Aİ ilə yeni saziş ölkəmizə nə vəd edir? – Ekspert

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişinin gələn ay imzalanması gözlənilir. Aprelin 4-də Brüsseldə tərəflər arasında keçirilən müzakirələrdən sonra Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Moqerini yekun mərhələdə olan danışıqların tezliklə başa çatacağını vurğulayıblar. Tərəfdaşlıq sazişinin bir çox mühüm sahələri əhatə edəcəyi bildirilir.

Bəs, sözügedən saziş Azərbaycana hansı iqtisadi dividentləri vəd edir?

İqtisadçı ekspert Pərviz Heydərov mövzu ilə bağlı Axar.az-a açıqlamasında Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişinin istər siyasi, istərsə də iqtisadi müstəvidə böyük əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, Avropa ölkələri ilə siyasi müstəvidə əlaqələrin inkişafı regionda Azərbaycanın nüfuz və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması deməkdir:

“Bildiyiniz kimi Azərbaycan Cənub Qaz Dəhlizi kimi böyük bir layihəni həyata keçirir və ötən ilin avqustundan Türkiyəyə qaz ixrac edir. Layihənin sonuncu seqmenti sayılan Trans-Adriatik boru kəməri (TAP) üzrə görülən işlər də artıq başa çatmaq üzrədir. Belə ki, gələn ilin əvvəlindən etibarən Azərbaycan Avropa ölkələrinə qaz ixrac etməyə başlayacaq. Gələcəkdə Orta Asiya ölkələrinin də layihədən tranzit məqsədilə istifadə etməsi perspektivi mövcuddur. Bu fonda Avropa İttifaqı ilə iqtisadi əlaqələrin genişlənməsi Azərbaycanda qeyri-neft sektorunun gələcək inkişafı baxımından böyük perspektivlər vəd edir”.

İqtisadçı bildirib ki, Azərbaycan tərəfdaşlıq sazişi ilə əslində Avropa İttifaqına yeni imkanlar təqdim edir:

“Bu mənada imzalanacaq saziş iqtisadi cəhətdən ittifaq ölkələrinə böyük bir töhfədir. Baxın, Azərbaycan regionda nəqliyyat dəhliz rolunu oynayır. Ələt beynəlxalq dəniz limanının qarşıda yeni bir mərhələsinin açılması gözlənilir. Ölkədə bu istiqamətdə böyük işlər görülüb, tələb olunan səviyyədə infrasturuktur yaradılıb. Yəni böyük tarixi ipək yolunun Azərbaycan üzərindən keçməsi nəinki Avropa İttifaqı, eləcə də hər bir Avropa ölkəsi üçün böyük əhəmiyyət kəsb edir. Çünki Avropa İttifaqının Asiya, xüsusən də dünya iqtisadiyyatının fabriki sayılan Çinlə əlaqələri bilavasitə Rusiya və Yaxın Şərq üzərindən aparılır.

Yaxın Şərq isə Avropa İttifaqı üçün həm siyasi, həm də digər nöqteyi-nəzərdən əlverişsiz regiondur. Bu mənada Avropa İttifaqı Azərbaycan vasitəsilə Şərqi Asiyaya Rusiya və Yaxın Şərqdən kənar, alternativ bir inkişaf çıxış yolu əldə edir. Bir sözlə, Azərbaycanın regionda oynadığı rolu nəzərə alsaq, saziş birmənalı şəkildə Aİ və Azərbaycan arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafında mühüm rol oynayacaq”.

Sozcu.az