Akif Nağı: “Cəbhə bölgəsində “Yalnız irəli!” tələbi hökm sürür”

QAT sədri Akif Nağı cəbhə bölgəsinə səfərdə olub. Səfərdə həmçinin QAT Ali Məclisinin sədri Barat İmani, QAT sədrinin müavini, QAT-ın Cəbhə qərargahının rəhbəri Hacı Fərman Məmmədov, QAT-ın zona üzrə koordinatoru, QAT Ali Məclisinin üzvü Kəmalə Əliyeva, QAT fəalı Həsən Məmmədov, QAT üzvləri, tanınmış sənətçilər Şirzad Pirallahi, Amil İsgəndərov iştirak ediblər. QAT heyəti Qarabağ qazisi Rəhim Mahmudovun rəhbərliyi ilə Bakının Savbunçu rayonundan gəlmiş bir qrup vətənpərvər gənclə birlikdə cəbhənin Füzuli-Cəbrayıl istiqamətində əsgər və zabitlərlə görüşüb, söhbətlər aparıb, AMEA Kataliz və Qeyri-üzvü kimya institutunun professoru İxtiyar Bəxtiyarlının və digər əməkdaşların, həmçinin Sabunçu qazilərinin topladığı sovqatları təqdim ediblər, sonra yerli əhali ilə müxtəlif yerlərdə söhbətlər edib, vətənpərvərlik ruhunda çıxışlar ediblər. QAT heyəti Füzuli rayonunun Mahmudlu kəndində Şəhid Elsəfa Əliyevin dəfn mərasimində iştirak ediblər, rayonun icra başçısı Alı Qocayevlə yanaşı QAT heyətinin üzvləri Akif Nağı, Hacı Fərman Məmmədov, Şirzad Pirallahi də dəfn mərasimində çıxış edib, Şəhidin uca məqamı, Vətəni qorumağın vacibliyi, düşmən üzərində tam qələbəyə inamı ifadə edib, Şəhidimizə Allahdan rəhmət diləyiblər. Ertəsi gün QAT heyəti Ağdam, Bərdə, Tərtər istiqamətində vəziyyətlə tanış olub, QAT-ın Bərdə, Ağdam, Tərtər şöbələriin rəhbərləri Gəray Əsədov, Rəhim Məmmədov, Ziya Mahmudov şəraitlə bağlı məlumat veriblər. Akif Nağı və digər heyət üzvləri QAT Gəncə şöbəsinin sədri Mətləb Təhmazi və digər fəallarla birlikdə erməni faşistlərinin raketlə vurduqları ərazidə olub, camaatla görüşüb, həlak olanların yas mərasimində iştirak ediblər.

QAT sədri Akif Nağı bildirib: “ Hər yerdə əsgərlərimiz, dinc əhalimiz, hamı yalnız bir şeyi deyir ki, hər çətinliyə, hətta açlığa da dözər, su-çörəklə dolanarıq, amma bir tələbimiz var ki, Rusiyanın təşəbbüsü ilə imzalanan atəşkəs ləğv və rədd edilsin, hərbi əməliyyatlar davam etdirilsin”.

Facebook Comments