və ailənizi Novruz bayramı münasibəti ilə təbrik edir, müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən təşəkkür edirik.