Ailədaxili şiddət bəlası: Qurumlar bu məsələyə biganə yanaşır?

Ailədaxili şiddət günümüzün ən böyük problemlərindən biri olaraq qalmaqda davam edir. Bəzi qurumlar isə bu məsələyə biganə yanaşırlar. Sosial şəbəkələrdə vaxtaşırı olaraq ailə üzvləri tərəfindən şiddətə məruz qalanlar və ya onların tanışlarının paylaşımlarını görürük. Onlar məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etsələr də, “biz ailə məsələlərinə qarışmırıq” şəklində cavab aldıqlarını iddia edirlər.
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən Vəkillər Kollegiyasının keçmiş üzvü Aqil Layıc ailədaxili məişət zorakılığı ilə bağlı Mülki Prosessual Məcəllə olduğunu və yeni institut yarandığını bildirib:

“Polislər hüquq mühafizə orqanıdır. Onlar zorakılıq, şikayət, döyülmə hallarında faktiki tədbirlər görməlidirlər. Polisin funksiyalarından biri də ailə münaqişəsi zəminində baş verə biləcək halların qarşısını almaq üçün vaxtında profilaktik, tərbivəvi tədbirlərin görülməsidir. Əlavə olaraq, mühafizə orderi deyilən bir şey var. Bunun üçün məhkəməyə müraciət edilir. Mühafizə orderi qısa və uzun müddət üçün verilə bilir. O polisə təqdim olunur və polis də şiddət tətbiq edən şəxsi daimi nəzarətdə saxlayır. Burada məşvərət, profilaktik tədbirlər, tərbiyəvi xarakterli danışıqlar ola bilər. Bu tip mexanizmlər mövcud olsa da, indiyə qədər həmin mexanizmlərdən istifadə qaydasına dair bir dənə də olsun nümunə görməmişəm. Amma istənilən halda vətəndaş müraciət edirsə, polis ən azından şəxsləri çağırıb müəyyən qədər söhbətlər aparmağa borcludur”.

Aqil Layıc belə hallarda 102 xidmətinə müraciət etməyin daha effektli olacağını bildirib:

“Bu zaman avtomatik olaraq həmin müraciət qeydiyyata alınır. Həmin polis də yuxarı inzibati orqana həmin müraciətin araşdırılmasına dair raportla çıxış edir. Bu xidmət ona görə effektlidir ki, 102 xidməti nə gələn şikayətlərin araşdırılması və onlıara nəzarət edilməsi birbaşa yuxarı orqanlar tərəfindən həyata keçirilir”.

O düşünür ki, bu məsələ ilə bağlı digər qurumlar da ciddi fəaliyyət göstərməlidirlər:

“Məişət zorakılığı dünyanın hər yerində var. Bununla bağlı hazırkı qanunvericilik bazası və praktika məncə, problemin qarşısının alınması üçün yetərli deyil. Bu işi tək polislər görməməlidir. Bu işə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də nəzarət etməlidir. Şəxsən mən rast gəlməmişəm ki, onlar hansısa qadını mühafizə eləsin, pozulmuş hüquqların bərpasına nail olmaq üçün hüquq mühafizə orqanlarına müraciət eləsin, sığınacaq versin, yaxud uşaqların haqlarını qorusun. Hər şeyi polisin üzərinə atmaqla məsələ çözülən deyil”.

Sozcu.az