Ağsu rayonunda Səməndər Rzayevin 75 illiyi qeyd olunub

Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi, mədəniyyət mərkəzinin və mərkəzi kitabxananın təşkilatçılığı ilə Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illiyi qeyd olunub. Mərkəzi kitabxananın oxu zalında keçirilən tədbirdə ziyalılar, sənətkarın yaxın dostları, onun sənətini sevənlər iştirak ediblər.

1945-ci il yanvarın 2-də Ağsu şəhərində dünyaya göz açan sənətkar 1964-1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Çıxış edənlər Səməndər Rzayevin “Evləri köndələn yar”, “Yollar görüşəndə”, “Sarıköynəklə Valehin nağılı” və digər televiziya tamaşalarında, “Babək”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” filmlərində yaratdığı maraqlı obrazlar barədə danışıblar. 1986-cı il martın 27-də həyatının çiçəklənən dövründə dünyasını dəyişən Səməndər Rzayevin xidmətləri layiqincə dəyərləndirilib.

Tədbirdə sənətkarın uşaqlıq dostları, məktəb yoldaşları Seyfəddin Abdullayev, Nurulla Nuriyev, Cəmaləddin Zeynalov, Maarif Şikar uzaq illərin xatirələrini bölüşüblər.
Günel Şıxəliyevanın ifasında ağsulu yazar Sərvər Şahbəylinin “Üzün gülsün, ay Səməndər, haradasan” şeiri böyük maraqla dinlənilib. Sonda Səməndər Rzayevin yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.

“Azərtac”

Facebook Comments